“3 rayonun Azərbaycana qaytarılması məsələsi ciddidir”
Üzeyir Cəfərov: “İndiki məqamda, doğrudur, Dağlıq Qarabağın tamamilə Azərbaycana qaytarılmasından söhbət getmir”
2 İyul 2014 15:34 SiyasətHərbi-ekspert Üzeyir Cəfərov erməni politoloq Aleksandr İskəndəryanın Dağlıq Qarabağın Azərbaycana qaytarılması ehtimalının yüksək olması barədə açıqlamasına münasibət bildirib. Bir müddət əvvəl mətbuata 3 rayonun Azərbaycana qaytarılması barədə açıqlama verdiyini xatırladan Ü.Cəfərov qeyd edib ki, bu məlumat həm Azərbaycan mətbuatında, həm də yaxın çevrələrdə müzakirə olunur. Ekspertin sözlərinə görə, Rusiyanın təşəbbüsü ilə Azərbaycana Dağlıq Qarabağ ətrafındakı 7 rayonun yox, 3 rayonun qaytarılması söhbətindən Ermənistan da məlumatlıdır: "Rusiya müzakirə masasına Ağdam, Füzuli və Cəbrayıl rayonlarını qoyub. Bu son dərəcə ciddi və yaxın zamanda açıq şəkildə nəticəsi açıq şəkildə görünəcək məsələdir. İndiki məqamda doğrudur, Dağlıq Qarabağın tamamilə Azərbaycana qaytarılmasından söhbət getmir. Hələlik 3 rayonun geri verilməsi təklif olunur və 2015-ci ildən başlayaraq proseslərin davamı nəzərdə tutulur. Lakin Rusiyanın bu təşəbbüsü Azərbaycanın ziyanınadır. Azərbaycan qəti şəkildə erməni-rus avantürasına getməməlidir. Çünki BMT və digər beynəlxalq təşkilatların məsələ ilə əlaqədar qəbul etdiyi qətnamələrdə Ermənistan tərəfindən işğal edilmiş bütün ərazilərin Azərbaycana qaytarılması faktorları var". ("OLAYLAR" İA)