Hərbi məlumatları içtimaiyyətə necə çatdırmalı?
Sabir Rüstəmxanlı: “Müharibə şəraiti nəzərə alınaraq belə məlumatların mətbuata ötürülməsinə yasaq qoyula bilər”
25 İyun 2014 15:04 SiyasətAzərbaycan parlamenti "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" və "Əməliyyat axtarış tədbirləri haqqnda" qanunlara dəyişiklik edib. Sözügedən qanunlarda edilən dəyişiklik onların "Dövlət sirri haqqında"qanuna uyğunlaşdırmaq məqsədi daşıyır. Məlumat üçün qeyd edək ki, "Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında" qanuna edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə dövlət sirri təşkil edən məlumatlar, sənədlər və texniki vasitələrlə işləməyə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" Azərbaycan Respublikası qanununa uyğun olaraq keçirilməsi nəzərdə tutulur. "Əməliyyat-axtarış fəaliyyəti haqqında" qanuna isə edilən dəyişikliyə əsasən, öz qulluq mövqeyinə görə məxfi məlumatlara və ya xüsusi icazə tələb edən işlərə buraxılacaq şəxslər barədə yoxlama tədbirlərinin "Dövlət sirri haqqında" qanuna uyğun olaraq keçirilməsi nəzərdə tutulur. Dəyişikliyə əsasən vəzifəli şəxsin və vətəndaşın xüsusi əhəmiyyətli, tam məxfi və məxfi məlumatlarla işləməyə buraxılması ilə bağlı yoxlama tədbirləri prokurorluq orqanlarında Azərbaycanın Baş Prokurorluğu, digər dövlət hakimiyyəti orqanları, idarə, müəssisə və təşkilatlarda isə müvafiq icra hakimiyyəti orqanı tərəfindən keçirilir. Yoxlama tədbirlərinin həcmi və keçirilməsi qaydası yoxlama tədbirlərini keçirən orqanlar tərəfindən hazırlanır və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla təsdiq edilir. Eyni zamanda, vəzifəli şəxsin və vətəndaşın ona etibar ediləcək dövlət sirri təşkil edən məlumatları yaymayacağı barədə dövlət qarşısında götürdüyü öhdəliyi onunla işəgötürən arasında bağlanan əmək müqaviləsində, işə (xidmətə) qəbul əmək müqaviləsi ilə həyata keçirilmədikdə isə iltizamnamədə əks olunur. Dövlət sirri ilə işləməyə buraxılışı olmayan şəxsin dövlət sirrindən istifadə ilə bağlı vəzifəyə təyin edilməsinə yol verilmir. Bəs, qanunvericilikdə belə bir dəyişikliyə nə dərəcədə ehtiyac var?
***
Millət vəkili Sabir Rüstəmxanlı bildirib ki, dövlət sirri ilə bağlı məqamlar çox ciddi məsələlərdir. Bu məsələlər ölkənin ümumi vəziyyəti ilə bağlıdır və bu məsələlərə reallıq nəzərə alınmaqla baxılmalıdır: "Mətbuat orqanlarının, jurnalistlərin bu məsələyə yanaşma tərzi maraqlıdır. Sanki biz qəliz bir düşmənlə üz-üzə dayanmamışıq. Hərbi sənayedə nə baş verirsə, ertəsi günü bizim qəzetlərdədir. Snayperlərimiz neçə yüz məsafədən vurur, Rusiyadan neçə tank almışıq, tankların keyfiyyəti hansı səviyyədədir, neçə hərbi vertalyotumuz var, əsgərimizin sayı nə qədərdir kimi məlumatlar geninə-boluna verilir. Əgər bu rəsmi dövlət siyasətidirsə, biz bunu başa düşək ki, guya bununla ermənini qorxuduruq. Əslində belə bir şey yoxdur. Nəzərə almaq lazımdır ki, heç bir ölkədəki hərbi sənayedə atılan xırda addımlar, istehsal olunan silahlar, ölkəyə alınan hərbi texnika, döyüş sursatı barədə açıq şəkildə müzakirə aparılmır. Bizdə də belə yanaşmanın birdəfəlik qarşısı alınmalıdır. Düzdür, Azərbaycanda