Azərbaycan 7 aya 47 hərbçi itirdi

"Doktrina" Jurnalistlərin Hərbi Araşdırmalar Mərkəzi Azərbaycanın müdafiə və təhlükəsizlik sektorundakı itkilərlə bağlı kütləvi informasiya vasitələri üzərində həyata keçirdikləri növbəti  monitorinqin nəticələrinı açıqlayıb. Bu barədə "OLAYLAR"a təşkilat rəhbəri Cəsur Sumərinli məlumat verib. Məlumatda deyilir ki, 2014-cü ilin geridə qalan dövründə Azərbaycan təhlükəsizlik və müdafiə sektoru 47 nəfər itki verib. Ötən müddətdə 84 nəfər yaralanıb və ya xəsarət alıb. C.Sümərinli qeyd etdi ki, müvafiq dövrdə dünyalarını dəyişənlərin 10-u döyüş (erməni gülləsi), 3-ü mina partlayışı, 34-ü isə qeyri-döyüş itkiləridir: "8 nəfər avtoqəzadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfər qeyri-nizamnamə (qanunazidd) hərəkətlərindən, 1 nəfər bədbəxt hadisədən (suda boğulma), 7 nəfər xəstəlikdən dünyasını dəyişib. 11 nəfər intihar edib (asma, güllələmə, intihar). Dünyasını dəyişənlərin 40-ı Müdafiə Nazirliyi, 3-ü Ədliyyə Nazirliyi, 2-si Daxili Qoşunların, 2-si Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçularıdır. Yaralanların 19-u qeyri-nizamnamə hadisələrindən (o cümlədən ehtiyatsızlıqdan) 7-si intihara cəhddən, 11-i erməni gülləsindən, 9 nəfər mina partlayışından, 2 nəfər təlimdə, 33-ü avtoqəza nəticəsində, 2 nəfər bədbəxt hadisədən (elektrik cərəyanı, yanıq) yaralanıblar. 1 nəfər zəhərlənib. 71 nəfər Müdafiə Nazirliyinin hərbi qulluqçusu, 7 nəfər Daxili Qoşunlar, 5 nəfər Dövlət Sərhəd Xidmətinin, 1 nəfərsə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin mühafizə alayının hərbi qulluqçusudur. Yaralıların və xəsarət alanların bir çoxu xidmət yerinə qayıdıblar. Müvafiq dövrdə 1 nəfər hərbi çağırışçı avtomobil qəzasından dünyasını dəyişib. Ötən dövrdə Azərbaycanın 8 mülki vətəndaşı erməni tərəfinin gülləsindən yaralanıb. Eyni zamanda 3 Ermənistan mülki vətəndaşı Azərbaycan tərəfə əsir düşüb (hər üçü qaytarılıb).

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00