“Dağlıq Qarabağın Azərbaycana qaytarılması ehtimalı bir qədər də artıb”
Təhmasib Novruzov: “Bu tip amillər Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarda Ermənistanın sürətlə nüfuz itirməsinə səbəb olur”
2 İyul 2014 13:49 Siyasət"Dağlıq Qarabağın hər an Azərbaycana qaytarılması qorxusu istər Ermənistada yaşayan ermənilərin, istərsə də xaricdəki erməni lobbisinin ən dəhşətli qorxusu olub" - siyasi analitik Təhmasib Novruzov "Olaylar"a açıqlamasında belə deyib. T.Novruzov bildirib ki, dəfələrlə ermənilər açıq şəkildə bu qorxunu media və müxtəlif yollarla dilə gətiriblər. Ermənilərin düşünən xalq olmadığını deyən siyasi analitik onları "həmişə idarə olunan millət" adlandırıb. Təhmasib Novruzovun sözlərinə görə, ermənilər bir tərəfdən İngiltərə və Fransanın, digər tərəfdən Rusiyanın nəzarəti altında fəaliyyət göstərirlər: "Qərarlarını da bu və ya digər xarici qüvvələrin təsirlərinə görə tənzimləyirlər. Ona görə də Dağlıq Qarabağ məsələsində qərar qəbul etməkdən çəkinirlər. Bu gün Dağlıq Qarabağın Azərbaycana qaytarılması məsələsi bir qədər də reallaşdığına görə, Ermənistanın bu yöndəki narahatlıqları dəfələrlə artıb. ATƏT Parlament Assambleyasının Bakıda keçirilən konfransında ermənilərin qaldırdıqları məsələ qurum tərəfindən birmənalı şəkildə rədd edildi. Bu tip amillər Avropa Şurası, ATƏT və digər beynəlxalq qurumlarda Ermənistanın sürətlə nüfuz itirməsinə səbəb olur. Bu da Ermənistanı qorxudur. Ermənistan nə qədər tez xarici sərmayədarlarının təsirlərindən çıxıb, müstəqil qərar qəbul edib Türkiyə və Azərbaycana qarşı qərəzindən əl çəkib sağlam qonşu olmaq istəsə, bu birinci növbədə regionun, ilk növbədə isə erməni xalqının mənafeyinə xidmət olacaq". ("OLAYLAR" İA)