Milli Məclisin növbədənkənar sessiyası keçirildi

Deputatlar beynəlxalq təşkilatları qınadılar

İyulun 20-də  Milli Məclisin növbədənkənar sessiyası keçirilib. Əvvəlcə millət vəkilləri cari məsələlərin müzakirəsini aparıblar. Deputat Fəzail Ağamalı bəyan edib ki, "NATO Parlament Assambleyasının Bakıda keçirilən "Cənubi Qafqaz: çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Routh" seminarında xoş olmayan məqamlar baş verib: "Tədbirdə bizi təəssüfləndirən xüsusi məqamlarda oldu. Hələ də Azərbaycanın dövlət maraqlarına zərbə vurmaqda davam edən, eləcə də ermənilərə xidmət edən Leyla Yunus yenə də öz ampluasında qalmaqda davam edir. Bu günə qədər onun hərəkətləri və davranışları lazımi səviyyədə hüquqi qiymətini tapmayıb. Bu da bütün vətəndaşları narahat edir. Digər narahtlıq doğuran məqamlardan biri də odur ki, KİV-lərə verilən məlumatlara görə, onun ayrı ayrı banklarda külli miqdarda pulu var. Maraqlıdır həmin pulların mənbəyi hardandı? Əldə etdiyi vəsaiti nəyə xərcləyir? Vergiləri ödəyirmi? Bütün sualların cavabı hələ də açıq qalıb. Onun Azərbaycanın dövlətçiliyində, ərazi bütövlüyünün qorunub saxlanılmasında böyük xidmətləri olan, daxili işlər orqanlarında göstərmiş olduğu təhqiramiz hərəkətləri bütün insanları hiddətləndirir". Millət vəkili əlavə edib ki, bu hərəkətləri Almaniyada, Amerikada etsəydi, o zaman başqa addımlar atılardı. Ancaq Azərbaycanda o, qadındır, hüquq müdafiəçisidir deyə "gözün üstündə qaşın var" deyən olmadı: "Axı belə şey olmaz? Ona görə də buradan hüquq mühafizə orqanlarına müraciət edirəm ki, Leyla Yunusla bağlı addımlarını daha sərtləşdirsinlər". Spiker Oqtay Əsədov isə bildirib ki, adıçəkilən seminar həqiqətən də yüksək səviyyədə keçirildi: "Seminarda baş verən hadisələrə gəlincə, orada çıxış edən insanların sözlərinin Milli Məclisin iclasında müzakirə edilməsinin tətəfdarı deyiləm. Millətin gözü tərəzidi. Hər kəsin hərəkəti göründü və bilindi. Bunu artıq şişitməyə ehtiyac yoxdur". Millət vəkili Siyavuş Novruzov Türkiyə diplomatlarının İŞİD təşkilatı tərəfindən girov götürülməsinə münasibət bildirib. O, parlamentdən bu məsələyə dəstək olunmasını tələb edib. Onun sözlərinə görə, Türkiyə Azərbaycan üçün qardaş ölkədir: "Əgər bu gün türk diplomatlarına qarşı bu cür addımlar atılırsa, deməli bu hərəkət bizə qarşı da edilir. Bu baxımdan, NATO Parlament Assambleyasının 86-cı "Rose-Routh" seminarının yekun bəyannaməsində Assambleyanın prezidenti də NATO ölkələrindən xahiş etdi ki, bu məsələyə dəstək göstərsinlər. Hesab edirəm ki, biz də hansısa formada bu məsələyə dəstək göstərməliyik". Siyavuş Novruzov həmçinin qeyd edib ki, seminarda müzakirə olunan məsələlərdə Ermənistandan gələn deputatların əsas informasiya mənbəyi Azərbaycanda olan bir sıra müxalifət partiyalarıdır: "Erməni deputatlar bir sıra QHT-lərin materiallarını misal gətirərək Azərbaycan əleyhinə həqiqəti əks etdirməyən fikirlər səsləndirirdilər. Dəfələrlə dediyimiz kimi, bu da onu göstərir ki, müxalifət heç vaxt Azərbaycan xalqı haqqında düşünmür. Onlar həmişə erməni və digər düşmənlərlə əlbir olmağa hazırdırlar ki, Azərbaycan haqqında hər hansı bir mənfi informasiya yayılsın. Həmin seminarda da bunun şahidi olduq".  