“Azərbaycan hərbi yolla torpaqlarını geri qaytarmağa qadirdir”
İlham Əliyev: “Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib”
8 İyul 2014 15:47 SiyasətAzərbaycan Respublikasının diplomatik xidmət orqanları rəhbərlərinin beşinci müşavirəsində Prezident İlham Əliyev ölkəmizin xarici siyasəti ilə bağlı bir sıra məsələlərə aydınlıq gətirib. Dövlət başçısı xüsusilə vurğulayıb ki, xarici siyasətlə bağlı əsas məsələ Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmasıdır. Əfsuslar olsun ki, son müşavirədən keçən dövr ərzində bu sahədə heç bir irəliləyiş olmamışdır. Əlbəttə ki, müxtəlif bəyanatlar səslənmişdir, müxtəlif səylər göstərilmişdir: "Minsk qrupunun həmsədrləri bölgəyə dəfələrlə səfərlər etmişlər. Ancaq heç bir nəticə yoxdur. Bunun başlıca səbəbi Ermənistanın qeyri-konstruktiv mövqeyi və münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq cəhdləridir". Prezident münaqişənin həlli məqsədilə yaradılan, lakin iyirmi ildən artıq müddətdə elə bir naliyyət əldə edə bilməyən vasitəçilərin fəaliyyətinə də toxunub: "Əfsuslar olsun ki, beynəlxalq ictimaiyyət və bu məsələ ilə birbaşa məşğul olan vasitəçilər tərəfindən Ermənistana heç bir ciddi siqnal verilməmişdir. Bizdə belə fikir yaranır ki, məsələ ilə məşğul olan vasitəçilər bu vəziyyəti daha çox bu şəkildə saxlamaqda maraqlıdırlar. Onların əsas marağı ondan ibarətdir ki, bölgədə sabitlik pozulmasın, müharibə olmasın. Biz də sülh istəyirik. Ancaq dəfələrlə bəyan etmişəm ki, biz torpaqlarımızı, haqq-ədalətin bərpasını, beynəlxalq hüququn təntənəsini istəyirik". Dövlət başçısı diqqətə çatdırıb ki, Ermənistanın qeyri-konstruktiv mövqeyi problemin həllində ən ciddi maneələrdən biridir: "Son illər ərzində Ermənistanın bu mövqeyi imkan vermir ki, məsələ danışıqlar yolu ilə həllini tapsın. Əlbəttə ki, məsələnin həlli başqa yolla da mümkündür. Biz bunu heç vaxt inkar etməmişik və açıq bəyan etmişik ki, hərbi yol da istisna edilmir. Çünki son aylarda, illərdə beynəlxalq arenada müşahidə olunan mənzərə onu göstərir ki, beynəlxalq hüquq işləmir. Güc amili əsas rol oynayır. "Kim güclüdür, o da haqlıdır" prinsipi əfsuslar olsun ki, beynəlxalq əlaqələrin konstruksiyasına böyük zərbə vurmuşdur". Bununla yanaşı, Prezident İlham Əliyev hesab edir ki, Azərbaycan hərbi potensialının gücləndirməklə məsələnin ədalətli həllinə nail ola bilər: "Yəni, bu, reallıqdır. Biz real dünyada yaşayırıq və reallıqlarla hesablaşmalıyıq. Ona görə bizim ordu quruculuğu ilə bağlı ardıcıl siyasətimiz bu gün bir daha göstərir ki, nə qədər düzgün və nə qədər vaxtında atılan addımlar idi. Bu gün biz hərbi potensialımızı gücləndirərək məsələni hərb yolu ilə də həll edə bilərik. Sadəcə olaraq hesab edirik ki, hələ danışıqlar potensialı tükənməyib. Biz siyasi, iqtisadi, o cümlədən hərbi təzyiqlərdən istifadə edərək çalışacağıq ki, məsələ dinc yolla həll edilsin. Ancaq həll edilsin. Bu məsələ dondurulmuş vəziyyətdə qala bilməz. Bunu hər kəs bilməlidir. Bu məsələ ilə məşğul olan vasitəçilər də bunu bilməlidirlər və bilirlər". Millət vəkili Aydın Mirzəzadə bildirib ki, həqiqətən də Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin iki yolu var - ya sülh, yaxud da hərb yolu. Azərbaycan da bunun hər ikisini diqqətdə saxlayır: "Güclənən ordumuz, yeni silahlar, cəbhə xəttində belə demək mümkünsə, Azərbaycanın hücum taktikası, bütün bunlar hamısı Ermənistan tərəfinə yaxşı məlumdur. Problemin sülh yolu ilə həlli isə Ermənistan tərəfinə edilən ən böyük güzəştimizdir. Biz torpaqlarımızın işğaldan azad edilməsini istəyir, eyni zamanda, Ermənistana şans da veririk. O başqa məsələ ki, Ermənistanın indiki rəhbərliyi Azərbaycanın bu niyyətini qiymətləndirmək istəmir. Amma bununla belə yaxşı başa düşür ki, o torpaqların işğaldan azad olunmaqdan başqa yeni variant yoxdur. O, gec-tez işğal olunmuş torpaqlardan getməlidir". Ermənistanın qeyri-konstruktiv mövqeyinə gəldikdə millət vəkili bildrib ki, torpaqları işğalda saxlamaq Azərbaycanın böyük iqtisadi imkanlarından məhrum olmaqdırsa, digər tərəfdənsə, Ermənistanın bir dövlət kimi xəritədən silinməsi deməkdir: "Ermənistan nümayəndələrinin beynəlxalq tədbirlərdə aqressiyası, Ermənistan prezidentinin özünün, güzəştə getməmək mövqeyindən çıxışı da ancaq bir şeyə hesablanıb. O, danışıqlarda Azərbaycandan özü üçün maksimum daha çox qoparmağa çalışır. Ermənistan bu gün bacardığı qədər bu situasiyada ya torpaqların bir qismini özündə saxlamağa, ya Azərbaycandan hansısa maddi imkanlar əldə etməyə çalışır ki, gələcəkdə ondan Azərbaycana qarşı yeni hücumlar üçün istifadə etsin. Ancaq tarixən heç bir halda yarımçıq siyasət, başqasını aldatmağa, başqasının hüquqlarını tapdalamağa yönələn siyasət uğur gətirməyib və bu dəfə də Ermənistana uğur gətirə bilməz". Onun sözlərinə görə, Azərbaycanın hərbi qüdrəti göz qabağındadır və ordumuz işğal olunmuş ərazilərimizi geri qaytarmağa hər an hazırdır: "Bu gün ordunun inkişafı, ordudakı intizam və hərbi qüdrət göz qarşısındadır. Azərbaycan isə bu gün problemin həllində hər iki variantdan istifadə edir-həm hərb, həm sülh yolundan. Yəni ki, bu gün keçirilən təlimlər, cəbhə xəttində Ermənistana qarşı edilən təzyiqlər göz qarşısında olan məsələdir. Şübhəsiz ki, beynəlxalq ictimaiyyətin Azərbaycana problemi sülh yolu ilə həll etmək xahişi ilə çağırışları da Azərbaycanın, eyni zamanda, sülh variantından istifadə etməsinə gətirib çıxarır". Dövlət başçısının diplomatlara tövsiyyə və tapşırıqlarından biri də ondan ibarət olub ki, Dağlıq Qarabağ həqiqətləri ilə yanaşı, İrəvanın da Azərbaycanın tarixi torpağı olması reallığını beynəlxalq ictimaiyyətə çatdırsınlar. Məsələ ilə bağlı millət vəkili vurğulayıb ki, xalq Ermənistanın özünün qədim Azərbaycan torpaqlarında yaradıldığını, İrəvanın Ermənistana paytaxt kimi verilməsindən də xəbərdardır: "Hətta, bu məsələdə tarixi acını indiyə qədər yaşamaqdayıq. Bu gün azərbaycanlılar yaşayan bütün tarixi Azərbaycan torpaqlarında Azərbaycan mənəvi birlik nümayiş etdirir və Azərbaycan xalqının birliyinin qorunması istiqamətində çalışır. Problemin isə nə zaman həll olumasından asılı olmayaraq, Azərbaycan xalqı özünün əzəli torpaqlarına həmişə iddia edəcək və Qarabağ probleminin həllinə də elə böyük bir zaman qalmayıb".
Alim