Beynəlxalq təşkilatlar QHT-lər arasında ayrıseçkilik edir
Azay Quliyev: “Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlərdə birtərəfli mövqe tutulmamalıdır”
23 İyun 2014 14:45 SiyasətPrezident İlham Əliyev xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda qeyd edilir ki, son illər həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində Azərbaycanda vətəndaş cəmiyyəti təsisatları güclənmiş, ictimai maraqların təmin olunmasında onların rolu xeyli artmışdır. Azərbaycan dövləti sülhün və təhlükəsizliyin qorunması, insan hüquq və azadlıqlarının müdafiəsi, demokratiya və siyasi plüralizmin inkişafı, ksenofobiya və islamofobiya təzahürlərinə qarşı mübarizə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Xocalı soyqırımının tanıdılması və digər sahələrdə xarici qeyri-hökumət təşkilatları ilə də səmərəli əməkdaşlıq edir. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının fəaliyyətinin dəstəklənməsi ilə bağlı əlavə tədbirlər haqqında" 2013-cü il 1 may tarixli 2883 nömrəli Sərəncamına uyğun olaraq, ötən ildən etibarən xarici ölkələrin vətəndaş cəmiyyəti institutlarına donor yardımının göstərilməsinə başlanmışdır. Hazırda Azərbaycan dövlətinin vəsaiti hesabına ABŞ və Avropanın müxtəlif qeyri-hökumət təşkilatları milli maraqlarımıza uyğun layihələr həyata keçirir, araşdırmalar aparırlar. Sənədə əsasən sadalanan sahələrdə görülən işlərin davam etdirilməsi məqsədilə, xarici qeyri-hökumət təşkilatları tərəfindən Azərbaycanda multikulturalizm ənənələri və dünyəvilik, səmərəli idarəetmə və elektron hökumətin tətbiqi təcrübəsi, Bakı Avropa Oyunları - 2015, ölkəmizlə bağlı tədqiqat işlərinin aparılması və informasiya portalının yaradılması istiqamətlərində təqdim edilən layihələrin maliyyələşdirilməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasına Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 3,0 (üç) milyon manat ayrılıb. Prezident İlham Əliyevin xarici qeyri-hökumət təşkilatlarının Azərbaycanla bağlı layihələrinin dəstəklənməsi sahəsində əlavə tədbirlər haqqında imzaladığı sərəncam vətəndaş cəmiyyəti nümayəndələri tərəfindən rəğbətlə qarşılanıb. Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev bildirib ki, dövlət başçısı tərəfindən imzalanan sərəncam olduqca mühüm sənəddir: " Artıq ikinci ildir ki, Azərbaycan dövləti təkcə daxildə olan qeyri- hökumət təşkilatlarına deyil, eyni zamanda xaricdə fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarına maliyyə yardımı həyata keçirir. Bu bütövlükdə Azərbaycan dövlətinin uğurudur və dövlət bu gün sözün həqiqi mənasında vətəndaş cəmiyyəti institutunun dəstəklənməsi ilə bağlı Avropa və ABŞ-da fəaliyyət göstərən QHT-lərlə çox yaxından əməkdaşlıq edir". Şura sədri əlavə edib ki, eyni zamanda bəzi beynəlxalq təşkilatların haqsız olaraq etdiyi tənqidin tam əksinə olaraq Azərbaycan dövləti qeyri-hökumət təşkilatlarına doğrudan da geniş şərait yaradıb və QHT-lərin fəaliyyətindən asılı olmayaraq qanunvericiliyə uyğun olaraq bütün təşəbbüsləri dəstəklənib. Hesab edirəm ki, bundan sonra da Azərbaycan dövlətinin mövqeyi dəyişməyəcək: "Lakin məlumdur ki, Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlərə qeyri-hökumət təşkilatları da dəvət olunurlar. Elə bu yaxınlarda NATO-nun Bakıda keçirilən tədbirində biz bunun bir daha şahidi olduq. Bu həftə Azərbaycanın paytaxtında ATƏT-in tədbiri keçiriləcək. Bizdə olan məlumata görə, yenə də qeyri-hökumət təşkilatları ilə bir toplantı nəzərdə tutulur. Əlbəttdə Azərbaycan dövləti olaraq biz belə tədbirlərdən ehtiyatlanmırıq, əksinə belə toplantılarda iştirak etməkdə maraqlıyıq, QHT-lər, bütövlükdə vətəndaş cəmiyyəti institutları ilə bağlı həmişə dialoqa hazırıq. Biz bu mövqeyimizi daxildə də, xarici ölkələrdə də və hətta qəbul olunan sənədlərdə də sərgiləmişik. Amma burada maraqlı məqam ondan ibarətdir ki, bu gün təşkil edilən tədbirlərə əsasən xüsusi qruplar dəvət olunur. O qruplar ki, sözün həqiqi mənasında Azərbaycan dövlətinə qarşı qeyri-konstruktiv mövqe tutur. Hər hansı obyektivliyi, müsbət dəyişikliyi görmədən Azərbaycanı ciddi şəkildə tənqid etməyə çalışırlar. Hesab edirəm ki, Azərbaycanda təşkil edilən beynəlxalq tədbirlərdə bu cür birtərəfli mövqe tutulmamalıdır. Tədbirlərdə bütün spektirləri əhatə edən QHT-lərin iştirakı təmin olunmalıdır. Belə tədbirlərdə açıq, şəffaf müzakirələr keçirilməlidir. Ümid edirəm ki, qarşıdan gələn tədbirlərdə məhz belə bir tablonin şahidi olacağıq. Yalnız o halda şahidi olacağıq ki, doğrudan da Azərbaycanda keçirilən tədbirlərin məqsədi ölkəmizə qarşı hər hansı süni ajitajın yaradılması yox, məhz vətəndaş cəmiyyəti institutları ilə dialoqun keçirilməsidir".
Alim