Ermənistanın iflas prosesi daha da sürətlənəcək
Elman Nəsirli: “Ermənistanın indiki davranışı həmin prosesin bir katalizatoru olacaq”
30 İyun 2014 14:33 SiyasətBu günlərdə Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının növbəti ildönümü ərəfəsində keçirilən hərbi təlimlər və ölkənin hərbi potensialının bir daha nümayişi işğalçı Ermənistanda ciddi təşviş yaradıb. Maraqlıdır ki, Azərbaycanın keçirdiyi son hərbi təlim Ermənistan mətbuatında geniş şərh olunub. Düşmən ölkənin bir sıra kütləvi informasiya vasitələri Azərbaycanın keçirdiyi hərbi təlimi Ermənistan üçün ciddi siqnal kimi xarakterizə edib. Hətta bəzi KİV-lər Ermənistan rəhbərliyinin bundan bir nəticə çıxarmalı olduğunu da qeyd edib. Bəs görəsən işğalçı ölkə bundan sonra hansı addımları atmağı düşünəcək? Ümumiyyətlə, Azərbaycanın növbəti dəfə hərbi potensialı nümayiş etdirməsi Ermənistanı Dağlıq Qarabağ probleminin həllində kompromis addım atmağa məcbur edəcəkmi? Yeni Azərbaycan Partiyası beynəlxalq əlaqələr komissiyasının katibi, politoloq Elman Nəsirlinin sözlərinə görə, işğalçı ölkə artıq onun fərqindədir ki, qarşısındakı 1990-cı illərin Azərbaycanı deyil. Artıq təkcə regionda deyil, regiondan kənarda da həm iqtisadi, həm də hərbi potensiala malik güclü Azərbaycan dövləti mövcuddur: "Ermənistan tərəfi onun fərqindədir ki, Azərbaycan gün-gündən güclənir və ölkəmiz torpaqları üzərindəki ərazi bütövlüyünü həm də hərbi yolla bərpa etmək iqtidarındadır, bunu həyata keçirə bilər. Ona görə də Ermənistan tərəfi ciddi-cəhdlə çalışır ki, Azərbaycandan çəkinməmək barədə ictimai rəy formalaşdırsın. Ancaq faktlar, təhlil və analizlər başqa reallığı ortaya qoyur. Bu gün Ermənistan mətbuatında bu cür fikirlərə daha çox rast gəlmək olur ki, işğalçı ölkə əhalisinin kütləvi şəkildə ölkəni tərk etməsinin səbəbləri sırasında Azərbaycanın sürətlə güclənməsi dayanır. Çünki erməni xalqı onun fərqindədir ki, Azərbaycan bir gün öz torpaqlarını hərbi yolla geri almaq istəyəcək. Azərbaycan torpaqlarını hərbi yolla geri alanda isə ermənilərin vəziyyəti daha pis olacaq. Ona görə də müharibə başlamamış ermənilər ölkəni tərk etməyə, gələcəklərini xarici ölkələrdə qurmağa üstünlük verirlər. Əslində bu bir həqiqətdir ki, bu gün Ermənistanda baş verən ağ genosidin, yəni əhalinin sürətlə tərk etməsinin kökündə dayanan amillərdən biri özlərinin aqressiv siyasətlərinin onlara nə vaxtsa baha başa gələcəyi reallığıdır. Həmin reallıq onları ölkəni tərk edib başqa dövlətlərə getməyə sövq edir". Politoloqun sözlərinə görə, Azərbaycan Silahlı Qüvələrinin keçirdiyi hərbi təlimlər bir daha göstərdi ki, Azərbaycan həqiqətən də güclü orduya malikdir və torpaqları hərbi yolla azad etmək imkanına, potensialına malikdir: "Sadəcə Azərbaycan əlavə qan tökülməməsi üçün münaqişənin dinc yolla həllində maraqlıdır. Çünki dünya birliyi də belə istəyir. Eyni zamanda Azərbaycan da dünya birliyinin bu yanaşmasına hörmətlə yanaşır. Ancaq bu heç də o demək deyil ki, Azərbaycan dövlətinin səbri sonsuzdur. Əgər Azərbaycan dövlət başçısı, ali baş komandan əmin olsa ki, danışıqların heç bir nəticəsi yoxdur, belə olan vəziyyətdə münaqişənin həlli hərbi müstəviyə keçər, torpaqlarımız üzərində ərazi bütövlüyü məsələsi aktuallaşa bilər. Bu həqiqət, reallıqdır. Cənab prezident İlham Əliyev də AŞPA-nın yay sessiyasındakı çıxışı zamanı Ermənistanın işğalçılıq siyasəti və onun nəticələri ilə bağlı məsələlərə toxundu və qeyd etdi ki, Azərbaycan dövləti sülh tənzimlənməsi siyasətinə sadiqdir. Ancaq nə qədər ki, ermənilər vəziyyəti düzgün qiymətləndirib nəticə çıxarsalar, proses bir o qədər tez tənzimlənə bilər. Əks halda isə bütün məsuliyyət məhz Ermənistanın üzərinə düşəcək. Bütün bunlar bir daha onu təsdiq edir ki, bu gün sözün həqiqi mənasında Azərbaycan ordusu qarşısına qoyduğu istənilən məqsədə çatmaq iqtidarındadır. Ölkənin müdafiə naziri Zakir Həsənovun bu günlərdə verdiyi bəyanat da bunu bir daha təsdiqlədi. Eyni zamanda dövlət başçısı cənab İlham Əliyev də dəfələrlə Azərbaycan ordusunun yüksək döyüş hazırlığına malik olduğunu bildirib, keçirilən hərbi təlimləri izləyib, həmin təlimlərdən razılığını ifadə edib. Ona görə də hesab edirəm ki, artıq Ermənistan rəhbərliyi bu həqiqəti dərk etmək məcburiyyətində qalacaq. Əgər işğalçı ölkə bunu dərk etsə, dövlət olaraq bundan sonra müəyyən perspektivlərinə inam bəsləyə bilərlər. Yox dərk etməsələr, sağlam düşüncəyə söykənməsələr belə olan vəziyyətdə Ermənistan dövlətinin labüd iflas prosesi daha da sürətlənəcək. Düşünürəm ki, Ermənistanın indiki davranışı həmin prosesin bir katalizatoru olacaq".
Süleyman İsmayılbəyli