“Lavrovun səfəri Qarabağ münaqişəsinin həllində həlledici rol oynaya bilər”
Qabil Hüseynli: “Ermənistan beynəlxalq hüququn tanıdığı sərhədlərlə Gömrük Birliyi və Avrasiya İttifaqına daxil olmalı idi”
19 İyun 2014 13:12 SiyasətPolitoloq Qabil Hüseynli Rusiyanın xarici işlər naziri Sergey Lavrov və son zamanlarda intensivləşən digər yüksək rütbəli rus dövlət rəsmilərinin Azərbaycana səfərlərinə münasibət bildirib. Q.Hüseynli qeyd edib ki, S.Lavrov, Dmitri Raqozin və digər Rusiya dövlət rəsmilərinin Azərbaycana səfərlərində bir sıra məqamlar yer alıb. Politoloq hesab edir ki, Rusiyanın Azərbaycandan, Azərbaycanın isə Rusiyadan istədikləri var: "Amma Azərbaycanın Rusiyadan tələbləri daha öncəlikli məsələlərdir. Söhbət Dağlıq Qarabağ münaqişəsindən gedir. Vaxtilə Azərbaycanın 20% ərazisinin işğalında rus qoşunları da iştirak edib. Rusiya isə indiki məqamda Azərbaycana çox ciddi siyasi portnyor kimi yanaşır və onu Avrasiya İttifaqında görmək istəyir. Əlbəttə siyasət kompromislərlə mümkündür. Əgər Rusiya Azərbaycandan Avrasiya İttifaqında iştirak etməyi umursa, bunun qarşılığında bizim də tələblərimizi yerinə yetirməlidir. Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanın ədaləti mövqeyini dəstəkləməli, ölkəmizin ərazi bütövlüyünün təminində öz töhfəsini verməlidir. Dünya dövlətləri də bilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli Rusiyanın əlindədir. Rusiya istəsə, problem indi həll oluna bilər. Hesab edirəm ki, Lavrov və Raqozinin Bakı səfərləri Dağlıq Qarabağ münaqişəsinin həllində həlledici rol oynaya bilər". Qabil Hüseynli Ermənistan prezidenti Serj Sərkisyanın ölkəsinin Gömrük Birliyi və Avrasiya İttifaqına beynəlxalq hüquq normalarının tandığı sərhədlərkı girəcəyi barədə bəyanatına da toxunub. Q.Hüseynli hesab edir ki, Sərkisyan riyakarlıq edir. Onun sanki Rusiya və Avrasiya İttifaqını təsis edən digər ölkələrin tələblərini yerinə yetirirmiş kimi hərəkət etdiyini deyən politoloqun sözlərinə görə, Ermənistan beynəlxalq hüququn tanıdığı sərhədlərlə Gömrük Birliyi və Avrasiya İttifaqına daxil olmalı idi. Qabil Hüseynli qeyd edib ki, Ermənistanın işğal etdiyi torpaqları ilə bağlı belə bir qərar qəbul etməsi mümkün deyil. "Əks təqdirdə bu beynəlxalq hüquq normalarına zidd olardı. Azərbaycan artıq Ermənistanın Gömrük Birliyi və Avrasiya İttifaqı vasitəsilə həyata keçirmək istədiyi bədxah niyyətlərinin qarşısını ala bilib. Gələcəkdə bu istiqamətdə də siyasətini davam etdirərək uğurlar qazana bilər" - deyə Qabil Hüseynli vurğulayıb. ("OLAYLAR" İA)