Azərbaycan-NATO əməkdaşlığı genişlənir
18 İyun 2014 13:40 SiyasətMilli Məclisin Sədri Oqtay Əsədov NATO Parlament Assambleyasının prezidenti Hu Beylini qəbul edib. Sədr qeyd ediB ki, bu gün müstəqil Azərbaycan nüfuzlu beynəlxalq qurumlar, o cümlədən NATO ilə yaxından əməkdaşlıq edir. Biz həm də NATO-nun Sülh Naminə Tərəfdaşlıq Proqramına qoşulmuşuq. Ötən illər ərzində əməkdaşlığımız uğurla inkişaf etmişdir. Azərbaycan təşkilatın dünyada sülhün bərqərar olması üzrə apardığı əməliyyatlarda yaxından iştirak edir. NATO-nun Parlament Assambleyası ilə əlaqələrimizin genişləndirilməsini önəmli hesab edirik. İnanırıq ki, bu günlərdə Bakıda keçirilən seminar çərçivəsində aparılan müzakirələr Cənubi Qafqaz regionunda münaqişələrin aradan qaldırılmasına öz dəyərli töhfələrini verəcəkdir. NATO PA-nın bu istiqamətdə gördüyü işləri təqdirəlayiq hesab edirik. Sədr seminarda Ermənistan tərəfinin iştirakından söz açaraq, Bakıda keçirilmiş əvvəlki iki tədbirə onların qatılmadığını, bu dəfə isə seminarın işində müəyyən maneələr yaratmağa cəhd etdiklərini söylədi. Belə süni maneələr Azərbaycanı tutduğu yoldan döndərə bilməz. Ölkəmiz NATO ilə gələcəkdə də əməkdaşlıq etmək niyyətindədir. Səmimi qəbul üçün minnətdarlığını bildirən Hu Beyli Bakıya səfərindən və NATO PA ilə Milli Məclisin birlikdə təşkil etdikləri 86-cı Rouz-Rout seminarının işindən danışıB. O, ev sahibi kimi tədbirin yüksək səviyyədə təşkilinə görə Milli Məclisin rəhbərliyinə təmsil etdiyi qurumun adından minnətdarlıq ifadə ediB. Tədbirdə Ermənistan nümayəndə heyətinin iştirakına toxunan qonaq Azərbaycanın bu məsələyə razılıq verməsini cəsarətli addım kimi dəyərləndirib. O, seminarda müzakirə olunan mövzulardan söz açaraq, Qafqazın bu bölgəsində sabitliyin bərqərar olması üçün dialoqun davam etdirilməsinin vacibliyini vurğulayıb. Görüşdə ikitərəfli əməkdaşlığın inkişaf perspektivləri, enerji təhlükəsizliyi, regional münaqişələrin həlli yolları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.