“Azərbaycan Avrasiya İttifaqına üzv olmaqda maraqlı deyil”

Rasim Musabəyov: “Lavrov Bakıda olarkən bildirdi ki, Rusiya Azərbaycanın quruma üzv olmasında təkid etmir”

Millət vəkili Rasim Musabəyov Rusiyanın Regionlar naziri İqor Slunyayevin Azərbaycanı Avrasiya İttifaqına qoşulmaq çağırışına münasibət bildirib. Xarici işlər naziri Sergey Lavrovun Bakı səfərini xatırladan R.Musabəyov hesab edir ki, Slunyayevin bundan sonra Azərbaycanı Avrasiya İttifaqına dəvət etməsinin heç bir mənası yoxdur: "Rus nazirin bu fikirlərini şərh etməyin mənası yoxdur. Lavrov Bakıda olarkən bildirdi ki, Rusiya Azərbaycanın quruma üzv olmasında təkid etmir. Rusiya da indiyədək Azərbaycana bununla bağlı rəsmi dəvət göndərməyib. Ona görə də bu tip məsələlərin mətbuatda ictimailəşdirilməməsi gərəkdir. Azərbaycanın quruma daxil olmaqla bağlı heç bir marağı yoxdur. İşğalçı Ermənistanla eyni qurumun bayrağı altında əməkdaşlıq etməkdə Azərbaycan üçün maraqlı deyil". Qurumun gələcək perspektivini dəyərləndirən Rasim Musabəyov qeyd edib ki, Avrasiya İttifaqının gələcək varlığı müəammalıdır. Millət vəkili hesab edir ki, o hələlik real təşkilat kimi ortalıqda yoxdur. ("OLAYLAR İA")

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00