Müsavat gərgin mərhələyə daxil oldu
Sentyabrda partiyaya yeni başqan seçilməlidir
30 İyun 2014 14:14 SiyasətMüsavat Partiyasının Məclisi qurultayın vaxtını təyin edib. Məclisin iyunun 28-də keçirilən toplantısında qərara alınıb ki, ali yığıncaq sentyabrın 27-də keçirilsin. Qeyd edək ki, pariyanın qurultayı 4 ildən çoxdur ki, gecikir. Bu il qışda qərara alınmışdı ki, qurultay may ayında keçirilsin. Lakin partiya yeri bəhanə edib ali toplantını keçirmədi. Məslicin son toplantısında gənclərin və yeni başqanın seçilməsini istəyən qüvvələrin təzyiqi işə yarayıb. Məclis vaxtı təyin edib. Başqanlığa əsas iddialı Arif Hacılının tərəfdarları qurultayın keçiriləcəyinə əmindirlər. Arif Hacılının kadrı kimi tanınan Gülağa Aslanlı mətbuata açıqlamasında bildirib ki, xoşagəlməz hadisə baş verməzsə, istənilən halda sentyabrın 27-də partiyanın qurultayı keçiriləcək. Arif Hacılı özü də qurultayla bağlı açıqlama verib və bildirib ki, Müsavatın qurultayı keçirilməli və Nizamnaməyə uyğun olaraq başqan dəyişikliyi baş tutmalıdır. Onun sözlərinə görə, İsa Qəmbərin namizədliyinin irəli sürülməməsi Azərbaycanda yeni bir demokratik ənənənin başlanğıcı olacaq: "Partiyanın, demokratik düşərgənin və Azərbaycan cəmiyyətinin maraqları tələb edərsə, namizədliyimi irəli sürəcəyəm. Mənim həyatımın əsas layihəsi məhz Müsavat Partiyasıdır". Bu açıqlamadan göründüyü kimi Arif Hacılı başqanlığa iddialıdır və İsa Qəmbərə növbəti dəfə mesaj verib: "Söz vermisənsə, başqanlığa namizədliyini irəli sürmə". Məsələ burasındadır ki, İsa Qəmbər "qalacağam" deməyib. Amma "Arif Hacılının başqan olmasına imkan verəcəyəm" də deməyib. Son altı ayda baş verən proseslər göstərir ki, İsa Qəmbər də daxil olmaqla partiyanın elitası Arif Hacılının başqan olmasını istəmir. Onun yerinə namizəd də irəli sürüblər. Divan üzvü Qubad İbadoğlu İsa Qəmbər-Pənah Hüseyn-Rauf Arifoğlu üçlüyünün dəstəklədiyi, arzuladığı mötədil başqan ola bilər. Bu qrupa sözəbaxan başqan lazımdır. Arif Hacılı uzaqbaşı İsa Qəmbərin sözünə baxa bilər. Amma ən yaxşı halda 1 il. Yerini möhkəmləndirəndən sonra onun partiyanı İsa Qəmbərin nəzarətindən çıxaracağı şəksizdir. Qubad İbadoğlunun isə bunu etmək imkanı yoxdur. İbadoğlu ötən 6 ayda Müsavat Partiyasının beynəlxalq əlaqələri hesabına xarici ölkələrə getdi, beynəlxalq təşkilatlarda, parlamentlərdə oldu, özünü gələcək başqan kimi təqdim etdi. Müsavatın bütün resurslarının onun arxasında olduğu ortadadır. Ancaq Arif Hacılı da zəif fiqur deyil. Sentyabra qədər başqanlıq uğrunda ciddi mübarizə gedəcək. Böyük ehtimalla, Hacılı itirdiyi mövqeləri geri qaytarmağa çalışacaq. Onun "dərin Müsavat" ixtiyarları ilə anlaşacağı da istisna deyil. Onun bir zamanlar Müsavat elitasında olmuş isimlərdən Vurğun Əyyubla, Qara Tofiqlə, partiyanın Türkiyədəki nümayəndələri ilə anlaşması lazımdır. Aşağıların səsi Hacılınındır. Lakin elita ilə problemlər var. Partiyanın gənclər, qadınlar təşkilatları onun başqanlığına sıcaq baxmır. Gənclər ümumiyyətlə, Arif Hacılı da daxil olmaqla köhnələrə qarşıdır. Qadınlar təşkilatı Vurğun Əyyuba yaxındır. Göründüyü kimi təkcə "mən Müsavatı gücləndirmişəm" deyib öyünməklə iş bitmir. Partiyanın qurulmasında, güclənməsində rolu olmuş başqa şəxslər də var, onların razılığı alınmalıdır. Hacılı onlarla anlaşa bilməsə, başqan seçiləcək, ancaq güclü başqan, hamının başqanı ola bilməyəcək.
Zaur Sultanbud