AXCP-Müsavat əməkdaşlığı alınmadı

Müsavat yeni siyasi birlik yaradır

Müsavat partiyasının AXCP ilə birlik təşəbbüsləri fayda verməyib. Qeyd edək ki, bir müddət öncə Müsavat Divan üzvü, sabiq millət vəkili İkram İsrafil Müsavatla AXCP arasında birliyin zəruri olduğunu bildirmiş, bununla da İsa Qəmbərin Əli Kərimliyə mesajını çatdırmışdı. Mesaj təxminən belə idi ki, Milli Şura gözlənilən effekti verməyib, yeni formatda birlik vacibdir. Birliyin əsas səbəbi kimi də Rusiya təhlükəsi, beşinci kalonun fəallaşması və s məsələlər göstərilirdi.  AXCP buna 2 həftədən sonra cavab verdi. Ancaq partiya səviyyəsində deyil, qəzet səviyyəsində. AXCP-nin mətbu orqanında təşəbbüsün müəllifi İkram İsrafil separatçılıqda, iqtidara işləməkdə suçlandırıldı. Görünür, bunu ilkin reaksiya hesab edən Müsavat AXCP-dən əlini  üzdü və yeni siyasi birliyin yaranmasına srart verdi. Belə birliyin adı artıq elan olunub.   Milli Strateji Düşüncə Mərkəzi (MSDM)artıq  təsis edilib. Mərkəzin təsis protokolu qəbul edilib. Həmçinin, MSDM-in Məşvərət Heyəti formalaşdırılıb və fəaliyyət prosedurları müəyyənləşdirilib.Təsis protokoluna görə, qurumun əsas məqsədi Azərbaycan cəmiyyətinin və dövlətinin mövcudluq və inkişaf strategiyası, demokratikləşmə və çağdaş siyasi mədəniyyətin formalaşması prosesləri sahəsində  nəzəri və praktik tədqiqatlar aparmaq; layihələr, proqramlar, konsepsiyalar, doktrinalar, analitik materiallar hazırlamaq və ictimai müzakirələrə çıxarmaq, dövlətə və ictimaiyyətə təqdim etmək, mütəxəssis və ekspertlərin iştirakı ilə seminarlar , konfranslar, görüşlər keçirməkdir. Əslində siyasi birlikdən daha çox araşdırma mərkəzinin, yəni QHT-nin məramnaməsinə oxşayan bir sənədi qəbul etmiş MSDM-in perspektivdə istiqaməti  dəyişə bilər. Qurumun təsisçiləri MSDM-ə başqa xırda partiyaları da dəvət edəcəklər. Azadlıq partiyasının sədri Əhməd Oruc quruma dəvət edilib. Müsavatyönlü mətbuata açıqlamasında Oruc müxalifətin SİDSUH kimi geniş birliyə ehtiyacı olduğunu deyib. Belə görünür ki, Müsavat AXCP ilə 2015-ci il seçkilərində razılığa gələ bilməyəcəyini anlayıb və ətrafında yeni birlik yaratmağa çalışır. AXCP-nin 2015-ci il prezident seçkilərində ana müxalifət statusunda və Müsavatsız iştirak niyyəti artıq ortadadır.   Müsavatın gələcəkdə seçki blokuna çevriləcək MSDM-ə AXCP-nin əleyhinə olan partiyaları toplaması heç də təsadüfi deyil. Müsavat bu partiyaların əli ilə AXCP-yə qarşı qara piar aparacaq, Milli Şuranın ictimai rəydə gözdən salmağa çalışacaq.
Beləliklə, hazırkı müxalifətin 2015-ci il parlament seçkilərində təxmini düzülüşü artıq müəyyən olmaqdadır. AXCP, bir sıra Qərbdən maliyyə asılılığında olan hüquq-müdafiə təşkilatı, hüquq müdafiəçiləri, sabiq deputatlar AXCP-nin ətrafında-Milli Şurada olacaqlar. Dağılmış "Bizim Azərbaycan" seçki blokuna üzv olmuş cırdtan partiyalar (əsasən AXCP əleyhdarları), istiqlalçı deputatlar Müsavatın ətrafında olacaqlar. Gələn ilin martında Milli Strateji Düşüncə Mərkəzinin seçki blokuna çevriləcəyi gözlənilir. Kənarda qalan partiyaların daha çox Müsavata meyllənəcəkləri gözlənilir. Bu sırada AVİP, ADP, Ümid də var.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00