Azərbaycan NATO ilə hansı sahədə əməkdaşlıq edir?

Bakıda Milli Məclisin və NATO Parlament Assambleyasının təşkilatçılığı ilə "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" mövzusunda 86-cı Rouz-Rout seminarı keçirilib. Qeyd edək ki, bu, Bakıda keçirilən sayca üçüncü seminardır. Maraqlıdır, bəs Azərbaycan-NATO əməkdaşlıq tarixi nə vaxta təsadüf edir və ölkəmiz sözügedən qurumla hansı sahədə əməkdalıq edir. Xarici İşlər Nazirliyinin məlumatına görə, Azərbaycan-NATO ilk təmasların tarixi Azərbaycanın bir sıra Mərkəzi və Şərqi Avropa dövlətləri ilə birlikdə NATO-nun yeni yaradılmış məşvərətçi forumuna - Şimali Atlantika Əməkdaşlıq Şurasına (1997-ci ildən Avro-Atlantik Tərəfdaşlıq Şurası) qoşulduğu 1992-ci ilin mart ayına təsadüf edir. Azərbaycan Respublikası ilə NATO arasında məzmunlu tərəfdaşlığın əsası isə ümummilli lider Heydər Əliyevin 4 may 1994-cü il tarixində Sülh Naminə Tərəfdaşlıq (SNT) Çərçivə Sənədinin imzalanması ilə qoyulmuşdur. Azərbaycan Respublikasının NATO ilə tərəfdaşlığı onun Avro-Atlantik strukturlarına inteqrasiya məqsədinə xidmət edir. Azərbaycan NATO ilə tərəfdaşlığında əsas istiqamətlər siyasi dialoq, sülhü dəstəkləmə əməliyyatları, meydana gələn təhlükəsizlik təhdidləri və əsas vurğusu müdafiə məsələlərinə yönələn geniş spektrli məsələlər üzrə praktiki əməkdaşlıqdan ibarətdir. Qeyri-sabitliyin, münaqişәlәrin vә tәhdidlәrin aradan qaldırılmasında Azərbaycanın qarşılıqlı maraqlar əsasında NATO ilə əməkdaşlıq məsələsi Azərbaycanın Milli Təhlükəsizlik Konsepsiyası və Hərbi Doktrinasında öz əksini tapmışıdır. Azərbaycan fərdi tərəfdaşlıq məsələlərini özündə ehtiva edən əsas sənədlərdə əks olunmuş məqsəd və prinsiplərin yerinə yetirilməsi məqsədi ilə NATO-nun müvafiq tərəfdaşlıq mexanizmlərindən fəal istifadə edir. Azərbaycanın NATO ilə fərdi tərəfdaşlığının məqsəd və prinsipləri əsas etibarı ilə Azərbaycanın SNT Təqdimat Sənədi (1996), Planlaşdırma və Analiz Prosesi (1997) və Fərdi Tərəfdaşlıq Əməliyyat Planında (2004) öz əksini tapır. Bu sənədlərdə Azərbaycan Respublikası müdafiə və təhlükəsizlik sektoru islahatı, hərbi qüvvələrin NATO standartlarına uyğun inkişaf etdirilməsi, NATO əməliyyatlarında iştirak, enerji təhlükəsizliyinin təmini, fövqəladə hallara hazırlıq, meydana çıxan təhlükəsizlik çağırışları ilə mübarizə, eləcə də ətraf mühit və ictimai diplomatiya sahələrində əməkdaşlıq niyyətini ifadə etmişdir. 1996-cı il SNT Təqdimat Sənədi əsasında hazırlanan Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı çərçivəsində Azərbaycan hər il 200-dən artıq tədbirdə iştirak edir. Fərdi Tərəfdaşlıq və Əməkdaşlıq Proqramı NATO üzv və bəzi tərəfdaş ölkələri tərəfindən təşkil edilən, təcrübə mübadiləsi, hazırlığın artırılması, həmçinin ekspert müzakirələrinə xidmət edən tədbirlərdə iştiraka şərait yaradır. Digər mühüm mexanizm, hərbi islahatlar, təlim və təhsil, standartların tətbiqi, NATO qüvvələrinin iştirakı ilə çoxmillətli əməliyyatlara və hərbi təlimlərə göndərilə biləcək qüvvələri müəyyən etmək və qiymətləndirməkdə tərəfdaşlara yardım etməyi nəzərdə tutan Planlaşdırma və