“Azərbaycanda korrupsiyaya qarşı mübarizə aparmaq üçün möhkəm siyasi iradə var”
30 İyun 2014 18:56 SiyasətDünən Bakıda Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar Azərbaycan Hökuməti və Avropa Şurası tərəfindən Avropa Şurasının Korrupsiyaya Qarşı Mübarizə Aparan Dövlətlər Qrupu (GRECO) və Beynəlxalq Antikorrupsiya Akademiyasının (IACA) iştirakçılığı ilə "Korrupsiyaya qarşı mübarizə: beynəlxalq standartlar və milli təcrübələr" mövzusunda beynəlxalq konfrans keçirilib. Tədbir prezident İlham Əliyevin konfrans iştirakçılarına müraciəti ilə başlanıb. Dövlət başçısının müraciətini Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev səsləndirib. Müraciətdə bildirilir: " Azərbaycanda dövlət idarəçiliyində səmərəliliyin təmin edilməsi, elektron xidmətlərin inkişafı, korrupsiyaya qarşı mübarizə dövlət siyasətinin başlıca istiqamətlərindəndir. Azərbaycanda korrupsiyaya qarşı uğurla mübarizə aparmaq üçün möhkəm siyasi iradə var. Azərbaycan korrupsiyaya qarşı mübarizə sahəsində bütün beynəlxalq təşəbbüslərə qoşulub, qanunvericilik bazasını təkmilləşdirir, islahatlar həyata keçirir. Təəssüflər olsun ki, korrupsiya bütün dünyada, o cümlədən Avropa ölkələrində də aktual problemlərdən biri olaraq qalır. Ona görə də bu sahədə daim yeni təşəbbüslərin irəli sürülməsi zəruridir. Bununla bağlı Azərbaycanda tətbiq edilən dövlət xidmətinin göstərilməsində korrupsiyanı istisna edən, şəffaflığı təmin edən təcrübə digər ölkələr üçün də müsbət nümunə ola bilər. Əminəm ki, korrupsiyaya qarşı mübarizədə milli və beynəlxalq səylərin gücləndirilməsinə xidmət edən bu konfrans fəaliyyətimizin daha səmərəli təşkili və əməkdaşlığımızın möhkəmlənməsinə töhfə verəcək". Tədbirdə çıxış edən Prezident Administrasiyasının rəhbəri, Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın sədri, akademik Ramiz Mehdiyev konfrans iştirakçılarını salamlayaraq qeyd edib ki, korrupsiyaya qarşı mübarizədə bir çox ölkələrdə, o cümlədən Azərbaycanda gözəl təcrübə qazanılıb. Onun sözlərinə görə, Prezidentin sərəncamları ilə ölkədə mühüm qurumlar yaradılıb. R.Mehdiyev buna misal olaraq Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi, eləcə də "ASAN xidmət"in adlarını çəkib. Onun sözlərinə görə, "ASAN xidmət" çox unikal qurumdur: "Gələn qonaqlar böyük məmnuniyyətlə qurumu müşahidə edib və öz gözəl fikirlərini səsləndiriblər ki, Azərbaycanda həqiqətən çox güclü sistem yaranıb. Azərbaycan vətəndaşları bu qurumdan istifadə etmələri ilə bağlı öz razılıqlarını bildiriblər". Konfransda məruzə ilə çıxış edən ədliyyə naziri Fikrət Məmmədov isə bildirib ki, korrupsiya məsələsində hər hansı kompromisdən söhbət gedə bilməz. Onun sözlərinə görə, bu gün Azərbaycan