İlham Əliyev dəmir iradəsi və məntiqi ilə antiazərbaycan qüvvələrə cavab verdi

Azərbaycan prezidenti İlham Əliyev Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının plenar iclasında çıxış edib. Dövlət başçısının Azərbaycanda gedən proseslərlə bağlı geniş məlumat verməsi, AŞPA Nazirlər Şurasının sədri kimi götürdüyü öhdəliyin məsuliyyətinin qiymətləndirilməsi siyasi baxımdan olduqca əhəmiyyətli idi. . Bəri başdan qeyd edək ki, Azərbaycan Prezidentinin qlobal düşüncə tərzi, Azərbaycanda və dünyada baş verən hadisələr, cərəyan edən proseslər haqqında məlumatlılıq səviyyəsi, sistemli təhlili, dəmir iradəsi və məntiqi, müstəqil və analitik mühakimə qabiliyyəti, prinsipiallığı, qətiyyəti AŞPA deputatları, ekspertlər, şərhçilər, yerli və xarici KİV-lər, sıravi vətəndaşlar tərəfindən yüksək qiymətləndirilmişdir. Dövlət başçısı müstəqillik illərində Azərbaycanın inkişaf yolu, həyata keçirilən siyasi və iqtisadi islahatlar, güclü iqtisadiyyat, müasir, demokratik cəmiyyət quruculuğu sahəsində əldə olunmuş mühüm uğurlar, Azərbaycanın təşəbbüsü və liderliyi ilə reallaşdırılan nəhəng transmilli enerji layihələri, dövlətimizin daxili və xarici siyasətinin prioritetləri, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və digər məsələlər barədə danışmış, həmçinin AŞPA deputatlarının suallarını cavablandırmışdır.   

