“Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməkdir”

İlham Əliyev: Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaq”

Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biri də qonşu ölkələrlə normal münasibətin təmin edilməsidir. Regionda hərbi və iqtisadi baxımdan lider olmasına baxmayaraq, Azərbaycan qonşu dövlətlərlə bərabərhüquqlu münasibətlərin formalaşdırılmasında maraqlıdır. Azərbaycan Prezidenti İlham Əliyev diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində məhz qonşu dövlətlərlə münasibətlərin konturlarını bir daha dəqiqləşdirib. Dövlət başçısı bəyan edib ki, Azərbaycanın qonşu ölkələrlə münasibətləri çox müsbətdir: "Biz bu münasibətləri bundan sonra da inkişaf etdirməliyik. Bu, bərabərhüquqlu münasibətlərdir, çox möhkəm zəmin üzərində qurulubdur". Dövlət başçısı hətta uzun illərdən bəri münaqişədə olduğumuz Ermənistanla belə normal, qonşuluq şəraitində yaşamağın mümkünlüyünü bəyan edib: "Erməni xalqı Azərbaycan dövləti çərçivəsində yüksək muxtariyyət statusuna malik olan şəraitdə yaşaya bilər. Biz bunu təklif etmişik və bu yanaşma dünyada və Avropada ən müsbət təcrübəyə əsaslanır". Etiraf edək ki, Prezident İ. Əliyev dövlətin xarici siyasətinin incəliklərini qabartmaqla yanaşı, Azərbaycan xalqının nə qədər müdrük bir xalq olması faktını ortaya qoymuş oldu. O, həmçinin region ölkələrin iqtisadi inkişafa nail olmaqla yanaşı, qonşuluq münasibətlərinin möhkəmlənməsi baxımından Azərbaycanın təşəbbüslərinin səmərəliliyindən danışıb: "Bizim təşəbbüsümüzlə son illərdə üçtərəfli formatlar müəyyən edilmişdir. Azərbaycan-Türkiyə-Gürcüstan, Azərbaycan-Türkiyə-İran və son vaxtlar Azərbaycan-Türkiyə-Türkmənistan üçtərəfli formatları vardır. Burada həm siyasi və iqtisadi, həm də enerji məsələləri müzakirə edilir. Bu, çox uğurlu bir əməkdaşlıq formatıdır. Biz, əlbəttə ki, ikitərəfli formata üstünlük veririk. Biz bütün ölkələrlə bərabərhüquqlu, qarşılıqlı maraqlar üzərində qurulan münasibətlərin tərəfdarıyıq. İkitərəfli format ən uğurlu formatdır". Bu isə o deməkdir ki, Azərbaycanın təşəbbüsləri həm iqtisadi, həm də enerji təhlükəsizliyi baxımından region dövlətlər üçün sərfəlifir. İ. Əliyev Azərbaycanın müsəlman ölkələri ilə də əlaqələrin çox möhkəm olduğunu qeyd edib: " Azərbaycan İslam aləminin bir parçasıdır. İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində çox fəal iş aparırıq. Biz İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində öz töhfəmizi veririk. Biz bu təşkilat çərçivəsində və müsəlman ölkələri ilə ikitərəfli formatda Qarabağ həqiqətlərini daha dolğun şəkildə onların diqqətinə çatdırmalıyıq. Bizim müsəlman ölkələri ilə tarixi əlaqələrimiz vardır. Bu əlaqələr bu gün yeni müstəviyə qalxıbdır. Siyasi əlaqələr çox yüksək səviyyədədir. Biz iqtisadi sahədə fəaliyyəti gərək artıraq". Azərbaycanın çoxşaxəli xarici siyasəti təkcə müsəlman dövlətləri ilə əməkdağlıqla deyil, həmçinin Avropa ölkələri ilə də bərabərhüquqlu münasibətlərdən keçir. Elə bu səbəbdən də Azərbaycan Avropa ölkələri ilə əməkdaşlığa önəm verir: "Avropa ölkələri bizim ənənəvi tərəfdaşlarımızdır. Burada da ikitərəfli format bizim maraqlarımıza cavab verir. Avropanın əksər ölkələri ilə bizim çox işgüzar və səmimi münasibətlərimiz vardır. Avropa bizim əsas ticarət tərəfdaşımızdır. Biz Avropaya daha yaxın olmaqla Azərbaycanda siyasi islahatları dərinləşdiririk. Biz Avropanın bu sahədəki müsbət təcrübəsini öyrənirik və götürürük. Bu, ölkəmizin uğurlu inkişafı üçün lazımdır". Bununla kifayətlənməyərək dünya siyasətinə inteqrasiya edən Azərbaycan Asiya ölkələri ilə də qarşılıqlı, faydalı əməkdaşlıqda maraqlı görünür: "Son illərdə Asiya ölkələri ilə əməkdaşlığımız çox sürətlə inkişaf edir. Mənim səfərlərim, Asiya ölkələrinin rəhbərlərinin Azərbaycana səfərləri, qarşılıqlı maraqlar və qarşılıqlı hörmət bu münasibətləri təcəssüm etdirir. Asiya ölkələri ilə siyasi və iqtisadi əməkdaşlıq aparmaq üçün çox böyük potensial vardır". Göründüyü kimi Azərbaycanın həyata keçirdiyi xarici siyasət dövlətlər tərəfindən müsbət qarşılanır. Çünki Azərbaycan dövlətlərə qarşı məkrli siyasət yürütmək fikrindən uzaqdır. Məhz bunun nəticəsidir ki, yaxın və uzaq qonşu ölkələr kimi, Avropa, Asiya ölkələri də Azərbaycanla qarşılıqlı əməkdaşlıqda maraqlıdır: " Biz heç bir ölkə ilə qarşıdurma siyasəti aparmaq niyyətində deyilik. Biz bütün ölkələrlə çox xoş münasibətlər qurmaq əzmindəyik və buna nail olmuşuq. Ancaq milli maraqlarımızın hesabına yox, bərabərhüquqlu münasibətlərin hesabına". Birmənalı şəkildə demək olar ki, Azərbaycanın xarici ölkələr və beynəlxalq təşkilatlarla normal, bərabərhüquqlu münasibət qurmasının kökündə ölkəmizin ərazi bütövlüyünün təmin edilməsi, dövlətin iqtisadi inkişafı, xalqın rifah halının yüksəlməsi niyyəti durur: "Bizim hədəfimiz inkişaf etmiş ölkəyə çevrilməkdir. Bizim hədəfimiz ərazi bütövlüyümüzün bərpasıdır, Azərbaycan xalqının bundan sonra da uzun illər ərzində gözəl həyatının təmin edilməsidir. Azərbaycan prinsipial, ardıcıl və müstəqil xarici siyasət aparır və bundan sonra da aparacaqdır".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00