Yunanıstan Prezidenti Karolos Papulyasın adından Azərbaycan Prezident İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilib
17 İyun 2014 09:33 SiyasətAzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və xanımı Mehriban Əliyevanın şərəfinə dövlət naharı verilmişdir.
Dövlət başçıları naharda çıxış etdilər.
---------
00:16
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Baş naziri Antonis Samarasın yüksək səviyyəli iş adamları ilə görüşü olmuşdur.
Görüşdə çıxış edən Yunanıstanın Baş naziri Antonis Samaras ölkələrimiz arasında əlaqələrin getdikcə daha da inkişaf etdiyini bildirdi. Qeyd etdi ki, Azərbaycan ilə Yunanıstanın siyasi sahədə yüksək əməkdaşlığı iqtisadi sahəyə də öz təsirini göstərir. Bu da biznes qurumları arasında əlaqələrin daha da intensivləşməsinə geniş imkanlar açır.
Antonis Samaras Yunanıstan ilə Azərbaycan arasında enerji sahəsində də əməkdaşlığın uğurlu olduğunu söylədi. O, TAP kəməri layihəsinin Yunanıstan ilə yanaşı, region ölkələrinin inkişafına da güclü təsir edəcəyini vurğuladı.
Prezident İlham Əliyev ölkələrimiz arasında yüksək səviyyəli əlaqələrin olduğunu deyərək Azərbaycanda gedən inkişaf prosesləri barədə görüş iştirakçılarına məlumat verdi. Dövlətimizin başçısı bildirdi ki, son 10 ildə Azərbaycan iqtisadiyyatı üç dəfə artmışdır. İqtisadiyyatın qeyri-neft sektorunun çəkisi yüksəlmişdir. Neft-qaz sektorunun iqtisadiyyatımızın aparıcı istiqaməti olduğunu deyən Azərbaycan Prezidenti bildirdi ki, böyük enerji resursları olan ölkəmiz tərəfindən "Şahdəniz", Trans-Anadolu və Trans-Adriatik layihələri icra edilir. Bu layihələrdə Yunanıstan da yaxından iştirak edir. Artıq Azərbaycanın xaricə investisiya yatırmağa başladığını deyən Prezident İlham Əliyev hazırda ölkəmizdə informasiya-kommunikasiya texnologiyaları, turizm və digər qeyri-neft sahələrinin inkişafına böyük diqqət göstərildiyini və bu məsələlərə "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasında geniş yer verildiyini dedi.
Daha sonra Yunanıstanın tanınmış şirkətlərinin rəhbərləri və nümayəndələri təmsil etdikləri müəssisələr haqqında məlumat verdilər. Bildirildi ki, bu şirkətlər əsasən energetika, nəqliyyat, turizm, alternativ enerji mənbələri, informasiya-kommunikasiya texnologiyaları və digər sahələrdə ixtisaslaşmışdır.
İş adamları Azərbaycan ilə yeni əməkdaşlıq münasibətləri qurmaqda və mövcud qarşılıqlı fəaliyyətin genişlənməsində maraqlı olduqlarını dedilər. Onlar Azərbaycan şirkətləri ilə təcrübə mübadiləsinə hazır olduqlarını bildirdilər.
Görüş iştirakçıları Prezident İlham Əliyevə Azərbaycanın sürətli inkişafı ilə bağlı təbriklərini çatdırdılar və respublikamızın biznes nöqteyi-nəzərindən də çox maraqlı ölkə olduğunu vurğuladılar.
----------------
16.06.2014
22:28
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış etmişlər.
Yunanıstan Prezidenti Karolos Papulyasın bəyanatı
- Mən Azərbaycan Prezidenti cənab İlham Əliyevi Afina şəhərində səmimiyyətlə salamlamaqdan məmnunluq hissi duyuram. Bugünkü səfər Yunanıstan ilə Azərbaycan arasında gözəl münasibətlərin yeni bir işarəsidir, əməkdaşlığımız üçün yeni yollar, yeni üfüqlər açır.
Prezident Əliyevin və mənim ikitərəfli münasibətlərimizin hər bir aspektini nəzərdən keçirmək imkanımız oldu. Burada həm siyasi, həm enerji, həm iqtisadi, həm ticari, həm də mədəni sahələrdə əlaqələr nəzərdə tutulur. Bizim, həmçinin mühüm beynəlxalq və regional məsələlər üzrə fikir mübadiləsi aparmaq imkanımız oldu.
