Milli Məclisin növbədənkənar sessiyası başa çatdı

İyunun 26-da Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçirilib. Millət vəkilləri cari məsələlər üçün ayrılan vaxt ərzində müxtəlif məsələləri qaldırıblar. Əvvəlcə MM sədri Oqtay Əsədov Prezident İlham Əliyevin AŞPA-dakı çıxışına münasibət bildirib. Bildirib ki, Prezident İlham Əliyev Azərbaycanı Avropaya layiqincə təqdim etdi: " Azərbaycanın beynəlxalq birliyin layiqli üzvü olduğunu, beynəlxalq ictimaiyyət qarşısında alnıaçıq olduğunu sübut etdi. Prezident özünün dərin məzmunlu çıxışı ilə ölkədə həyata keçirilən islahatlar, qarşıda dayanan problemlər, o cümlədən Daqlığ Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirlərini açıqlayıb". Millət vəkili Fəzail Ağamalı qeyd edib ki, dövlət başçısının fikirləri böyük ajiotaj yarada bilib: "Mən bir Azərbaycan vətəndaşı kimi cənab prezidentin yüksək intellektinə, vətənpərvərliyinə, böyük siyasi təfəkkürünə heyran oldum, prezident kimi onunla fəxr etdim". Deputat Qənirə Paşayeva da qeyd edib ki, Azərbaycan prezidenti Azərbaycanın maraqlarını, mövqeyini yüksək səviyyədə, bütün Assambleya üzvlərinə çatdırdı. Prezidentin çıxışında ən diqqətçəkən məqamlardan biri Azərbaycan artıq heç kəsin təzyiq və təhdid dilində danışa bilməyəcəyi mesajının verilməsi idi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan artıq ikili standartları qəbul etməyəcək və Avropa Şurası məkanındakı standartlar vahid standartlar olmalıdır və ikili standartların heç birini qəbul etməyəcək: "İlham Əliyevin Azərbaycanın Avropa Şurasına sədrliyi dövründə görəcəyi işlərlə bağlı açıqlamaları isə çox böyük diqqətlə dinlənilirdi. Çünki Prezidentin Avropa Şurasından Azərbaycanın prioritetlərini açıqlaması çox önəmli idi. Bəzi qüvvələr var idi ki, onlar Avropa Şurasına sədrliyindən narahatdırlar. Onlar müxtəlif yollarla buna mane olmağa çalışırlar. Amma cənab Prezident bu kimi qüvvələrin suallarına cavabında da bütün məsələlərə aydınlıq gətirdi". Onun sözlərinə görə, dövlət başçısının çıxışında ən önəmli məsələlərdən biri də ikili standartlarla mübarizə aparacağı barədə açıqlama və Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi açıq mesajlar idi: "Azərbaycanın heç bir qarış torpağı da hansısa müzakirə mövzusu olmayacağını , münaqişənin ancaq ərazi bütövlüyü çərçivəsində həll olunacağını və bundan başqa bir variantın qəbul olunmayacağını vurğuladı. Nəinki Dağlıq Qarabağın, həm də bu gün Ermənistanın paytaxtı olan Yerevanın da Azərbaycan torpağı olmasını Ermənistanın daha yaxşı bilməsini açıqladı. Ermənistan istəyir ki, Azərbaycan xalqı uzun illər oturub bu vəziyyəti qəbul etsin və beynəlxalq təşkilatların gündəmində bu problem zəifləsin. Amma Azərbaycan buna imkan verməyəcək". Millət vəkili Bəxtiyar Əliyev əlavə edib ki, AŞPA-da səsləndirilən fikirlər Azərbaycan xalqının fikir və iradəsidir: "Ölkədə aparılan hüquqi islahatlar bəhrəsini verib, vətəndaş cəmiyyəti oturuşub. Təkcə bölgənin deyil, həm də Avropanın enerji təhlükəsizliyi sülhün, sabitliyin qarantına çevrilib. İndiki zamanda Azərbaycana əngəl yaradan yalnız bir məsələ var - torpaqların Ermənsitan tərəfindən işğalı. Təəssüf ki, bununla bağlı BMT və AŞPA qətnamələrinin yerinə yetirilməsi istiqamətində heç bir tədbir görülməyib. Azərbaycana qarşı ikili standartlar işə salınıb". B.Əliyev hesab edir ki, AŞPA üzvü Azərbaycanın əraziləri həmin qurumun üzvü olan digər dövlət tərəfindən işğal olunduğu bir halda, təcavüzkara yerini göstərmək lazımdır. Amma bunun əvəzinə Azərbaycana qarşı standartlar tətbiq olunur: "Bunlar süni çalışmalardır. Azərbaycan prezidentinin səsləndirdiyi fikirlər Azərbaycan xalqının fikir və iradəsidir. Beynəlxalq ictimaiyyət bunu qəbul etməlidir, Azərbaycandan köməyini əsrigəməməlidir". Millət vəkili Siyavuş Novruzov qeyd edib ki, Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün müəyyən əl deputatları olan erməni lobbisinə işləyən avropalı parlament üzvləri bu addımları atdı: " Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir". O bildirib ki, Azərbaycan prezidentinin AŞPA-dakı çıxışı ilə bütün Azərbaycan bir fəxarət hissi keçirtdi. Lakin bəzi qüvvələrdən başqa, erməni lobbisinə xidmət edən müəyyən avropalı deputatlar, ermənilər və ermənilərdən daha çox Azərbaycana ziyan vuran, Azərbaycan əleyhinə işləyən bəzi ünsürlər Prezidentin çıxışına kölgə salmağa çalışdılar: "Biz bunun hamısının şahidi olduq ki, cənab prezident Azərbaycanla bağlı, dünyada gedən proseslərlə bağlı fikirlərini səsləndirdi. Burada Avropa deputatlarının cənab prezidentə qoyduğu sual hansı ki Azərbaycanın Avropa enerji təhlükəsizliyindəki rolu barədə və regiondakı münaqişənin həlli yolları ilə bağlı deyil, hansısa erməni deputatının yazıb qarşısına qoyduğu avropalı deputat mənşəcə erməni olan Leyla Yunus barədə sual verir. Niyə 1 milyon qaçqın haqqında sual vermirsiniz? Niyə 20% işğal olunmuş torpaqlardan sual vermirsən? Hansısa erməni mənşəli biri barədə sual verirsən. Bu da bir daha orada olan insanların simasını ortaya qoydu. Müxtəlif adlarla orada sığınacaq almış, hətta biz araşdırmışıq bəziləri erməni olduğuna görə orada sığınacaq alan-özlərini azərbaycanlı adlandıran şəxslər erməni olduğuna görə sığınacaq alır.Təbii ki, bunlara o cür çıxış, o cür münasibət sərf etmir və Azərbaycanın haqq işinə, Azərbaycanda gedən proseslərə kölgə salmaq üçün müəyyən əl deputatları olan erməni lobbisinə işləyən avropalı parlament üzvləri bu addımları atdı. Lakin onların təxribatı baş tutmadı. Çünki bizim işimiz haqq işidir. Cənab Prezidentin qeyd etdiyi kimi, mən çalışacağam ki, bizim sədrliyimiz dövründə ikili standartların qarşısı alınsın". Sonra millət vəkilləri gündəlikdə duran məsələlərin müzakirəsini başa çatdırıblar. Bununla da MM-in növbədənkənar sessiyası başa çatıb.

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00