Qəbələdə V Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilir

İyunun 23-də Qəbələdə  V Azərbaycan-Rusiya Regionlararası Forumu öz işinə başlayıb. Forumda hər iki ölkədən yüksək səviyyəli rəsmilər iştirak edib. Əvvəlcə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putinin forum iştirakçılarına ünvanladığı məktub oxunub. Azərbaycan prezidentinin forum iştirakçılarına ünvanladığı məktubu Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov oxuyub. Məktubda qeyd edilib ki, ənənəvi olaraq təşkil edilən forumlar iki dost ölkə arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsi yolunda təsirli vasitəyə çevrilib: "Forumun Azərbaycan dövlətçiliyinin qədim tarixini özündə qoruyan Qəbələ şəhərində keçirilməsi əlamətdar hadisədir. Gözəl təbiəti, etnik və dini müxtəlifliyi ilə fərqlənən bu bölgə respublikamızın mədəniyyət və turizm mərkəzlərindən birinə çevrilib". Dövlət başçısı qeyd edib ki, hazırda Azərbaycan və Rusiya subyektləri arasında ticari-iqtisadi və humanitar əməkdaşlığın inkişafı üçün böyük potensial mövcuddur: "Bizim ölkələrimizdə etibarlı tərəfdaşlıq münasibətlərinin bərqərar olması və əlverişli investisiya mühitinin mövcudluğu regionlararası iqtisadi əlaqələrə özəl biznesin daha aktiv cəlb edilməsi üçün lazımi şərait yaradır. İndiyədək energetika, kənd təsərrüfatı, bank işi, turizm və nəqliyyat sahələrində əldə edilmiş müsbət təcrübədən çıxış edərək biz yaxın gələcək üçün yeni məqsədləri müəyyən edə bilərik. Eləcə də əməkdaşlığımızın vacib komponentləri olan humanitar inkişaf və informasiya mübadiləsi sahələrinə diqqət artırılmalıdır. Bunun üçün layihələr və aydın perspektivli işlək mexanizmlər hazırlamaq lazımdır". Vladimir Putinin məktubunda isə bildirilib ki, regionlararası əlaqələr Rusiya və Azərbaycanın ənənəvi dostluq, mehriban qonşuluq münasibətlərinin inkişafının əsas istiqamətlərindəndir və yeni layihə və təşəbbüslərə təkan verir. Kreml rəhbəri bildirib ki, bu il 5 yaşı tamam olan geniştərkibli forumunuz nüfuzunu durmadan artırır və bu illər ərzində iki ölkə regionlarının qarşılıqlı fəaliyyətinin bütün spektri üzrə konstruktiv dialoq üçün tələb edilən məkan olaraq qalır, nəqliyyat, energetika və bank sahələrində, investiyalar və kənd təsərrüfatı, turizm və təhsil sektorlarında əməkdaşlığımızın əhəmiyyətli potensialını üzə çıxarmaq baxımından əla imkan təqdim edir. Forumda çıxış edən iqtisadiyyat və sənaye naziri Şahin Mustafayev qeyd edib ki, bu forum mehriban qonşuluq və dostluq prinsiplərinə əsaslanan iki ölkə arasında uğurlu əməkdaşlığın nümunəsidir. Onun sözlərinə görə, ölkələr arasında ticarət dövriyyəsi 2,6 milyard dollar təşkil edir. Son 10 ildə Rusiyada Azərbaycan investisiyaları 1 milyard dollar olub. Azərbaycan RF-nin 15 subyekti ilə sənədlər imzalayıb: "Azərbaycan Rusiyadan başqa heç bir ölkə ilə belə formatda görüşlər keçirmir. Forum çərçivəsində regionlarla tanışlıq məqsədilə müəssisələrə, şəhərin görməli yerlərinə baş çəkmək, mədəniyyət üzrə proqram, ikitərəfli qurumlararası sənədlərin, habelə özəl şirkətlər arasında müqavilələrin imzalanması nəzərdə tutulur. Ölkələrimiz beynəlxalq təşkilatlar çərçivəsində sıx əməkdaşlıq edir. Hər iki ölkə prezidenti ikitərəfli siyasi və iqtisadi əlaqələrə böyük önəm verir". Onun sözlərinə görə, əvvəlki illərdə olduğu kimi 2013-cü ildə də iki ölkə arasında əmtəə dövriyyəsində müsbət dinamika müşahidə edilib: "Əvvəlki illərlə müqayisədə 10,5 faiz artan əmtəə dövriyyəsi təqribən 2,6 milyard dollar olub. Hazırda Azərbaycanın əmtəə dövriyyəsində Rusiya üçüncü, idxalda isə birinci yeri tutur. Azad ticarət rejimi ikitərəfli ticarətin inkişafına yardım edir və sahibkarlıq subyektləri arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün imkan yaradır". Nazir onu da diqqətə çatdırıb ki, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi müxtəlif iqtisadi layihələrin tam həcmdə həyata keçirilməsinə imkan vermir. Rusiyanın regional inkişaf naziri İqor Slyunyayev Azərbaycanda belə forumların keçirilməsi ənənəsinin əsası beş il əvvəl ölkə rəhbərləri tərəfindən qoyulduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan və Rusiya bu gün energetika, bank işi, nəqliyyat, sənaye və digər sahələrdə uğurla əməkdaşlıq edir. Nazir qeyd edib ki, iki ölkənin 500-dən artıq şirkəti ikitərəfli əməkdaşlıqda iştirak edir: "Rusiyanın 75 subyekti Azərbaycanla fəal əməkdaşlıq edir".


F.Məhəmməd
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00