Analiz Prosesidir (PAP). PAP tərəfdaş ölkəyə NATO təcrübəsinə uyğun müdafiə planlamasının təşkil edilməsinə yardım edir. Azərbaycan hazırda əməliyyatlara hazırlıq və müdafiə planlaması üzrə "tərəfdaşlıq məqsədi" adlanan bir çox konkret tədbirləri həyata keçirir. Azərbaycanın 2004-cü ildə qoşulduğu Fərdi Tərəfdaşlıq Əməliyyat Planı (FTƏP) ikitərəfli tərəfdaşlığı sistemləşdirməyə və eləcə də qarşılıqlı maraq doğuran istənilən məsələ ilə bağlı əməkdaşlıq tədbirini razılaşdırmağa imkan verir. Azərbaycan 2005-2007-ci illəri əhatə edən I dövr və 2008-2010-cu illəri əhatə edən II dövr FTƏP-i başa çatdırmış, hazırda 2012-2013-cü illəri əhatə edən III dövrə sənədini yerinə yetirib. Azərbaycan Sülh naminə Tərəfdaşlığın prinsiplərinə əsaslanmaqla NATO ilə ortaq maraq kəsb edən geniş spektrli məsələlər üzrə siyasi dialoq aparır. Müxtəlif formatlarda və səviyyələrdə aparılan dialoq çərçivəsində tərəfdaşlıq, regional təhlükəsizlik, Ermənistan-Azərbaycan münaqişəsi, əməliyyatlarda iştirak, Əfqanıstana töhfə, meydana gələn təhlükəsizlik təhdidləri və s. aktual məsələlər müzakirə olunur, eləcə də praktiki əməkdaşlığın vəziyyətinə qiymət verilir. Qarşılıqlı anlayışa əsaslanan, yüksək səviyyəli siyasi dialoq praktiki əməkdaşlıq sahəsində tərəqqini təşviq edir. Azərbaycan həmçinin Avro-Atlantik məkanda təhlükəsizliyin bölünməzliyi prinsipindən çıxış edərək, BMT Təhlükəsizlik Şurasının qətnamələri ilə sanksiyalaşdırılmış, NATO-nun rəhbərlik etdiyi sülhü dəstəkləmə əməliyyatlarında iştirak edir. Belə ki, ölkəmiz 1999-2008-ci illərdə NATO-nun Serbiyanın Kosovo əyalətindəki əməliyyatında (KFOR) iştirak edib. 2003-cü ildən Azərbaycan NATO-nun Əfqanıstandakı əməliyyatında (ISAF) iştirak edir. NATO ilə əməkdaşlıq çərçivəsində müdafiə və təhlükəsizlik sahəsində islahatlarda əsas məqsəd NATO-nun ekspertiza xarakterli yardımı və NATO standartlarının tətbiqi ilə mülki-demokratik nəzarət altında, effektiv və ölkənin ehtiyaclarına uyğun ölçüdə müdafiə və təhlükəsizlik sektorunu inkişaf etdirməkdir. Azərbaycanın müdafiə və təhlükəsizlik sektorunda aparılan islahatlar nəticəsində ölkəmiz meydana çıxan təhlükəsizlik təhdidlərinə adekvat cavab vermək əzmindədir. Azərbaycan Terrorizmə qarşı Tərəfdaşlıq Fəaliyyət Planının (PAP-T) məqsədlərinin yerinə yetirilməsinə töhfə məqsədi ilə NATO ilə əməkdaşlıq edir və AATŞ çərçivəsində müvafiq tədbirlərdə iştirak edir. Azərbaycan tərəfdaş ölkələr arasında bu sahədə öz fəallığı ilə seçilir. Milli qabiliyyətlərin inkişaf etdirilməsi üçün ekspertiza yardımının əldə edilməsi, məlumat mübadiləsi və AATŞ çərçivəsində siyasi müzakirələrə töhfə terrorizmə mübarizə sahəsində qarşılıqlı təmasların əsas məsələləridir. Enerji infrastrukturlarının mühafizəsi üzrə qeyri-formal PAP-T İşçi Qrupuna sədrliyi ilə Azərbaycan PAP-T-nin canlandırılmasına töhfə verməkdə davam edir. Bundan başqa Azərbaycan NATO ilə kiber təhlükəsizliyi, fövqəladə hallara hazırlıq, elm, ekoloji və humanitar, ictimai diplomatiya kimi sahələrdə də əməkdaşlığın aparılmasında maraqlıdır.

 

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00