“Ermənistan Xankəndi uçuşlarından Azərbaycanın reaksiyasını yoxlamaq istəyir”

Üzeyir Cəfərov: “Belə halda təyyarə sabah vurulub itkilər olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşəcək”

Hərbi-ekspert Üzeyir Cəfərov Ermənistanın işğalı altında olan Xankəndində hava limanın istifadəyə verilməsi barədə məsələyə münasibət bildirib. Bununla əlaqədar sosial şəbəkələrdə və mətbuatda yayılan videogörüntüləri ürək yanğısı ilə seyr etdiyini deyən Ü.Cəfərov qeyd edib ki, məsələ ilə əlaqədar Ermənistan tərəfinə reaksiya verilməlidir: "Azərbaycan tərəfi dəfələrlə bəyan edib ki, əgər Xankəndi aeroportundan sərnişin təyyarələrinin uçuşları həyata keçirilsə vurulacaq. İndiki məqamda da ermənilərin işğal altında olan Azərbaycan ərazilərində həyata keçirdikləri qeyri-qanuni uçuşlara susmaq olmaz. İstənilən halda digər uçuşlar da yolverilməzdir. Məsələnin üzərindən sükutla keçmək olmaz. Dəfələrlə qeyd etmişik ki, hətta sabiq müdafiə naziri Səfər Əbiyevin dönəmində Eldar Sabiroğlu da bu haqda açıqlama vermişdi ki, Azərbaycan mütləq mənada Xankəndi aeroportunun istifadəsinə imkan verməyəcək". Üzeyir Cəfərov qeyd edib ki, videogörüntüdə erməni təyyarəsinin Xankəndi üzərində bir neçə dəfə manevr edib yenidən aeroporta enməsi təsiri idi. Ekspert hesab edir ki, Ermənistan bununla həm də Azərbaycanın reaksiyasını yoxlamaq üçün ortaya ata bilər: "Bu məsələdə biz Beynəlxalq Aviasiya Təşkilatının normalarına istinad edərək Azərbaycanın hava məkanının pozulması kimi dəylərləndirməliyik. Belə halda təyyarə sabah vurulub itkilər olacağı təqdirdə bütün məsuliyyət Ermənistan tərəfinin üzərinə düşəcək. Çünki Beynəlxalq Aviasiya Təşkilatı, həmçinin digər beynəlxalq qurumlar Dağlıq Qarabağın Azərbaycan ərazisi olduğunu bildiriblər və orada hansısa uçuşun həyata keçirilməsini qeyri-qanuni sayırlar". Üzeyir Cəfərovun sözlərinə görə, ermənilərin Xankəndində uçuşlar həyata keçirməsinə yol vermək olmaz. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00