Ölkələrimiz arasında siyasi münasibətlər inkişaf edir. Bu, ölkələr arasında həm dövlət səviyyəsində, həm də siyasi səviyyədə çox mühüm səfərlərin həyata keçirilməsindən görünür. Mədəni münasibətlərimiz sahəsində də gözəçarpan artım mövcuddur. Mən burada xüsusən də universitetdə müasir yunan dili və sivilizasiyası mərkəzinin açılmasını nəzərdə tuturam. Həmçinin Bakı Slavyan Universitetində yunan dili tədris olunur.
Ölkələrimiz arasında iqtisadi əməkdaşlığın dərinləşdiyini bildirən Prezident Karolos Papulyas Azərbaycanın təbii qazının Yunanıstan vasitəsilə Avropaya çatdırılmasını mümkün edəcək TAP təbii qaz boru kəmərinin əhəmiyyətindən danışdı. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Yunanıstanın DESFA şirkətinin səhmlərinin əsas hissəsini almasını müsbət hal kimi dəyərləndirən Yunanıstan dövlətinin başçısı dedi:
- Bu gün biz ölkələrimiz arasında ikitərəfli münasibətlərin genişləndirilməsinə yeni imkanlar açan üç sənədi imzaladıq: Yunanıstan ilə Azərbaycan arasında Avropa İttifaqı məsələləri haqqında memorandum, kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında saziş və gənclər sahəsində əməkdaşlıq memorandumu.
Biz, eyni zamanda, Avropa İttifaqı ilə Azərbaycan arasındakı münasibətləri nəzərdən keçirdik. Bu münasibətlər Avropa İttifaqının qonşuluq siyasətinin hissəsidir. Biz bu kimi məsələlərə Avropa İttifaqının Şurasında sədrliyimiz zamanı xüsusi diqqət yetirdik. Son altı ay ərzində bu qəbildən məsələləri fəal şəkildə təşviq etdik.
Prezident Karolos Papulyas Kipr məsələsi ilə bağlı aparılan danışıqların mühüm mərhələyə daxil olduğunu vurğuladı. Yunanıstan dövlətinin başçısı bəyanatını bu sözlərlə bitirdi:
- Yekun olaraq Azərbaycan Prezidentinə olduqca məhsuldar və əhatəli danışıqların aparıldığına görə təşəkkürümü bildirirəm və Sizə Yunanıstanda xoş səfər arzulayıram.
Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı
- Çox təşəkkür edirəm, hörmətli cənab Prezident.
İlk növbədə, dəvətə, mənə və nümayəndə heyətinə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə öz minnətdarlığımı bildirirəm.
Bu, mənim Yunanıstana ikinci rəsmi səfərimdir. Prezident Papulyas da üç il bundan əvvəl Azərbaycana rəsmi səfər etmişdir. Bu səfərlər onu göstərir ki, Yunanıstan-Azərbaycan əlaqələri yüksək səviyyədədir və əminəm, mənim səfərim bu əlaqələrə yeni təkan verəcəkdir.
Prezident Papulyas qeyd etdiyi kimi, bizim siyasi əlaqələrimiz gündən-günə güclənir və əminəm ki, gələcəkdə daha da güclənəcəkdir. Biz beynəlxalq təşkilatlar çərçivəsində uğurlu əməkdaşlıq edirik. Xüsusilə Avropa Şurasında bizim nümayəndə heyətlərimiz çox fəal əməkdaşlıq münasibətləri qurmuşlar. Keçən ay Azərbaycan Avropa Şurasında sədrliyi öz üzərinə götürmüşdür və ilin sonuna qədər bu sədrliyi davam etdirəcəkdir. Yunanıstan isə Avropa İttifaqına sədrliyi dövründə Azərbaycan-Avropa İttifaqı münasibətlərinin inkişafına çox böyük töhfə vermişdir. Avropa İttifaqı-Azərbaycan əlaqələri çox yüksək səviyyədədir, strateji xarakter alıbdır. İki gün bundan əvvəl Avropa Komissiyasının sədri cənab Barrozunun Azərbaycana uğurlu səfəri bu əlaqələrin strateji mahiyyətini bir daha təsdiq etmişdir.
