Azərbaycan və Rusiya strateji tərəfdaşdır

İki ölkənin xarici işlər nazirləri Qarabağ məsələsini müzakirə ediblər

Azərbaycanda rəsmi səfərdə olan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun başçılıq etdiyi nümayəndə heyəti iyunun 18-də Fəxri xiyabanda Heydər Əliyevin məzarını ziyarət edib, ümummilli liderin məzarı önünə əklil qoyub. Akademik Zərifə Əliyevanın məzarı üzərinə də gül dəstələri düzülüb. Sonra Şəhidlər xiyabanına gələn nümayəndə heyəti şəhidlərin xatirəsini yad edib, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub. Rusiyanın xarici işlər naziri Sergey Lavrov azərbaycanlı həmkarı Elmar Məmmədyarovla görüşdən sonra keçirilən mətbuat konfransında bəyan edib ki, Azərbaycan və Rusiya strateji tərəfdaşdır. S. Lavrov bildirib ki, iki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir. O, keçən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Azərbaycana səfər etdiyini xatırladıb: "Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib, oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək". S. Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. Nazir görüşdə Ukraynada baş verənlərin də müzakirə olunduğunu açıqlayıb: "Dünən iki rusiyalı jurnalist Ukraynada həlak olub. Bu, tezliklə atəşin dayandırılmasının və Cenevrə prinsipləri çərçivəsində danışıqların aparılmasının zəruri olduğunu göstərir". S. Lavrov həmçinin Yaxın Şərqdə terrorçuluqdan narahatlığını ifadə edib: "Bu, həm Rusiya, həm Azərbaycan, həm də Avropa üçün təhlükədir". Qonaq görüşdə Həştərxanda keçiriləcək Xəzər sammitinə hazırlığın da müzakirə olunduğunu vurğulayıb. S. Lavrov Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrlik etdiyini xatırladıb və beynəlxalq qurumlar çərçivəsində əməkdaşlığın mühüm olduğunu vurğulayıb. S. Lavrov qeyd edib ki, Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb. Bununla belə, S. Lavrov bildirib ki, iki ölkənin rəhbər şəxslərin görüşlərində bu məsələ müzakirə olunur: "Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq". Nazir qeyd edib ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur: "Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Beldarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək". Ukrayna hadisələrinmə toxunan Lavrov bildirib ki, Ukrayna hakimiyyətinin aqressiv mövqeyi müşahidə olunur. O, atəşi dayandırmağı zəruri sayıb: "Ukrayna qəzetlərindən birində oxudum ki, Ukraynanın şərqində bir neçə yüz min insanın ölkənin qərbinə köçürülməsi nəzərdə tutulur. Bu, açıq şəkildə etnik təmizləmədir. Öz hüquqlarını tələb edən insanları öz yerlərindən başqa yerlərə köçürürlər. Hərçənd mən bilmirəm ki, bu, tam həqiqətdir, ya yox. Həqiqətdirsə, çox pisdir". S. Lavrov Ukrayna prezidenti Petro Poroşenkonun atəşkəs təklifinə də toxunub: "Əgər bütün ölkə ərazisini əhatə edərsə, atəşkəs təklifi yaxşıdır. Ancaq bir tərəfdən atəşkəs haqqında danışırlar, bir tərəfdən də aqressiya davam edir. Atəşi dayandırmaq lazımdır. Ukrayna hakimiyyətinə qarşı çıxan könüllülər, Şərqi Ukrayna təmsilçiləri ilə danışıqlar aparılmasını gözləyirik. Atəşkəsin müəyyən dövrü əhatə etməsini, bu zaman könüllülərin silahının yığılmasını, sonra onların həbs edilməsini nəzərdə tuturlarsa, bu, yolverilməzdir. Ukrayna hakimiyyəti danışıqlardan yayınmaqla özünü Avropa dəyərlərindən uzaq aparır. Kompromissiz mövqe düzgün deyil. Şərq regionlarında hərbi vəziyyətin elan edilməsi səmərəsiz olar". Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə qeyd edib ki, Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır, iqtisadi əlaqələr sürətlə inikşaf edir. Məmmədyarov bildirib ki, görüşdə əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə olunub. O, Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinin də müzakirə olunduğunu söyləyib: "Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu".

Alim
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00