“Rusiya Azərbaycan üçün problem yaratmayacaq, problemlərinin aradan qalxmasında var gücü ilə iştirak edəcək”

"Rusiya-Azərbaycan münasibətləri yeni mərhələyə qədəm qoyub. Bu mərhələnin əsas parametrləri Rusiyanın Azərbaycanın müstəqil siyasətini tanıması, müstəqil siyasət aparmaq resursunu qəbul etməsi və bunu digər MDB dövlətlərinə örnək kimi göstərməsidir" - "Olaylar"ın məlumatına görə, iyulun 4-də mətbuat konfransı keçirən Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu belə deyib. Azərbaycanın Rusiya üçün hədsiz vacib dövlət olduğunu deyən M.Əhmədoğlunun sözlərinə görə, bunu belə anlamaq olar ki, Rusiya Azərbaycan üçün problem yaratmayacaq, problemlərinin aradan qalxmasında var gücü ilə iştirak edəcək. Politoloq hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərini iki dövlətin münasibətlərindəki müasir mərhələnin başlanğıcı adlandırmaq olar: "Azərbaycan-Rusiya münasibətləri Moskvanın Qafqaz və Yaxın Şərq siyasətində hədsiz vacib əhəmiyyətə malikdir. Ona görə də Azərbaycanın indiki dövrdə Rusiyanın qarşısında təkcə Qarabağ məsələsini qoyması çox kiçik məsələ olardı. Azərbaycan İran və Türkiyənin qonşusudur. Rusiyanın İran və Türkiyə ilə münasibətlərinin necəliyi, eləcə də Türkiyə və İranın Rusiyaya münasibətinin necəliyi Azərbaycandan çox asılıdır. Rusiyanın balansında Azərbaycanla olan münasibətlərdən başqa Türkiyə və İrana korrelyativ təsir edə biləcək münasibətlər sistemi yoxdur". Mübariz Əhmədoğlu bildirib ki, Rusiya daxilində neft-qaz nəqlinin strategiyası Şimali Qafqazı ciddi şəkildə nəzərə ala bilmir. O, hesab edir ki, Azərbaycan qazı bu prizmadan çox böyük əhəmiyyətə malikdir: "Digər tərəfdən Rusiya Azərbaycanla müttəfiq olmayacaı təqdirdə Şimali Qafqazda vəziyyəti stabil saxlaya bilməyəcək. Səudiyyə Ərəbistanı, İran və Türkiyənin rolu olmadan belə indiki halda Şimali Qafqaz xalqları Azərbaycanı Rusiyaya dost bilməsələr, onlar aktivləşəcəklər. Bu baxımdan Şimali Qafqazdakı sabitlik Rusiyanı Azərbaycana bağlayan ən mühüm məsələdir. Şimali Qafqazda sabitlik Azərbaycan üçün də həyati vacibdir. Azərbaycan bu gün prezident İlham Əliyevin  sözlərilə desək, sülhsevər siyasət aparır. Azərbaycanın slhsevər siyasəti regional sabitliyin əsasıdır. Azərbaycan böyük resursa malikdir və bu gün bu resurslar regional sabitliyə xərclənir. Sabah bunlar konfliktogenliyə xərclənə bilər. Bu baş versə, Rusiya da daxil olmaqla heç bir dövlət sabitlik yarada bilməyəcək, nə Rusiya, nə də ABŞ. Ona görə də Rusiya Azərbaycanla əlaqələrə xüsusi önəm verir". ("OLAYLAR" İA) 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00