Biz Prezident Papulyas ilə regional təhlükəsizlik məsələlərini də geniş şəkildə müzakirə etdik. Regional təhlükəsizlik üçün ən böyük təhdid Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həll olunmamasıdır. İyirmi ildən çoxdur ki, Ermənistan Azərbaycanın beynəlxalq birlik tərəfindən tanınmış ərazilərinin 20 faizini işğal altında saxlayır. Münaqişənin tezliklə həlli bölgəyə sülh, əməkdaşlıq gətirəcəkdir. BMT Təhlükəsizlik Şurası bu münaqişə ilə bağlı dörd qətnamə qəbul etmişdir ki, orada erməni silahlı qüvvələrinin işğal edilmiş torpaqlardan qeyd-şərtsiz çıxarılması nəzərdə tutulur. Ümid edirəm ki, bu münaqişənin həlli yaxın zamanlarda mümkün olacaq və beləliklə, dediyim kimi, bölgədə əməkdaşlıq üçün yeni imkanlar yaranacaqdır.
Əlaqələrimizin mühüm hissəsi enerji təhlükəsizliyi ilə bağlıdır. Burada Yunanıstan-Azərbaycan əlaqələri strateji əhəmiyyət daşıyır. TAP layihəsi nəinki enerji təhlükəsizliyi layihəsidir, eyni zamanda, iki ölkə arasındakı dostluq əlaqələrini daha da yüksək pilləyə qaldıracaqdır. Azərbaycanın təşəbbüsü ilə icra edilən "Şahdəniz", TANAP və TAP hazırda Avropanın ən böyük infrastruktur layihələridir. Bu layihələrin icrası nəticəsində bundan sonra onilliklər ərzində Azərbaycan Avropa bazarına öz təbii qazını ixrac edəcəkdir.
Bu gün, eyni zamanda, qarşılıqlı investisiya qoyuluşu məsələləri də müzakirə edildi, mədəniyyət sahəsində əməkdaşlıq haqqında fikir mübadiləsi aparıldı. Bir sözlə, bizim əlaqələrimiz çox geniş xarakter daşıyır və əminəm ki, gələcəkdə daha da sürətlə inkişaf edəcəkdir.
Cənab Prezident, qonaqpərvərliyə görə Sizə bir daha minnətdarlığımı bildirmək istəyirəm. Əminəm ki, səfərin nəticələri iki ölkəni bir-birinə daha da yaxın edəcəkdir. Sağ olun.
---------
22:22
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi bir daha ölkəsində salamladı və bu səfərin ikitərəfli əməkdaşlığın inkişafında xüsusi əhəmiyyət daşıdığını bildirdi.
Prezident Karolos Papulyas dedi:
- Aramızda mövcud olan siyasi münasibətlərin səviyyəsi çox yüksəkdir. Hesab edirəm ki, gələcək üçün hər bir sahədə çox yaxşı perspektivlər vardır. Mən bu sahələr arasında enerji sahəsini xüsusi qeyd etmək istəyirəm.
X X X
Prezident İlham Əliyev dedi:
- Çox sağ olun, cənab Prezident. Dəvətə və bizə göstərdiyiniz qonaqpərvərliyə görə Sizə minnətdaram. Yenidən Sizin ölkənizdə olmağımdan çox məmnunam.
Biz Sizinlə indi təkbətək görüşdə ikitərəfli əlaqələrimizin müxtəlif aspektlərini geniş müzakirə etdik. Bir daha əmin olduq ki, Yunanıstan-Azərbaycan əlaqələri müxtəlif istiqamətlər üzrə uğurla inkişaf edir. Siyasi, iqtisadi, mədəniyyət, enerji sahələrində çox gözəl nəticələr və uğurlar vardır. Əminəm ki, mənim səfərim bu əlaqələrin inkişafına yeni təkan verəcəkdir. Qonaqpərvərliyə görə bir daha Sizə minnətdaram.
---------
20:39
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Yunanıstan Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Evangelos Venizelos ilə görüşmüşdür.
Görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri, enerji, qarşılıqlı sərmayə qoyuluşu və digər sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu.
Söhbət zamanı, həmçinin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparıldı.
X X X
AzərTAc xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Yunanıstana dövlət səfəri çərçivəsində bu ölkənin parlamentində əsas müxalifət olan Demokratik Solçular Birliyinin lideri Aleksis Tsipras ilə görüşmüşdür.
Görüşdə Azərbaycan-Yunanıstan münasibətlərinin hazırkı vəziyyəti və perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
--------
20:07
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Yunanıstan Respublikasının Baş naziri Antonis Samaras ilə görüşü olmuşdur.
Baş nazir Antonis Samaras Prezident İlham Əliyevi qarşıladı.