iqtisadi cəhətdən sürətlə inkişaf edən ölkədir. İqtisadi cəhətdən inkişaf edən ölkələrdə isə korrupsiya üçün daha geniş şərait var: "Bu baxımdan, Prezident İlham Əliyevin başçılığı ilə Azərbaycanda korrupsiya ilə barışmaz mübarizə aparılır. Korrupsiya ilə mübarizə sahəsində bir sıra qanunlar qəbul edilib, beynəlxalq təşkilatlarla əməkdaşlıq genişləndirilib". Ölkədə məhkəmələr, hakimlərlə bağlı qanunvericilikdə edilən dəyişikliklər və bu sahədə aparılan islahatlar barədə məlumat verən ədliyyə naziri qeyd edib ki, 2011-ci ildən inzibati ədliyyə institutunun və bütün bölgələrdə inzibati məhkəmələrin fəaliyyətə başlaması insan hüquqlarının etibarlı müdafiəsi və məmurların sui-istifadə hallarının qarşısına sipər çəkilməsi baxımından mühüm addım olmaqla antikorrupsiya tədbirinə çevrilib: "İnsanların həmin məhkəmələrdə qaldırdıqları iddiaların 80 faizindən çoxunun təmin olunması bunun əyani təsdiqidir".F.Məmmədov bildirib ki, Azərbaycanda məhkəmə hakimləri şəffaf qaydada seçilir. Məhkəmə-Hüquq Şurasının fəaliyyət göstərdiyi 10 il ərzində irəli sürülən təkliflər ölkə Prezidenti tərəfindən də dəstəklənib. Belə ki, hakimlərin intizam məsuliyyətinə cəlb olunması məsələsi Məhkəmə-Hüquq Şurasına həvalə edilib. Həmçinin hakimin törətdiyi qanun pozuntusuna görə cəza növləri qanunda dəqiq müəyyənləşdirilib.Nazir əlavə edib ki, ədalətli maddi-təminat müəyyən etmədən hər hansı sahədə, o cümlədən məhkəmədə korrupsiyanın aradan qaldırılması haqqında danışmaq mümkün deyil: "Bununla əlaqədar ölkədə böyük proseslər gedib. Yeni məhkəmə sisteminin fəaliyyətə başladığı 2000-ci illə müqayisədə hakimlərin əmək haqqı 33, məhkəmələrin büdcəsi isə 26 dəfə artıb. Eyni zamanda, məlumdur ki, ədalət mühakiməsinin səmərəliliyinə və məhkəmə araşdırmalarının dolğun və diqqətli aparılmasına mənfi təsir göstərən əsas amillərdən biri də hakimlərin yüksək iş yüküdür. Azərbaycan məhkəmələrində baxılan işlərin sayı 2000-ci ildən bəri 8 dəfədən çox artıb. Bununla əlaqədar son illər ərzində hakimlərin sayı 2 dəfə, məhkəmə aparat işçilərinin sayı 75% artırılıb, hər bir hakimə köməkçi ştatı müəyyən olunub".Nazir deyib ki, yeni inşa olunan məhkəmə binaları layihələndirilən zaman hakimlər üçün ayrıca giriş-çıxış sahəsi müəyyən edilib ki, bu da onların vətəndaşlarla əlaqələrini və kənar müdaxiləni məhdudlaşdırmaq məqsədi daşıyır. Vətəndaşların müraciət formasının asanlaşdırılması məqsədi ilə məhkəmələrdə informasiya-kommunikasiya texnologiyalarından geniş istifadə olunur. Məhkəmələr üzrə vahid informasiya portalı da yaradılıb ki, həmin portal vasitəsilə məhkəmələrdə baxılan işlər, eləcə də hakimlər haqqında məlumat almaq və rahat şəkildə məhkəməyə müraciət etmək olar.
