Ermənistana təzyiq göstərilməlidir

Bu günlərdə Bakıda NATO Parlament Assambleyasının "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose-Roth" seminarı keçirilir. Seminar bir sıra mühüm əhəmiyyət kəsb edən məsələlərin müzakirəsi ilə yadda qaldı. Ən diqqət çəkən məqam isə Azərbaycan tərəfinin Ermənistan nümayəndə heyətinin təşkilatdan çıxarılmasını rəsmi olaraq təklif etməsi oldu. Məsələ ilə bağlı Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı bildirib ki, Azərbaycan belə bir təkliflə çıxış etməkdə tamamilə haqlıdır: "Çünki ölkəmizin bu mövqeyi ciddi arqumentlərə əsaslanır. Ermənistan Azərbaycan torpaqlarının 20 faizini işğal edib  və bunun nəticəsində də bir milyondan çox insan qaçqın-köçkün vəziyyətinə düşüb. Ermənistan hərbi birləşmələri  işğal etdiyi ərazilərimizdə maddi-mədəni və tarixi abidələri, bütövlükdə bütün infrastrukturları məhv edib. Təbii ki, bütün bunlar beynəlxalq hüququn, qayda-qanunların kobud surətdə pozulmasıdır. Eyni zamanda, Ermənistanın  Azərbaycanda törətdiyi terror hadisələri sübut olunub və belə bir terrorçu dövlətin NATO ilə əməkdaşlığı qəbuledilməzdir. Nəzərə alaq ki, NATO PA, eləcə də AŞPA bəzi dövlətləri beynəlxalq hüququ pozduğuna görə cəzalandırıb. Amma nəyə görə işğalçı Ermənistan cəzalandırılmamalıdır? Ona görə də, Azərbaycan tərəfinin irəli sürdüyü təklif tamamilə ədalətlidir. Hesab edirəm ki, NATO PA kimi nüfuzlu beynləxlaq təşkilat bu məsələdə obyektiv qərar qəbul etməlidir. Doğrudur, bu gün beynəlxalq təşkilatların əksəriyyəti münaqişənin sülh yolu ilə həllinə, tərəflər arasında etimad mühtinin yaradılmasına və s. ümumi formada çağırışlar edir. Təbii ki, Azərbaycan sülhün tərəfdarıdır və münaqişənin tezliklə həllini istəyir. Amma qeyri-konstruktiv mövqeni işğalçı Ermənistan nümayiş etdirir. Bu səbəbdən də, işğalçını beynəlxalq ictimaiyyət cəzalandırmalıdır ki, sülhə gəlməyə məcbur olsun. Qeyd etdiyim kimi Azərbaycan Dağlıq Qarabağ probleminin sülh yolu ilə həlli tərəfdarıdır və buna görə də danışıqlar prosesinin davam etməsinə maraqlıdır. ATƏT-in Minsk qrupu həmsədrlərinin prezidentlər səviyyəsində görüş təşkil etmək təşəbbüslərini də müsbət qarşılayırıq. Amma ölkəmizin mövqeyi bundan ibarətdir ki, bu görüşlər konkret nəticə verməlidir. Azərbaycan tərəfi müxtəlif səviyyələrdə, o cümlədən ATƏT çərçivəsində Ermənistan təcavüzkar siyasəti ilə bağlı mövqeyini bildrir və işğalçı dövlətin münaqişənin sülh yolu həllinə maraqlı olmadığını bəyan edir. Eyni zamanda, mövqeyimiz bundan ibarətdir ki, Minsk qrupunun fəaliyyəti qaneedici deyil və Azərbaycan xalqı həmsədrlərin fəaliyyətindən narazıdır. Çünki sülh prosesində hər hansı irəliləyiş yoxdur". Hakim partiya rəsmisi deyib ki, Ermənistana təzyiq göstərilməli və Ermənistanın təcavüzkar dövlət kimi işğal etdiyi torpaqlardan çıxması təkidlə tələb olunmalıdır: "Azərbaycan tərəfi münaqişənin tezliklə beynəlxalq hüquq normalarına uyğun və ədalətli şəkildə həllinin tərəfdarıdır. Münaqişənin hələ də həll olunmaması və beynəlxalq birlik tərəfindən bunun üçün səylərin güclənməməsi Azərbaycan cəmiyyətində narazılıqla qarşılanır. İşğalçı Ermənistan müxtəlif bəhanələrlə status-kvonu saxlamağa çalışır. Ölkəmiz isə belə vəziyyətin davam etməsini qəbuledilməz sayır". Mübariz Qurbanlı bu günlərdə Avropa Komissiyasının sədri Joze Manuel Barrozonun ölkəmizə səfəri və Azərbaycanda mühüm bəyanatlar səsləndirməsinə də toxunub: "Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr dinamik inkişaf edir. Aİ bu gün dünyanın iqtisadi-siyasi mərkəzlərindən biri hesab olunur. Əgər bugünkü dünyanın iqtisadi mərkəzlərinə nəzər salınsa bir tərəfdə ABŞ, digər tərəfdə isə  Aİ diqqəti çəkir. Bununla belə, üçüncü istiqamət var ki, bu istiqamətdə Çin iqtisadiyyatını, güclənən Hindistanı və digər fəallaşan ölkələri görürük" Millət vəkili deyib ki, bugünkü dünya çoxqütblü dünyaya çevrilib: "Əgər sovetlər ittifaqı dağıldıqdan sonra dünya birqütblü idisə, bu gün dünyanın iqtisadi güc mərkəzləri formalaşır və inkişaf edir. Təbii ki, bu amil dünya siyasətinə təsir göstərir. Ona görə də, Azərbaycanın xarici siyasətində və iqtisadi münasibətlərində çoxşaxəli prinsip özünü göstərməkdədir. Bu gün Azərbaycan dünyanın 150-yə yaxın ölkəsi ilə iqtisadi-ticarət əlaqələrinə malikdir. Cənubi Qafqaz regionunun lideri olaraq Azərbaycan böyük layihələrin iştirakçısıdır, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin aparıcı dövlətidir. Belə olan şəraitdə ölkəmizin Aİ ilə əlaqələri də müxtəlif istiqamətləri özündə əks etdirir. Bunlardan birincisi, siyasi istiqamətdir. Təbii ki, Aİ güclü maliyyə-iqtisadi və siyasi mərkəz kimi bizim üçün əhəmiyyətlidir. Aİ ilə ölkəmizin əlaqələri iqtisadi sahədə də özünü göstərir. Çünki bu təşkilat tarixi İpək Yolunun bərpasına və bu yöndə fəaliyyətin genişlənməsində maraqlıdır, eləcə də, mühüm  enerji layihələri də mövcuddur. İqtisadi böhran yaşayan üzv dövlətlərin olduğu Aİ təbii ki, yeni istiqamətlər axtarmaqda, yeni layihələrin həyata keçirilməsində maraqlıdır". Mübariz Qurbanlı deyir ki, bu səfər zamanı ölkəmiz üçün daha çox önəmli olan məsələ Ermənistan - Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı ciddi fikirlər səsləndirildi: " Aİ güclü iqtisadi-siyasi mərkəz olaraq bu məsələdə çox əhəmiyyətli yer tuta bilər. Hesab edirəm ki, bu səfər ikitərəfli münasibətlərin dərinləşməsinin növbəti mərhələsi olacaq".

S.İsmayılbəyli
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00