Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycana qaytarılmasındakı sirr

ABŞ sadəcə son zamanlarda Azərbaycanı tərəfinə çəkmək üçün onun xüsusi həssaslıqla yanaşdığı məsələni gündəmə gətirir

ABŞ-ın Ermənistandakı səfiri Con Heffern bildirdi ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üçün birinci növbədə ətraf rayonlar Azərbaycana qaytarılmalıdır. Heffernin sözlərinə görə, Dağlıq Qarabağ ətrafı rayonların Azərbaycana qaytarılması münaqişənin həlli istiqamətində təqdim edilən 6 prinsipdən biridir: "Laçın dəhlizi istisna olmaqla Qarabağ ətrafı rayonlar Azərbaycana qaytarılmalıdır". Səfir xüsusi olaraq vurğuladı ki, ətraf rayonlar Azərbaycana qaytarıldıqdan sonra ermənilərin təhlükəsizliyini təmin etmək üçün bölgəyə beynəlxalq sülhməramlılar yerləşdiriləcək. Heffernin son fikirləri 6 rayonun Azərbaycana dəqiq olaraq qaytarılacağına işarə kimi başa düşülə bilər. Lakin bu o qədər də məntiqli deyil. Ona görə ki, əgər Con Heffern ya ölkəsi ABŞ-ın, ya da ATƏT-in Minsk Qrupunun adından danışırsa, o bilməlidi ki, həmin tərəflər Dağlıq Qarabağ problemində həlledici qüvvələr deyil. Bu ən azından indiki məqamda belədir. Çünki Rusiya Ukraynada işğal siyasətini asanlıqla həyata keçirməklə ABŞ qarşısında üstünlük əldə edib. Digər tərəfdən Şərqi Ukraynada Moskvanın siyasi iradəsinə tabe olan seperatçılar var. Heffernin 6 rayonun Azərbaycana qaytarılmasından sonra ermənilərin təhlükəsizliyinin təmin edilməsi üçün bölgəyə beynəlxalq sülhməramlıların yeridilməsilə bağlı fikirlərində diqqətçəkən məqam var. Amerikalı diplomat təkcə "ermənilərin təhlükəsizliyi" birləşməsini vurğuladı. Bu Azərbaycanı təhqirdir. Heffern bununla Dağlıq Qarabağ münaqişəsində əsas məsuliyyət daşıyan tərəf kimi Azərbaycanı göstərir. ABŞ-ın özünə də sirr deyil ki, problemin ortaya çıxmasında əsas təqsirkar tərəf Rusiya və Ermənistandır. Erməniləri vaxtilə Dağlıq Qarabağda yerləşdirən rus çarı I Pyotr, Dağlıq Qarabağın işğalını həyata keçirən Rusiyanın keçmiş və ölmüş prezidenti Boris Yeltsindir. ABŞ bunları bilir. Tarixə istinad etmək Amerikaya o qədər sərf etmir. Heç bu barədə maraqlanmır da. ABŞ sadəcə son zamanlarda Azərbaycanı tərəfinə çəkmək üçün onun xüsusi həssaslıqla yanaşdığı məsələni gündəmə gətirir. Münaqişənin həllində aktiv mövqe nümayiş etdirdiyini göstərmək istəyir. Yəni ki, ABŞ-ın dövlət maraqları Azərbaycanı nəyi maraqlandırmasından daha vacibdir.

ABŞ diplomatiyasında Məsihilik və ermənilər

Əgər münaqişənin həlli Rusiyanın yox, ABŞ-ın ixtiyarında olsaydı, o işğal edilmiş ərazilərin bir qarışını belə Azərbaycana qaytarmazdı, nəinki Heffernin dediyi 6 rayonu bizə geri verərdi. ABŞ Xristian ölkələrində yeganə dövlətdir ki, Məsihilik xarici və daxili dövlət diplomatiyasında geniş istifadə olunur. Gülünc görünsə də Xristian təəssübkeşliyi məsələdə mühüm rol oynayır. Vaxtilə Rusiyanın 366-cı motoatıcı alayı Xocalıda soyqırım həyata keçirəndə, həmin amerikalıların Roma papası "müqəddəs vəzifə"nin icrasında rus və erməni əsgərlərinə xeyir-dua vermişdi. Başqa sözlə, Conn Heffernin və onun prezidenti Barak Obamanın münaqişənin həllinə dair açıqlamaları, fəaliyyətləri məntiqli deyil. Siyasi tərəfdən baxdıqda isə ABŞ-ın məsələdə nəticə əldə edəcəyi mümkün deyil. Ən azından ona görə ki, dünyanın bölüşüdürlməsi siyasətində həmişə Rusiya ABŞ-ın iradəsinin əleyhinə gedib, həmçinin birinci ikinicin. Bu Dağlıq Qarabağ məsələsində də belədir. Dağlıq Qarabağ Rusiya üçün Azərbaycana giriş açarıdır. Moskva Avrasiya İttifaqını genişləndirməyə çalışdığı həssas dönəmdə heç vaxt münaqişənin həllini ABŞ-a güzəştə getməz. Cənubi Qafqazın, xüsusilə Azərbaycanın strateji mövqeyi və sahib olduğu enerji qaynaqları ABŞ qədər Rusiya üçün də vacibdir. Əgər Moskva Dağlıq Qarabağ məsələsini ABŞ-a versə, bu Gürcüstan və Ermənistanın itirilməsi, əsas müttəfiqi İranın təhlükə altına girməsi deməkdir. NATO üzvü olan Türkiyənin də proseslərə cəlb edilməsi Rusiya üçün ölüm deməkdir. Bununla Orta Asiyanın ABŞ-ın nəzarəti altına keçməsi daha asan olacaq. Rusiya isə bunu başa düşür və Amerikaya güzəşt etmir. Heç amerikalı rəsmilərin Dağlıq Qarabağa dair fikirləri nəinki Rusiyanın hökumət dairələrində, heç mediasında müzakirə mövuzunsa çevrilmir. Çünki açar Kremlin əlindədir. Bunu dünyada A-dan Z-yə, 7-dən 77-yə kimi hamı bilir. Obama da bilir. Olland, Kameron və Netanyahu da bilirlər.    

