Səbrin də bir hüdudu var

Elman Nəsirli: “Beynəlxalq qurumlar bu reallığı gərək düzgün qiymətləndirsinlər”

Dağlıq Qarabağ probleminin həlli istiqamətində ATƏT-in Minsk Qrupu həmsədrlərinin son vaxtlar nümayiş etdirdiyi passiv mövqe Azərbaycan tərəfində haqlı narazılıq yaradıb. Cəmiyyətin bütün təbəqələri tərəfindən ortaya qoyulan bu narazılıq elə vasitəçilərin diqqətinə də çatdırılıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Avropa Şurası Parlament Assambleyasının son toplantısında çıxışı və həmsədrlərə ünvanlanan  iradlar, bundan bir qədər sonra dövlət başçısının Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının 96-cı ildönümü ərəfəsində keçirilən hərbi təlimlər zamanı söylədiyi fikirlər fonunda bunu aydın görmək mümklündür. Bəs görəsən bütün bunlardan ATƏT-in Minsk Qrupu və ona həmsədrlik edən ölkələr nəticə çıxaracaqmı? Bundan sonra vasitəçilər problemin həlli istiqamətində nə dərəcədə fəallıq nümayiş etdirəcəklər? Ümumiyyətlə, vasitəçilər bundan necə nəticə çıxaracaqlar? Yeni Azərbaycan Partiyası beynəlxalq məsələlər üzrə komissiyasının katibi, politoloq Elman Nəsirli deyir ki, bu gün beynəlxalq birliyin üzvləri, o cümlədən ATƏT-in Minsk Qrupu yalnız Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münsqişəsinin hərbi fazaya keçməməsinə ciddi-cəhdlə çalışır: "Cənab prezident də Avropa Şurası Parlament Assambleyasında çıxışı zamanı və çıxışdan sonrakı sual-cavab prosesində qeyd etdi ki, ATƏT-in Minsk Qrupu yalnız  münaqişənin müharibə mərhələsinə keçməməsinin qarşısını almaqla məşğuldur. Onların əsas missiyası sanki bundan ibarətdir. Yəni Minsk Qrupu münaqişənin həlli yox, onun müharibəyə çevrilməsinin qarşısını almaq üçün daha çox baş sındırır. Ona görə də hesab edirəm ki, beynəlxalq birlik bu proseslərin fərqindədir və hadisələri diqqətlə izləyir". Ekspert qeyd edir ki, hadisələrin bu cür gedişatı, Ermənistanın status-kvo vəziyyətini maksimum uzatmaq praktikası, Azərbaycanın isə bu məsələdəki məlum mövqeyi, rəsmi Bakının bir müddət əvvəl keçirdiyi hərbi təlimlər beynəlxalq güclər, xüsusilə ATƏT-in Minsk Qrupu üçün bir siqnal olmalıdır: "Çünki onların istədiyi ssenari bu halda baş tutmaya bilər. Yəni onlar ciddi-cəhdlə çalışırlar ki, yalnız sülh prosesi olsun. Lakin sülh prosesini Ermənistan yerinə yetirmir, ona heç bir dəstək vermir. İşğalçı ölkə yalnız süni şəkildə danışıqlara gedərək uzunmüddətli danışıqlar praktikasını tətbiq edir. Burada Ermənistanın məqsədi odur ki, müddətsiz danışıqlar praktikasını tətbiq etməklə vaxtı udsun, maksimum dərəcədə bu vəziyyətdən faydalansın. Ancaq Azərbaycan tərəfi bunun çox gözəl fərqindədir və ölkəmizin mövqeyi ondan ibarətdir ki, danışıqlara sadiq olsaq da, danışıqlara danışıqlar naminə getmək niyyətimiz yoxdur". Elman Nəsirovun sözlərinə görə, son hadisələr bir daha təsdiq edir ki, bu məsələdə Azərbaycanın nümayiş etdirdiyi səbrin də bir hüdudu var və beynəlxalq qurumlar bu reallığı gərək düzgün qiymətləndirsinlər: "Hesab edirəm ki, onlar bu situasiyanı izləyir, analiz edirlər. Gərək bundan müəyyən nəticələr də çıxarsınlar. Əks halda baş verə biləcək bütün hadisələrə görə məsuliyyət məhz onların, ilk növbədə Ermənistanın, bu prosesdə vasitəçi missiyasını həyata keçirən ATƏT-in Minsk Qrupunun, bütövlükdə dünyanın böyük güclərinin üzərinə düşəcək ki, onlar Ermənistanın məlum praktikasına qarşı adekvat cavab vermədilər. Onlar bu günə qədər bu praktikanı tənqid edən, Ermənistanı həmin praktikadan imtina etməyə məcbur edən heç bir addım atmayıblar. Hesab edirəm ki, onların analizləri bu istiqamətdə getsə daha düzgün olar". "Vətən" Siyasi Blokunun icra katibi Mayis Güləliyev isə bildirib ki, beynəlxalq birliyin, ATƏT-in Minks Qrupunun Dağlıq Qarabağ problemi ilə bağlı fəaliyyətlərinin mahiyyətində problemin həlli qətiyyən yoxdur: "Odur ki, "həll" məsələsində hər hansı aktivliyi gözləmək ən azı sadəlövhlükdür. Amma problemi nəzarətdə saxlamaq nöqteyi-nəzərindən onlar çox aktivdirlər". Mayis Güləliyevin sözlərinə görə, dDoğrudan da vasitəçilər ciddi bacarıq və qabiliyyətlə problemi tam nəzarətdə saxlayıblar: "Odur ki, yaxın 10 ildə bu problemin nə Azərbaycanın, nə də Ermənistanın xeyrinə həlli mümkün deyil. Dağlıq Qarabağ problemi beynəlxalq güclərin maraqlarına uyğun olaraq dondurulub və ATƏT bunu aktiv şəkildə nəzarətdə saxlayır"

Süleyman İsmayılbəyli
.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00