Müdafiə Nazirliyinin cəbhə bölgəsində ardıcıl təlimləri vacibdir
Üzeyir Cəfərov: “Müharibə şəraitində olan dövlətin belə tip təlimlərə böyük ehtiyac var”
9 İyul 2014 15:24 SiyasətPrezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə keçirilən birgə əməliyyat-taktiki təlimlərin davamı olaraq iyulun 7-dən Müdafiə Nazirliyinin hərbi hissə və birləşmələrinin cəbhə bölgəsində irimiqyaslı təlimləri keçirilir. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, təlimlərin yeni mərhələsində birlik, birləşmə və hərbi hissələrin döyüş hazırlığı, qoşunların yürüş qabiliyyəti, döyüş tətbiqi imkanları, həmçinin şəraitə və qabaqcadan hazırlanmamış əraziyə uyğun olaraq döyüş elementlərinin qarşılıqlı əlaqələndirilməsi məsələlərinin öyrənilməsi və praktiki istifadəsi yerinə yetirilir. Müdafiə naziri general-polkovnik Zakir Həsənovun bilavasitə rəhbərliyi ilə keçirilən təlimlərə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub. Təlimlərdə zirehli texnikalardan, artilleriya qurğularından, zenit-raket komplekslərindən, müxtəlif çaplı silahlardan, təyyarə və helikopterlərdən praktiki döyüş atışları icra edilir. Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə çağırılıb, onların hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilib, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilib, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi və çatışmayan heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirilib. Eyni zamanda, təlimlərə ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilir. Təlimlərə iyulun 10-da Bakı şəhərində təlim rəhbərliyinin və komandanlıq heyətinin ümumi toplantısı ilə yekun vurulacaq. Bu təlimlərin davamlı olmağı Azərbaycan hərbçilərinin hazırlıqlı vəziyyətə gətirilməsinə və səfərbərliyə səbəb ola bilərmi? Təlimlərə 3 min nəfərdən artıq ehtiyatda olan təcrübəli hərbçilərin cəlb edilməsi yaxın vaxtlarda Azərbaycan Ordusunun torpaqlarımızı azad etməyə başlayacağına işarədən xəbər verirmi?
Bu və ya digər suallarla bağlı məsələyə münasibət bildirən ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov bildirir ki, bu cür təlimlərin keçirilməsi vacib və təqdirəlayiqdir. Ekspert qeyd edir ki, bu cür təlimləri keçirməyə Azərbaycan Silahlı Qüvvələrinin kifayət qədər imkanları var: "Bu təlimlərin bir sıra özəllikləri var ki, onlar ilk dəfədir ki, tətbiq olunur. İlk dəfədir ki, belə tipli təlimlərdə 10.000 nəfərdən artıq şəxsi heyət, 300-dən çox zirehli texnika, raket-artilleriya qoşunlarının 100-dən çox qurğusu, 20-dək aviasiya və 15-dən çox hava hücumundan müdafiə sistemləri cəlb olunub. Bundan əvvəl belə təlim yalnız Naxçıvan Əlahiddə Ümumqoşun Ordusunda keçirilmişdi. Bu təlimlərdə ilk dəfə olaraq Müdafiə Nazirliyinin sifarişinə uyğun olaraq Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə və şöbələri tərəfindən 3000 nəfərdən artıq ehtiyatda olan hərbi vəzifəli təlimlərə cəlb edilib. Məqsəd, onların hərbi uçot məsələləri ilə bağlı tədbirlər təşkil edilib, səfərbərlik hazırlığı və səfərbərlik üzrə çağırış dövrü üçün planlar dəqiqləşdirilib, yaradılması nəzərdə tutulan yeni hərbi hissələrin şəxsi heyətlə komplektləşdirilməsi və çatışmayan heyətlə tam komplektləşdirilməsi qarşılıqlı şəkildə və yüksək səviyyədə həyata keçirmək olub. Bu, Silahlı Qüvvələr tarixində ilk belə təcrübədir. Əslində bu iş çoxdan həyata keçirilməli idi. Çünki, müharibə şəraitində olan dövlətin belə tip təlimlərinə böyük ehtiyac var. Ehtiyatdan cəlb edilmiş hərbi vəzifəlilərlə döyüş hazırlığı, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının səviyyəsinin yüksəldilməsi, silah və hərbi texnikadan istifadə qaydaları mövzusunda təlim-məşqlər keçirilir. Bunun özü çox vacib hərbi elementlərdən biridir. Verilən məlumatlara əsasən belə təlimlərin bundan sonra da keçirilməsi və daha geniş ixtisas üzrə ehtiyatda olanların təlimlərə çağırılması planlaşdırılır".
Samir Əli