Görüşdə ölkələrimiz arasında müxtəlif sahələrdə ikitərəfli əlaqələrin uğurlu inkişafından məmnunluq ifadə olundu. İqtisadi sahədə, o cümlədən energetika, nəqliyyat, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu vurğulandı. İqtisadi əlaqələrin Azərbaycan-Avropa İttifaqı əməkdaşlığı çərçivəsində önəmi qeyd edildi.
X X X
Görüşdən sonra Yunanıstanın Baş naziri Antonis Samaras tərəfindən Azərbaycan Prezidenti İlham Əliyevin şərəfinə rəsmi nahar verildi.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da Afinada Yunanıstan Respublikası parlamentinin sədri Vanqelis Meimarakis ilə görüşmüşdür.
Yunanıstan parlamentinin sədri dövlətimizin başçısını qarşıladı.
Vanqelis Meimarakis dost Azərbaycanın Prezidenti İlham Əliyev ilə Yunanıstan parlamentində görüşündən məmnunluğunu bildirdi. O, Azərbaycan və Yunanıstan parlamentləri arasında əlaqələrin inkişaf etdiyini söylədi.
Ötən ilin noyabrında Yunanıstan-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvlərinin Azərbaycanda olduğunu xatırladan sədr yaxın vaxtlarda özünün də ölkəmizə səfər edəcəyini diqqətə çatdırdı. Vanqelis Meimarakis bu səfərin parlamentlərarası əlaqələrin dərinləşməsinə töhfə verəcəyini vurğuladı.
Parlamentin sədri, həmçinin Azərbaycan Prezidentinin Yunanıstana dövlət səfərinin ölkələrimiz arasında bir çox sahələrdə əlaqələrin inkişafı baxımından əhəmiyyətini qeyd etdi.
Prezident İlham Əliyev parlamentlərarası əlaqələrin ölkələrimiz üçün çox önəmli olduğunu dedi, bu əlaqələrin ümumi əməkdaşlığımızın inkişafında mühüm yer tutduğunu bildirdi.
Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələrin inkişafını qeyd edən dövlətimizin başçısı qanunverici orqanlarımızda dostluq qruplarının fəaliyyətini bunun göstəricisi olduğunu vurğuladı.
Dövlətimizin başçısı ikitərəfli əməkdaşlığımızın çox uğurlu olduğunu söylədi. Son beş ildə Yunanıstana ikinci dəfə səfər etdiyini deyən Prezident İlham Əliyev bunun ölkələrimiz arasında əlaqələrin inkişafını təsdiq edən mühüm fakt olduğunu diqqətə çatdırdı.
Prezident İlham Əliyev səfər çərçivəsində Yunanıstan Prezidenti və Baş naziri ilə səmərəli görüşlər keçirdiyini dedi, Azərbaycan ilə Yunanıstan arasında qurulmuş dostluq əlaqələrinin çox uğurla inkişaf etdiyini və əməkdaşlığımızın gələcəkdə daha da genişlənməsi üçün böyük imkanların olduğunu bildirdi.
Sonda Vanqelis Meimarakis Yunanıstan parlamentinin qızıl medalını Prezident İlham Əliyevə təqdim etdi.
--------
16:30
Milli.Az-ın məlumatına görə, AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da sənədlərin imzalanması mərasimindən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mətbuata bəyanatlarla çıxış etmişlər.
X X X
Milli.Az-ın məlumatına görə, AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da geniş tərkibdə görüş başa çatdıqdan sonra Azərbaycan-Yunanıstan sənədlərinin imzalanması mərasimi olmuşdur.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyas mərasimdə iştirak etmişlər.
"Azərbaycan Respublikası Hökuməti və Yunanıstan Respublikası Hökuməti arasında kənd təsərrüfatı sahəsində əməkdaşlıq haqqında Saziş"i Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzaladılar.
"Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi və Yunanıstan Respublikası Xarici İşlər Nazirliyi arasında Azərbaycan Respublikasının Avropa İttifaqı məsələləri üzrə əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzaladılar.
"Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi və Yunanıstan Respublikası Təhsil və Dini İşlər Nazirliyi arasında gənclər sahəsində əməkdaşlıq haqqında Memorandum"u Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov və Yunanıstanın xarici işlər naziri Evangelos Venizelos imzaladılar.
X X X
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olmuşdur.
---------
16:03
Milli.Az-ın məlumatına görə, AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Afinada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın təkbətək görüşü olmuşdur.
