Müsavatda başqan dəyişikliyi gələn ilə qaldı
Qurultayın baş tutması Arif Hacılının da marağında deyil
25 İyun 2014 15:35 SiyasətMüsavat partiyası qurultayını növbəti dəfə təxirə salıb. Divanda qəbul olunmuş qərara görə, qurultay Bakı şəhər İcra Hakimiyyəti tərəfindən müvafiq yer ayrılana qədər keçirilməyəcək. Xatırladaq ki, BŞİH yer ayırıb. Ancaq bu yerlər partiyanın xoşuna gəlmir. Aşkar görünən odur ki, Müsavat sadəcə qurultay keçirmək istəmir. Partiyanın rəhbərliyi hesab edir ki, qurultayın indi keçirilməsi çoxlu problemlərə yol açacaq, qruplararası qarşıdurma güclənəcək və nəyahət, parçalanma yaranacaq. İctimai rəydə yekdil fikir burur ki, Arif Hacılının başqan olmasını istəməyən İsa Qəmbər, Arzu Səmədbəyli, Pənah Hüseyn, Rauf Arifoğlu qurultayı bilərəkdən ləngidir. Bu fikri Hacılı tərəfdarlarının piarı da möhkəmləndirir. Qardaşı Mustafa Hacıbəyli hesab edir ki, qurultay bilərəkdən ertələnir ki, Arif Hacılı başqan olmasın. Bu məntiqə görə, qurultay ləngiyir ki, antiHacılı qrupu ortaya sanballı namizəd çıxara bilsinlər. Bir namizəd var:Qubad İbadoğlu. Bu şəxs Müsavatdakı antiHacılı qrupunun ortaq adayı sayılır. Ancaq başqa versiya da var. Hesab edilir ki, Müsavatın qurultayının ertələnməsi Arif Hacılı da daxil bütün elitanın ortaq rəyidir. Müsavatda hesab edirlər ki, İsa Qəmbərsiz Müsavat Əli Kərimlinin həmlələrinə dözməyərək dağılacaq. Bu üzdən 2015-ci il parlament seçkilərinə qədər qurultayın yubadılması qərara alınıb. Müsavat gələn il siyasi bazarlığa getmək, İsa Qəmbərin parlamentdə təmsilçiliyinə nail olmaq istəyir. İndiki halda İsa Qəmbərin başqanlıqdan getməsi Müsavat cameəsində boşluğun yaranmasına səbəb ola bilər. Müsavat güclü rəqibləri qarşısında zəif duruma düşə bilər. Zəif Müsavat Arif Hacılıya da lazım deyil. Arif Hacılı Müsavatı İsa Qəmbərdən hazırkı vəizyyətdə təhvil almaq istəyir. Son 8 ayda Arif Hacılı öz gücünü, resurslarını saf-çürük etdi. Bəlli oldu ki, faktiki olaraq Müsavat elitasından heç kim onu dəstəkləmir. Qadın Təşkilatı, gənclər qurumu Hacılının nəzarətində deyil. Hacılı qanadının media resursları yoxdur. Bu halda Hacılı başqan olaraq Müsavatı AXCP-nin hücumlarından necə qoruyacaq? Bəlli ki 3-4 aya AXCP-nin piar maşını Arif Hacılının rəhbərlik etdiyi Müsavatı zəiflədəcək. 2006-cı ildə, 2014-cü ilin qışında AXCP-nin Müsavat partiyasına yönəlmiş hücumlarını Müsavat elliklə qarşıladı. Səngərdə Rauf Arifoğlu və komandası görünsə də, Müsavatın bütün elitası AXCP-yə qarşı çıxdı. Arif Hacılının Müsavat və partiyaətrafı dəstək qruplarına, mediaya İsa Qəmbər qədər təsiri yoxdur. Görünür, tərəflər aralarında razılığa gəliblər ki, parlament seçkilərinə qədər bu məsələ müzakirəyə çıxarılmasın və yer bəhanəsi ilə qurultay ertələnsin. Qurultayın bu şəkildə ertələnməsi İsa Qəmbərə yönəlik "20 ildir başqandır, getmək fikrində deyil" ittihamlarını da kəsərsiz edir. Çünki müsavatçıların arqumenti budur ki, "yer vermirlər". Parlament seçkilərində İsa Qəmbər mandat alarsa, o zaman başqanlıqdan çəkilə bilər. Əgər bu baş verməsə, İsa Qəmbər parlament divarlarından kənarda qalsa, o zaman qurultay yenidən ertələnə bilər. Hər halda görünən odur ki, Arif Hacılı bu il Müsavatın başqanı ola bilməyəcək. Ümumiyyətlə, parlament seçkisinədək Müsavatda başqan dəyişikliyi olmayacaq.
Ərhun Abbas