***

Müstəqillik dövründə əldə olunan uğurlardan danışan Azərbaycan prezidenti bəyan edib ki, hazırda da ölkəmiz yüksək templə inkişaf edir. Daha yüksək nailiyyətlər əldə etmək məqsədilə islahatlar davam etdirilir: " Müstəqilliyimizin ilk illəri bizim xalqımız üçün faciəyə çevrildi. İqtisadi çətinliklər var idi, siyasi və iqtisadi böhran yaranmışdı, Azərbaycandakı ilk hakimiyyətin ölkəni qeyri-effektiv idarə etməsi çox ciddi vəziyyətə gətirib çıxarmışdı. Ümumiyyətlə, əsas məsələ bizim dövlətimizin mövcudluğu idi. 90-cı illərin ortalarında Azərbaycanın yeni demokratik Konstitusiyası qəbul olundu. Ölkədə sosial və iqtisadi inkişaf dövrü başlandı". Avropa Şurasına üzvlüyü dövründə ölkəmizin bir çox nailiyyətlər qazandığını deyən Azərbaycan Prezidenti ölkəmizin qurum qarşısında götürdüyü öhdəlikləri layiqincə yerinə yetirdiyini diqqətə çatdırıb: "Bizim öz istəyimizlə bu təşkilatın üzvü olmaq və ölkədə aparılan islahatları dərinləşdirmək niyyətimiz var idi. Təbii ki, Avropa Şurasının üzvlüklə bizim üzərimizə müəyyən öhdəliklər qoyacağını aydın başa düşürdük və biz bu öhdəlikləri yerinə yetirməyə həmişə hazır olmuşuq. Biz indi də üzərimizə düşən öhdəlikləri həyata keçiririk. 60-a yaxın konvensiyaya qoşulmuşuq, qanunvericiliyimizi yeniləmişik. Hazırda apardığımız islahatlar bizim cəmiyyətdə çox müsbət ab-hava yaradır. Fundamental azadlıqlar məsələsinə gəldikdə, Azərbaycanda bütün bunların hamısına riayət olunur. Sərbəst siyasi fəaliyyətlə məşğul olmaq, siyasi azadlıqlar mövcuddur. Bizim ölkədə yüzlərlə siyasi institut, siyasi partiya fəaliyyət göstərir". Dövlətimizin başçısı ötən dövrdə ölkəmizdə əsas azadlıqların təmin edildiyini, mətbuat və söz azadlığı sahəsində mühüm islahatların həyata keçirildiyini, azad internetin mövcud olduğunu bir daha diqqətə çatdırıb: "KİV tam azaddır və Azərbaycanda gündəlik, həftəlik, aylıq çoxlu sayda qəzet və jurnal çap olunur, ölkədə çoxlu sayda televiziya kanalları, eləcə də regional kanallar fəaliyyət göstərir. Bundan başqa, ölkəmizdə internet tam azaddır və əhalinin 70 faizindən çoxu internetdən istifadə edir. Azad internetin olduğu, senzuranın olmadığı şəraitdə biz heç cür söz və ifadə azadlığını məhdudlaşdıra bilmərik. Əksinə, KİV-in azadlığını daha da genişləndiririk. Eyni zamanda sərbəst toplaşmaq azadlığı da tam təmin olunub. Və bütün bunlar bizim islahatlara nə dərəcədə sadiq olduğumuzun bariz nümunəsidir. Bizim üçün islahatların aparılması prioritet təşkil edən məsələlərdəndir". Dövlət başçısı Azərbaycanın əsas prioritetlərindən birinin də korrupsiya ilə mübarizə olduğunu vurğulayıb: "Azərbaycan bu sahədə unikal bir təcrübəyə malikdir. Təəssüf ki, SSRİ-nin bütün keçmiş respublikaları bu problemlə - köhnə nəsildən qalma korrupsiya problemi ilə üzləşib. Korrupsiya problemi bizim ölkəmizdə də uğurlu inkişafa maneələr yaratmaqdadır. Buna görə də Azərbaycanda korrupsiya ilə uğurla mübarizə sahəsində bir sıra inzibati tədbirlər həyata keçirilib, islahatlar aparılıb. Bu istiqamətdə həyata keçirilən tədbirlərdən biri də ASAN dövlət xidmətinə dair proqramdır. Bu proqram artıq il yarımdır, fəaliyyət göstərir. Yeni proqram Azərbaycanda korrupsiyanın səviyyəsinin azalmasına çox böyük təsir etdi. Bizim bu təcrübəmiz hesab edirəm ki, digər üzv ölkələr üçün də maraqlı ola bilər". Azərbaycan Prezidenti bəzi ermənistanpərəst deputatların verdiyi provokasiyalı suallarını da məharətlə cavablandırıb: "Bizim ölkəmizdə siyasi məhbus yoxdur. Sizin dedikləriniz yalan və əsassız məlumatlar üzərində qurulub, ya da bizim ölkəmizə qarşı qərəzli mövqeyinizdən irəli gəlir. Siz yenə də Azərbaycanı təhqir etmək niyyətindəsiniz, amma bu, uğursuz cəhddir. Əminəm ki, sizin bu yöndə dünənki uğursuz təşəbbüsünüz də iki il əvvəlki təşəbbüs kimi eyni nəticələrlə sona çatacaq. 2013-cü ildə Kristofer Ştrasserin də bu istiqamətdəki təşəbbüsü tam uğursuzluqla nəticələnmişdi". Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin detallarını da aşıqlayıb: "Bizim əsas problemlərimizdən biri beynəlxalq ictimaiyyət tərəfindən tanınmış sərhədlərimizin, Azərbaycanın ərazi bütövlüyünün pozulmasıdır. Ermənistanla Azərbaycan arasındakı münaqişə bütün regionu təhlükə ilə üzləşdirir. Bu münaqişəyə "dondurulmuş" münaqişə deyirlər, amma bu, doğru deyil, o heç də dondurulmuş deyil. Amma bu münaqişəni dondurmaq mümkündür və bunun yolu da münaqişəni həll etməkdir". Dövlət başçısı bəyan edib ki, Dağlıq Qarabağ Azərbaycanın tarixən ayrılmaz bir hissəsidir: "Azərbaycanlılar bu regionda min illər, əsrlər boyu yaşayıblar, ermənilər isə bura yalnız 200 il əvvəl gəliblər. Bizim Dağlıq Qarabağdakı heykəllərimiz, mədəni irsimiz çox təəssüf ki, dağıdılıb və dağıdılmaqdadır. Bütün bunları Ermənistanın işğalçı ordusu həyata keçirib. Bu münaqişə ona gətirib çıxarıb ki, beynəlxalq ictimaiyyət tərəfindən qəbul olunmuş ərazilərimizin 20 faizi işğal altındadır. Erməni bandaları tərəfindən etnik təmizləmələr aparılıb və bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından qaçqın və məcburi köçkün düşüb. Dağlıq Qarabağ ətrafında yerləşən 7 rayon 20 ildən çoxdur ki, işğal altındadır. Bu, ədalətsizlikdir. Dağlıq Qarabağ Azərbaycanın tarixi bir hissəsidir, mən deyərdim ki, bütün Azərbaycanın əmələ gəldiyi bir bölgədir və bu, bizim xalqımıza aid bütün coğrafi adlarda özünü göstərir. Dağlıq Qarabağ birmənalı olaraq Azərbaycanın tərkib hissəsidir və Ermənistandan başqa bütün dünya ölkələri bu ərazilərin Azərbaycana məxsus olduğunu qəbul edir. Dağlıq Qarabağda hökm sürən rejimi də heç kim qəbul etmir. BMT Təhlükəsizlik Şurası bununla bağlı 4 qətnamə qəbul edib və işğalçı erməni qüvvələrinin işğal edilmiş ərazilərdən çəkilməsini tələb edib. Lakin çox təəssüf ki, dediyim kimi, bu qətnamələrdəki müddəaların heç biri həyata keçirilmədi. Bu da məhz həmin ikili standartlar siyasətinin nəticəsidir. Bəzən elə hallar olur ki, BMT-nin qətnamələri bir neçə saat ərzində yerinə yetirilir. Bizim bu məsələmizdə isə artıq 20 il vaxt keçib, amma ortada heç bir mexanizm yoxdur ki, bunu həyata keçirsin. Ermənistan bu əraziləri tərk etmək istəmir, status-kvonu saxlamaq istəyirlər, bu da bütün beynəlxalq vasitəçilərin, Minsk Qrupunun səyləri ilə ziddiyyət təşkil edir". Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsində sədrliyinin prioritetlərindən birinin də beynəlxalq təşkilatların qəbul etdiyi qətnamə və qərarların icrası olduğunu bəyan edən İlham Əliyev qeyd edib ki, Azərbaycanla bağlı da bir neçə qətnamə və qərarlar var: "Bunlardan əsası BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağla bağlı qəbul etdiyi qətnamələrdir. Lakin praktikada bunların heç birisi həyata keçirilmədi. Buna görə də, fikrimcə, beynəlxalq səviyyədə qəbul edilmiş qətnamələrin implimentasiya mexanizminin yaradılması olduqca vacib məsələdir. Belə bir mexanizmi biz hamımız birlikdə tərtib etməliyik. Yoxsa bu qətnamələr öz mövcudluğunu və əhəmiyyətini itirəcək. Biz tövsiyə edərdik ki, beynəlxalq hüququn norma və prinsiplərinin aliliyi təmin edilsin. Bu, çox əhəmiyyətli məsələdir".