Məntiqsiz Heffern və Putinin açarı

Bəs Rusiya Dağlıq Qarabağ, bu da olmasa, ətrafındakı rayonların Azərbaycana qaytarılmasına razıdır? İndiki məqamda bunun cavabı "yox"dur. Hələki Azərbaycanı Qərblə iqtisadi, siyasi və enerji əlaqələrdən imtina etdirmək və burada hərbi varlığını təmin etmək Rusiyaya nəsib olmayıb. Buna qarşılıq olaraq Rusiya Dağlıq Qarabağı yox, ətraf rayonları Azərbaycana verməyə razıdır. Azərbaycan Avrasiya İttifaqına qoşulacağı təqdirdə Rusiya bunu edə bilər. Lakin Dağlıq Qarabağ məsələsi havada qalacaq. Tarixə nəzər salaq. Məsələn, 1920-ci ildə Azərbaycan Xalq Cumhuriyyətini devirib SSRİ-nin tərkibinə daxil edən kimi Moskva Zəngəzur və Göyçəni ermənilərə verdi. Moskvanın məntiqinə görə, "SSRİ bayrağı altında olan Azərbaycan və Ermənistan "eyni dövlət"dir və yəqin ki, azərbaycanlılar da ermənilərlə torpaq söhbəti etməyəcklər". SSRİ rəhbərliyinin prosesləri qabaqlayaraq gördükləri bir məqam da vardı: Sovet İttifaqının gələcəyi yoxdur. SSRİ dağılcağı təqdirdə Göyçə və Zəngəzur ermənilərə qalacaqdı. Belə də oldu. Bu gün Putin də Lenin məntiqindən çıxış edərək ətraf rayonların qaytarılması qarşılığında Azərbaycanı SSRİ-nin yeni modeli kimi təqdim edilən Avrasiya İttifaqında görməyə ümid edir. Məqsəd isə həmin rayonlar qarşılığında Azərbaycanı tərəfinə çəkmək Dağlıq Qarabağ məsələsini vakuumda saxlamaqdır. Təbii ki, Lenin məntiqilə Putin də Göyçə və Zəngəzur kimi Dağlıq Qarabağı da ermənilərə verəcək. Yəqin ki, bundan sonra ermənilərdən Dağlıq Qarabağ geri istəyən azərbaycanlılara qarşı Putinin cavabı elə Lenin kimi olacaq: "Eyni dövlətik, bu torpaq hamımızındır". Və Putinin siyasi iradəsinə qarşı çıxmaq çətin olacaq. Azərbaycan isə Moskvanın tələblərinin nəyə hesablandığını bilir və dövlətin təhlükəsizliyi üçün Ermənistanla eyni bloklaşmada iştiraka getmir. Ümumilikdə isə Azərbaycanın indiki məqamda yürütdüyü xarici siyasət Ukraynadan fərqli olaraq daha məntiqlidir. Avrasiya İttifaqına üzv olmaqla Ukrayna Rusiyanı daha aqressivləşdirdi. Dövlət Qərb və Rusiya arasında sıxışmış vəziyyətdədir, parçalanmaq təhlükəsi var. Azərbaycan isə Ukraynada fərqli olaraq nə Avrasiya iqtisadi Birliyi, nə də ki, Avropa İttifaqına üzv olmaqda tələsmir. Bitərflik ən azından Azərbaycanın təhlükəsizliyi üçün vacib məsələdir. Nəticə etibarilə, Heffern məntiqsizdir, açar Putindədir.


Mənsur Rəğbətoğlu
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00