***
Baş prokuror Zakir Qaralov isə bildirib ki, Azərbaycanda korrupsiyaya qarşı mübarizədə güclü siyasi iradəyə əsaslanmaqla, beynəlxalq təcrübə nəzər alınaraq sistemli şəkildə mütərəqqi antikorrupsiya qanunvercilik bazası formalaşdırılıb, mühüm institusional tədbirlrə həyata keçirilib və bu islahatlar bu gün də uğurla davam etdirilir. Z.Qaralov xatırladıb ki, Azərbaycan mayın 14-dən etibarən Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edir. Bu, Avropa dəyərlərinə sadiqlik nümayiş etdirən, dünyada nüfuzu gündən-günə artan, demokratik imici daha da möhkəmlənən, ümumavropa dəyərləri xəzinəsinə mühüm töhfələr verən Azərbaycan üçün əlamətdar hadisədir: "Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının iclasında korrupsiyaya qarşı mübarizənin Azərbaycanın AŞ Nazirlər Komitəsinə sədrlik edəcəyi müddət üçün əsas prioritetlərdən birini təşkil edəcəyini və qabaqcıl Avropa ölkələrinin müsbət təcrübəsindən istifadənin beynəlxalq əməkdaşlığın mühüm istiqaməti olduğunu xüsusi vurğuladı". Onun sözlərinə görə, Nazirlər Komitəsinə sədrlik müddətində ölkəmizdə keçirilməsi nəzərdə tutulan 18 mühüm tədbirdən birincisi olan, Azərbaycan Respublikası və Avropa Şurasının birgə təşkilatçılığı, GRECO və Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının iştirakı ilə təşkil edilmiş bu konfrans zamanı əldə ediləcək müsbət təcrübə və biliklər, habelə konfransın nəticələri korrupsiyaya qarşı mübarizə işinin yeni müstəviyə çıxarılmasına təkan verəcək: "Konfransın işində Avropa Şurasına daxil olan 35 ölkədən 130-dan çox nümayəndə, o cümlədən ədliyyə nazirləri, Baş prokurorlar, ixtisaslaşmış antikorrupsiya qurumlarının rəhbərləri, 13 nüfuzlu beynəlxalq təşkilat, eyni zamanda korrupsiyaya qarşı mübarizə sahəsində uğurlar qazanmış ölkələrin müsbət təcrübələrini bölüşmək məqsədi ilə dəvət edilmiş, bu sahədə ixtisaslaşmış qurumların rəhbərləri, habelə dövlət qurumları və QHT-lərin nümayəndələri iştirak edirlər. Bu konfrans həm regional, həm də qlobal səviyyədə əməkdaşlığın bundan sonra dərinləşməsinə zəmin yaradacaq, dünyada korrupsiyaya qarşı mübarizə sahəsində proseslərə öz töhfəsini verməklə mühüm görüş yeri olduğunu sübuta yetirə biləcək".
Qeyd edək ki, beynəlxalq konfransda Türkiyə, Albaniya, Moldova, Xorvatiya, Gürcüstan respublikalarının, Monako və Lixtenşteyn Knyazlıqlarının Baş prokurorları, Bosniya və Herseqovina, Albaniya, Xorvatiya Respublikalarının ədliyyə nazirləri, Fransa, Polşa, Litva, Makedoniya və Serbiyanın ixtisaslaşdırılmış antikorrupsiya qurumlarının rəhbərləri, Avropa Şurasının İnsan Hüquqları və Hüquqi Məsələlər üzrə Baş İdarəsinin direktoru, GRECO-nun Prezidenti, IACA-nın İcraçı Katibi, Beynəxalq Prokurorlar Assosiasiyasının (IAP) Prezidenti, Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyasının (IAACA) Baş Katibi və digərləri təmsil olunurlar. Mərasimdən sonra konfrans plenar iclaslarla davam edəcək. Plenar iclaslarda iştirakçılar tərəfindən antikorrupsiya qanunvericiliyinin tətbiqi, onun məhkəmə-hüquq sisteminin səmərəliliyinin artırılmasında və iqtisadi inkişafda rolu, hüquqi şəxslərin cinayət məsuliyyəti, korrupsiyaya qarşı mübarizədə səmərəli qabaqlayıcı və maarifləndirmə tədbirləri, bu istiqamətdə vətəndaş cəmiyyəti institutlarının iştirakı, qarşılıqlı səmərəli əməkdaşlıq vasitələri, korrupsiya cinayətləri üzrə effektiv cinayət təqibi üsulları, ixtisaslaşdırılmış antikorrupsiya qurumları və onların təcrübəsi məsələləri müzakirə olunacaq. İclaslarda Avropa Şurasına üzv ölkələr - Böyük Britaniya, Fransa, Türkiyə, Litva, Xorvatiya, həmçinin Honq-Konq və Malayziya kimi ölkələrin korrupsiyaya qarşı mübarizədə təcrübəsi, eləcə də Azərbaycan Respublikasında son illərdə bu sahədə həyata keçirilmiş tədbirlər barədə çıxışlar ediləcək, ətraflı müzakirələr aparılacaq. Beynəlxalq konfrans öz işini iyulun 1-də davam etdirəcək.
Samir