***

Azərbaycan Prezidentinin çıxışı bir daha təsdiq etdi ki, cənab İlham Əliyev qlobal düşüncə tərzinə malik olaraq siyasi, iqtisadi və humanitar sahələrdə regionda və dünyada cərəyan edən prosesləri, baş verən hadisələri yaxından izləməklə yanaşı, onların arasında bağlılığı aydın görür və öz fəaliyyətində bunları nəzərə alır. Bu amil Azərbaycanın balanslaşdırılmış xarici siyasət kursunun uğurla reallaşdırılmasında, xarici aləmlə əlaqədə, ölkəmizin təşəbbüskarı olduğu nəhəng transmilli enerji və nəqliyyat layihələrinin həyata keçirilməsində, dövlətimizin beynəlxalq nüfuzunun daha da yüksəlməsində mühüm rol oynayır: "Yüz illər boyu ölkəmizdə tolerantlıq mühitin qorunub saxlanır. Bu gün Bakı dünyada multikulturalizmin əsas mərkəzlərindən biri kimi tanınır. Böyük tarixi, zəngin mədəniyyəti olan ölkəmiz bu gün regionda sabitləşdirici rol oynayır. Azərbaycanın təşəbbüsü ilə bir çox regional layihələr həyata keçirilir. Bu bölgədə ölkələrinin inkişafına müsbət təsirini göstərir".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00