“Rusiya Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəşt etmək istəyir”

Üzeyir Cəfərov: “Münaqişə ətrafında baş verən son proseslər növbəti rus-erməni fırıldağının təzahürüdür”

"Rusiya Dağlıq Qarabağ məsələsində nə yardan doymaq, nə də əldən qoymaq istəyir" - hərbi-ekspert Üzeyir Cəfərov son zamanlarda Rusiya dövlət rəsmilərinin tez-tez Dağlıq Qarabağ müaqişəsinə dair verdiyi açıqlamalara münasibət bildirərkən belə deyib. Rusiyanın münaqişənin həllində öz siyasətini yürütdüyünü deyən Ü.Cəfərovun sözlərinə görə, o bu məsələdə nə Ermənistanı, nə də Azərbaycanı itirmək istəmir: "Rusiya dövlət rəsmilərinin, eyni zamanda xarici işlər naziri Sergey Lavrov, baş nazirin müavini Dmitri Roqozinin Bakıya səfərləri, prezident Vladimir Putinin dövlət başçısı İlham Əliyevə telefon zəngi Moskvanın Dağlıq Qarabağ məsələsində Azərbaycana güzəştə getmək niyyətində olmasını bildirir. Lavrovun Ermənistanda səsləndirdiyi fikirlər də bu qəbildən idi. İndi üç rayonun Azərbaycana qaytarılması məsələsi gündəmə gəlib. Rusiyanın bu planı Azərbaycanın əleyhinədir. Biz BMT-nin 4 məlum qətnaməsini kənarda qoyub Rusiyanın özbaşına 3 rayonu qaytarmaq təklifilə razılaşmamalıyıq. Həmin qətnamələrdə göstərilir ki, Ermənistan ordusu Azərbaycanın işğal etdiyi ərazilərindən geri çəkilməlidir. Rusiya Azərbaycanın Ermənistana güzəştə getməsinə çalışır. Nəticədə isə Ermənistan blokadadan çıxaraq Azərbaycanla birlikdə Avrasiya İttifaqına üzv olacaq". Üzeyir Cəfərov hesab edir ki, Dağlıq Qarabağ ətrafında baş verən son proseslər növbəti rus-erməni fırıldağının təzahürüdür. Ekspert Azərbaycan tərəfinin bu məsələdə Ermənistana heç bir güzəştə getməməsini məqbul hesab edir. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00