senzura ləğv edilib, ancaq müharibə şəraiti nəzərə alınaraq hərbi məlumatların mətbuata ötürülməsinə, belə məlumatların cəmiyyətə çatdırılmasına yasaq qoyula bilər". Millət vəkili əlavə edib ki, hərbi xarakterli məlumatların ictimaiyyətə çatdırılması üçün jurnalistlərə xüsusi təlimat verilməlidir: "Yaddan çıxarmaq olmaz ki, Azərbaycana "yiyələnmək" istəyən, bizi təzədən qoltuğunun altına almaq istəyən gözlər çoxdur. Ən qorxulusi isə odir ki, onların heç birinə etibar yoxdur. Bir təfərdən Avropaya inteqrasiyadan yarımamışıq, NATO-nun yanaşması göz qabağındadır. Digər tərəfdən, Rusiya, MDB-nin mövqeyi bəllidir. MDB-yə gedəndə bəh-bəhlə deyilirdi ki, hansısa məsələlər həll olunacaq, ancaq heç bir şey həll olunmadı. Ona görə də bu məsələlərdə diqqətli olmalıyıq". Millət vəkili təəssüflə qeyd edib ki, son vaxtlar mətbuatda tez-tez Rusiyaya heyranlıq, Avrasiya İttifaqının böyük əhəmiyyəti ilə bağlı yazılar çap olunur: "Əslində bu ölkə daxilində olan psixoloji sirri ötürmədir. Yəni ölkədəki vəziyyətin, psixoloji durumun başqa ölkələrə çatdırılmasıdır. Azərbaycanda ziyalılar və yaxud millət vəkilləri mətbuatda ardıcıl olaraq məqalələr çap etdirirlərsə "Avropadan heç bir xeyir gəlməz, bu prespektivsiz bir yoldur. Biz təzədən Rusiyanın qucağına qayıtmalıyıq, iqtisadi cəhətdən biz bura bağlıyıq" kimi fikirlərin heç bir əsas yoxdur. Bu ən azından iki yüz illik tarixi unutmaq, bizim şəhidlərimizin qanına hörmətsizlikdir. Rusların əli ilə 1905-ci ildən başlamış qanlı qırğınları, 37-ci il represiyasını, millətimizin tarixinin saxtalaşdırılması, dilimizin, əlifbamızın dəyişdirilərək bizi tamam başqa bir millətə çevirmək siyasətini unutmaq olmaz. Rusiyanın bizə qarşı münasibəti dəyişməzdir. Desələr ki, Qarabağ məsələsi çubuq işarəsi ilə həll olunacaq, yenə də belə vədlərə inanmaq sadəlövlükdür. Rusiyada belə yazıları oxuyanda elə bir təsəvvür yaranır ki, artıq Azərbaycanda cəmiyyət bölünür, iki fikirlilik var, əhalinin bir hissəsi artıq bizim üçün darıxıb, xiffətimizi çəkirlər, gözləyirlər təzədən bizimlə bir yerdə olsunlar, ona görə təzyiqləri artırmaq lazımdır. Halbuki Azərbaycan son 20 ildə bu istiqamətdə öz siyasətini müəyyənləşdirib. Biz Avropaya inteqrasiya yolunu tutmuşuq. Rəsmi siyasət belə olan halda nazirlərin, millət vəkillərinin başqa mövqedən çıxış etməyə nə haqqı var? Bu, ölkənin rəsmi siyasətinə ciddi zərbədir". Deputat Fəzail Ağamalı qeyd edib ki, Azərbaycan müharibə apardığından ölkədən sirr çıxmamalıdır: "Bəzi KİV mənbəyi bilinməyən, bəlkə də təxəyyülün məhsulu olan informasiyanı dərc edirlər. Amma müvafiq dövlət qurumları buna qarşı lazımi addımlar atmırlar. Bu yaxınlarda müdafiə naziri ilə bağlı dezinformasiya yaymışdılar. Bunu kim mətbuata ötürmüşdü, məqsəd nədir, niyə nazirlik bu məsələnin üzərinə getmir? KİV diqqətli olmalıdır, bəzən məlumatlar Azərbaycanı istəməyən qüvvələr tərəfindən mətbuata ötürülə bilər". F.Ağamalı əlavə edib ki, Azərbaycan Qərb, Rusiya, Avropa və ya İran meylli deyil: "Bizim konkret siyasətimiz var və bu Azərbaycanın öz siyasətidir. Hesab edirəm ki, hər kəs bu siyasəti müdafiə etməlidir".
Alim