“Fransanın aktivliyi Dağlıq Qarabağın mövcud status-kvosunun dəyişdirilməsi ehtimalı ilə bağlıdır”
Üzeyir Cəfərov: “Rusiya həqiqətən də həmin 3 rayonun qaytarılması təklifini Azərbaycan qarşısında irəli sürüb”
4 İyul 2014 12:59 Siyasət"Dağlıq Qarabağ münaqişəsinin həlli hamıya bəllidir ki, daha çox Rusiyanın mövqeyindən aslıdır" - hərbi-ekspert Üzeyir Cəfərov son zamanlarda Fransanın Dağlıq Qarabağ münaqişəsinin həllində aktiv görünməsi məsələsinə münasibət bildirəndə belə deyib. Ü.Cəfərov hesab edir ki, prezident Fransua Ollandın Bakı səfərində səsləndirdiyi fikirlər, eyni zamanda Minsk Qrupunun fransalı həmsədrin, xarici işlər naziri Lorient Fabiusun münaqişəyə dair açıqlamaları məsələyə dair təkcə Fransanın mövqeyi deyil. Ekspertin sözlərinə görə, bu, bütövlükdə ATƏT-in Minsk Qrupunun mövqeyidir: "Həm Azərbaycan cəmiyyətində, həm dünya ictimaiyyətində Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı fikirlər formalaşıb. Bu təkcə siyasətçilərin deyil, bu artıq ölkə rəsmilərinin dilindən səslənən fikirdir ki, ATƏT-in Minsk Qrupu keçən 20 ildə heç bir irəliləyişə nail olmayıb. Ona görə də zaman-zaman Minsk Qrupunun həmsədrləri tərəfindən müəyyən aktivlik müşahidə edirik. Prinsip etibarilə son zamanlarda Fransanın məsələyə dair hərəkətləri Dağlıq Qarabağın mövcud status-kvosunun dəyişdirilməsinin gözlənilməsilə əlaqədardır". Bir müddət əvvəl Dağlıq Qarabağ ətrafında 3 rayonun qaytarılması məsələsini mətbuata açıqladığını xatırladan Üzeyir Cəfərov bildirib ki, bu məsələ həqiqətən ciddidir. Ü.Cəfərovun sözlərinə görə, bu ya onun, ya da hansısa erməni politoloqunun fikirləri deyil: "Ermənistan tərəfi məsələdə bizi də günahlandırır ki, guya bu bizim "arzu"muzdur. Qətiyyən belə deyil. Rusiya həqiqətən də həmin 3 rayonun qaytarılması təklifini Azərbaycan qarşısında irəli sürüb. Məsələ diplomatik masa üzərindədir. Hesab edirəm ki, bu məsələlər ətrafında yaxın gələcəkdə dəyişikliklər olacaq". ("OLAYLAR" İA)