“Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyişlər var”
Razi Nurullayev: “Con Heffern Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağının mümkünlüyünə işarə vurdu”
9 İyul 2014 13:41 Siyasət"Ermənistan-Azərbaycan münasibətləri gərginlikdə qaldıqca, Türkiyənin bu ölkəyə sərhədlərini açması mümkün deyil" - erməni mətbuatında avqust ayında Ermənistan-Türkiyə sərhədlərinin açılacağı ilə bağlı yayılan məlumatlara münasibət bildirən "Region" Beynəlxalq Analitik Mərkəzinin direktoru Razi Nurullayev belə deyib. R.Nurullayev qeyd edib ki, Azərbaycan-Ermənistan danışıqlarında da müəyyən irəliləyişlərin olması da mümkündür: "Çünki ABŞ-ın Ermənistandakı səfiri Con Heffern Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılacağının mümkünlüyünə işarə vurdu. Bu baş verə bilər. Azərbaycan və Ermənistan prezidentləri arasında da yaxın zamanlarda görüş planlaşdırılır. Bu amil də münaqişənin həllində müəyyən irəliləyişlərin olduğunu bildirir. ABŞ da problemin həllində öz səylərini artırıb. Danışıqlarda nəticələr əldə olunsa, bu fonda Ermənistan-Türkiyə sərhədləri açıla bilər. Əgər Ermənistan ilkin mərhələdə Dağlıq Qarabağ ətrafındakı rayonların Azərbaycana qaytarılmasına razı olursa, bu halda Azərbaycan Ermənistanla sərhədlərin açılmasına görə, Türkiyəyə etiraz etməyəcək". ("OLAYLAR" İA)