“Azərbaycan ordusu Dağlıq Qarabağı azad etməyə qadirdi”
Emin Həsənli: “Cənab prezidentin ordu quruculuğu sahəsindəki islahatları uğurludur”
25 İyun 2014 13:33 SiyasətSilahlı Qüvvələrə İctimai Nəzarət Birliyinin sədri Emin Həsənli 26 iyun Silahlı Qüvvələrin yaranması günü ilə bağlı təəssüratlarını bölüşüb. E.Həsənli qeyd edib ki, Azərbaycanın ordu quruculuğu sahəsində əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş uğurlu siyasət cənab Prezident İlham Əliyev tərəfindən davam etdirilir. E.Həsənli qeyd edib ki, ulu öndər ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra ordu quruculuğunu təmin etmək, işğal edilmiş ərazilərin geri qaytarılması istiqamətində məqsədyönlü və ardıcıl addımlar atılıb: "Xalq səfərbər edildi, Füzuli istiqamətində düşmən geri oturduldu. Ayrı-ayrı silahlı dəstələr ləğv edilərək vahid komandanlığa əsaslanan ordu quruldu. Düşmən atəşkəsə məcbur edildi. Ordunun beynəlxalq əlaqələri təmin edildi. NATO-nun "Sülh naminə tərəfdaşlıq" proqramına qoşuldu və qurumla fərdi tərəfdaşlıq razılaşması imzalandı. Kadr potensialı artırıldı. 1999-cu ildı ümummili liderimiz tərəfindən hərbi akademiya yaradıldı. 2001-ci ildə Təlim Tədris Mərkəzi quruldu. Çavuşlar-gizirlər, ali təyyarəçilik və dənizçilik məktəbləri açıldı. Cənab Prezident İlham Əliyevin rəhbərliyi altında bu sahədə uğurlar davam etdirilir. Azərbaycanın hərbi büdcəsi Ermənistanın ümumi dövlət büdcəsini iki dəfə çoxdur. Ölkənin özünün müdafiə sənayesi yaradılıb. Artıq ölkə öz silahlarını istehsal edir. Tez-tez Silahlı Qüvvələrin hərbi təlimləri keçirilir. Azərbaycan Kosovodan sonra Əfqanıstan və İraqda sülhyaratma proseslərinə birbaşa rəhbərlik edir. Ən sevindirici hal ondan ibarətdir ki, düşmən cəbhə bölgəsində dəfələrlə susudurulub. Azərbaycanın indi özünün işğal edilmiş ərazilərini geri qaytarmaq iqtidarında olan nizami ordusu var, o müstəqilliyimizin hər an keşiyindədir. Ümummili liderimiz deyirdi ki, Azərbaycanda hər peşə şərəflidir, amma Vətəni qorumaq peşəsi ən şərəflisidir. Müdafiə naziri Zakir Həsənovun rəhbərliyi altında da bu sahədə çox uğurlu islahatlar aparılır. Ordu quruculuğunda görülən işlər daha da intensivləşib. Tez-tez müdafiə naziri cəbhə bölgəsinə, ayrı-ayrı dövlətlərə səfərlər edir. Orduda yeməyin keyfiyyətinin qaldırılması, geyim formasının dəyişilməsi, hərbi hissələrin təminat-təchizat məsələlərinin yaxşılaşdırılması təqdir olunur. Ayrı-ayrı vaxtlarda uğur qazanmış hərbçilərimiz yenidən orduya qaytarılır, ehtiyatda olan bacarıqlı zabitlər, milli qəhrəmanlar, şərəfli döyüş yolu keçmiş hərbçilərimiz ordu quruculuğuna cəlb edilirlər. Bunların hamısı sevindiricidir. Dövlətin müharibə veteranları, əlilləri və şəhid ailələrinə göstərdiyi qayğı sevindiricidir. İnşallah, yaxın gələcəkdə biz Qarabağımıza qayıdacağıq. Bizim bunu etməyə qadir güclü ordumuz var. Silahlı Qüvvələrin yaranması günü Azərbaycanın ən müqəddəs bayramıdır və bu münasibətlə ürəyi Vətən yolunda döyünən hər kəsi təbrik edirəm". ("OLAYLAR" İA)