Vitse-spiker Ziyafət Əsgərov bildirib  ki, seminarda bir daha əmin olduq ki, beynəlxalq hüquq çox dərin böhrandadır. Əslində, bu gün onun qapısını döyən də yoxdur. Axı beynəlxalq hüquq kimin probleminin həll edir? BMT onu idarə edən dövlətlərin çubuğu ilə kimlərinsə problemini həll edir. Əslinə, obyektivlik istəyən kimsə ora müraciət etmir. NATO seminarı göstərdi ki, Azərbaycanla NATO arasında münasibətlər nə qədər yüksək səviyyədə olsa da, problemin həlli bizim öz əlimizdədir. Bu gün neftin böyük hissəsi Avropaya gedir, amma bunun qarşılığında biz nə əldə edirik?  Odur ki, hamımız Prezident və dövlətçilik ətrafında birləşib problemlərimizin həllinə çalışmalıyıq. Deputat Azay Quliyev bəyan edib ki, prezident QHT-lərə Dövlət Dəstəyi Şurasının fəaliyyətini gücləndirmək məqsədilə  sərəncam imzalayıb: "Azərbaycan dövləti həqiqətən də vətəndaş cəmiyyətinin möhkəmlənməsi üçün ciddi addımlar atır, ölkədən kənarda da QHT-lərə layihələr verə bilir. QHT-lərin bütün təşəbbüsləri dəstəklənib. Azərbaycanda baş verən bir sıra tədbirlərə QHT-lər də dəvət olunur. Gələn həftə ATƏT-in Parlament Assambleyasının da toplantısı Bakıda keçiriləcək. Biz dəfələrlə qeyd etmişik ki, QHT-lərlə əməkdaşlığa hazırıq. Amma nədənsə həmin sessiyalara əsasən Azərbaycanı tənqid edən QHT-lər dəvət edilir. Hesab edirəm ki, QHT cəmiyyətinin bütün spektri bu kimi tədbirlərə dəvət olunmalıdır". Spiker də Azay Quliyevi dəstəkləyib: "NATO PA-da biz bunu gördük. Bundan NATO PA-nın sədri də narazı qaldı. Sessiyaları QHT tədbirlərinə çevirmək olmaz. Əgər kimsə bu QHT-lərlə görüşmək istəyirsə bunu edə bilər". Deputat Qənirə Paşayeva isə bəyan edib ki, erməni tərəfi cəbhədə atəşkəsi pozmaqla mülkü vətəndaşları, onların evlərini hədəfə alıb: " Düzdür, bizim ordumuz düşmənə layiqli cavab verir. Amma erməni snayperlərinin mülki vətəndaşları hədəfə alması məsələsi ciddi qaldırılmalıdır. Biz beynəlxalq təşkilatlara müraciət edirik. Onlar hər məsələyə çevik reaksiya verdiyi təqdirdə mülkü vətəndaşların, qadınların və yaşlı insanların hədəfə alınmasına reaksiya vermirlər. Ətayə Əliyeva düz evinin qarşısında vurulub. Digər bir xanım nəvəsini ərazidən çıxaranda erməni snayperinə tuş gəlib.  Buna diqqət edilməlidir. Hesab edirəm ki, təhlükəsizlik diivarlarının çəkilməsini sürətləndirmək lazımdır. Görünən budur ki, Ermənistan bu cür əməllərindən əl çəkməyəcək". Sonra millət vəkilləri gündəlikdəki məsələlərin müzakirəsinin davam etdiriblər. "Dövlət sirri haqqında" qanun layihəsinin müzakirəsi zamanı deputat Sabir Rüstəmxanlı qeyd edib ki, bu məsələlər ölkənin ümumi vəziyyəti ilə bağlıdır və bu məsələlərə vəziyyətimizi nəzərə almaqla baxılmalıdır: "Biz müharibə aparan ölkəyik. Hərbi sənayedə nə baş verirsə ertəsi gün mətbuata çıxır. Ordumuzun sayı,  nə qədər tank almışıq, snayperlərimiz cəbhənin neçə metrliyində mövqe tutur kimi məsələlər müzakirəyə çevrilə bilməz. Hesab edirəm ki, bunun qarşısı alınmalıdır. Müharibə şəraiti nəzərə alaraq bəzi hərbi məsələlərin mətbuata ötürülməsi dayandırıla bilər. Hesab edirəm ki, jurnalistlərimiz də bunu başa düşər". Millət vəkili Aqil Abbas təklif edib ki, vətəndaş dövlət sirrini öyrənmək üçün bunu əsaslandırmalıdır: "Biz hardan bilək ki, sonra bu sirri yaymacaqsan? Adam var söz verir və sonra da gedib adam öldürür".

 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00