“Ermənistanın AİB-ə üzvlüyünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri şəksizdir və rəsmi Yerevanın davranışında bunun hazırlığı görünür”
4 İyul 2014 16:17 Siyasət"Avrasiya İqtisadi Birliyinə üzvlük məsələsində Ermənistan üçün həm iqtisadi, həm də siyasi xarakterli ciddi problemlər yaranıb" - iyulun 4-də keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru Mübariz Əhmədoğlu belə deyib. M.Əhmədoğlu bildirib ki, sözügedən problemlərin qaynağı Rusiya deyil. Əksinə Moskva onu dəstəkləyir. Politoloqun sözlərinə görə, Rusiya problemin əsas qaynağı kimi Qazaxıstanı təqdim etsə də, Belorusiyanın da Ermənistanın AİB-ə üzvlüyündə maraqlı olmadığı aydındır: "Rəsmi Astana və Minskin bu mövzuda əsas maraqları iqtisadiyyat üzərində qurulub: Ermənistan külli miqdarda xarici borcu olan, iqtisadi inkişaf perspektivi olmayan dövlətdir. Qazaxıstan və Belorusiya "Ermənistan" adlı borc yükünü çiyinlərinə götürmək istəmir. Rusiyanın MDB məkanında seperatizm və işğalçılıq trendinə "dur" demək üçün Astana və Minskin əlinə yaxşıca fürsət düşüb. Ermənistanın geriyə, AİB-dən uzaqlaşmağa yolu yoxdur. Rusiya buna imkan verməyəcək. İki mümkün variant var: Birinci variant: Ermənistan işğalçılıqdan imtina etməlidir. Ermənistan Azərbaycan torpaqlarını azad edir, Azərbaycanla iqtisadi əməkdaşlığa rəsmi Bakını razı salır, regional iqtisadi layihələrə qoşulur. Bununla da Ermənistan özünə iqtisadi perspektiv yaradır, həm də işğalçılığın ziyanlı olduğu mesajını verir. İkinci variant: Ermənistanın Kalininqrad vilayəti statusu ilə Rusiyanın tərkibinə daxil olmasıdır. Qazaxıstan və Belorusiyanın Ermənistanın AİB üzvlüyünə maneçilik siyasəti indi Rusiyanın xeyrinədir. Təzyiq altında qalan Ermənistan Rusiyanın əmrlərini daha rahat yerinə yetirəcək. Ermənistan üçün təzyiq vacibdir və göründüyü kimi hazırda təkcə Rusiya təzyiq etmir". Mübariz Əhmədoğlu hesab edir ki, Ermənistanın AİB-ə üzvlüyünün Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə təsiri şəksizdir və rəsmi Yerevanın davranışında bunun hazırlığı görünür. "Hər halda Dağlıq Qarabağın Ermənistandan uzaqlaşdırılması istiqamətində ideyalar aktiv şəkildə ortalıqdadır" - deyə M.Əhmədoğlu bildirib. ("OLAYLAR" İA)