Görüşdə Azərbaycan ilə Yunanıstan arasında siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyi bildirildi. Əlaqələrimizin bundan sonra daha da genişləndirilməsi üçün yaxşı imkanların olduğu qeyd edildi. Azərbaycan-Yunanıstan əməkdaşlığının Avropa İttifaqı çərçivəsində də önəmi vurğulandı. Prezident İlham Əliyevin Yunanıstana dövlət səfərinin ikitərəfli münasibətlərin daha da inkişafı baxımından əhəmiyyəti bildirildi.
Söhbət zamanı ikitərəfli əlaqələr, beynəlxalq və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.
----------
13:42
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Afinada rəsmi qarşılanma mərasimi olmuşdur.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Prezident sarayının qarşısında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Yunanıstan Prezidenti Karolos Papulyas Azərbaycan Prezidenti İlham Əliyevi qarşıladı.
Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndi.
Dövlət başçıları hərbi marşın sədaları altında fəxri qarovul dəstəsinin qarşısından keçdilər.
Fəxri qarovul dəstəsinin rəisi Azərbaycan Prezidenti İlham Əliyevə raport verdi.
Yunanıstanın rəsmi şəxsləri Prezident İlham Əliyevə, Azərbaycan nümayəndə heyətinin üzvləri Prezident Karolos Papulyasa təqdim edildi.
Sonra prezidentlər rəsmi foto çəkdirdilər.
----------
12:14
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Yunanıstanda dövlət səfərində olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 16-da naməlum əsgərin məzarını ziyarət etmişdir.
Burada dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyev naməlum əsgərin məzarı önünə əklil qoydu.
Hərbi orkestrin ifasında Azərbaycanın və Yunanıstanın dövlət himnləri səsləndirildi.
-----------------
15.06.2014
21:06
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, iyunun 15-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Afina Akropolunda olmuşlar.
Altı min illik tarixi olan Afina dünyanın ən qədim şəhərlərindən biridir. Şəhər müdriklik ilahəsi Afinanın adını daşıyır. Bütün dünyada azadlıq, demokratiya və incəsənətin rəmzi hesab olunan Afinaya xüsusi yaraşıq verən, şəhərin özəlliyini artıran tarixi məkanlar arasında Akropol xüsusi yer tutur. "Yuxarı şəhər" mənasını verən və Afinanın rəmzi hesab olunan bu müqəddəs qaya qədim sivilizasiya ilə müasirliyi bir araya gətirir.
Afinanın mərkəzində hündürlüyü 156 metrə çatan qayalıq meydançada yerləşən, dünya tarixinin və mədəniyyətinin şah əsərləri sırasında olan Akropol 3 min illik tarixə malik memarlıq abidələri ilə zəngindir və sanki muzeyi xatırladır. Qədim Afinanın həm dövlət, həm də dini mərkəzi sayılan Akropolun qorunmasına afinalılar bütün dövrlərdə ciddi fikir vermişlər. Hətta Perikl zamanında Akropolun bərpası üçün xeyli vəsait ayrılmış, tikintiyə minlərlə insan cəlb edilmişdir. İndiyə qədər gəlib çatan bir çox tarixi abidələr də məhz elə o dövrdə inşa olunmuşdur. Akropolun əhəmiyyətini artıran mühüm amillər sırasında təbii ki, dünya memarlığının nadir inciləri olan Panteon, Afina və Erektion məbədləri də vardır ki, bu tarixi abidələrin böyük hissəsi günümüzə qədər gəlib çatmışdır. Məsələn, yunan memarlığının ən böyük əsəri hesab edilən Panteon məbədinin xarici görünüşündə istifadə olunan heykəltəraşlıq nümunələri yunan sənətinin ən yüksək zirvəsi kimi qəbul edilir.
Tarixən Afinanın həm hərbi, həm də dini mərkəzi rolunu oynayan Akropolun görkəmli yerində şəhərin hamisi ilahə Afinanın şərəfinə ucaldılmış Parfenon məbədi yerləşir.
Akropolun aşağı hissəsində isə bir zamanlar Afinanın ticarət və mülki mərkəzi hesab olunan qədim Aqora yerləşir. Keçmişdə Sokrat və Platon kimi görkəmli filosoflar gəzinti və söhbət üçün məhz bu məkanı seçmişdilər. Aqora ərazisində yerləşən memarlıq abidələri müxtəlif tarixi dövrlərə aiddir. Burada hətta eramızdan əvvəl XI əsrə aid abidələrə də rast gəlmək mümkündür.
Sənayenin ətraf mühitə vurduğu ziyanın aradan qaldırılması ilə bağlı hazırlanan böyük bərpa proqramı çərçivəsində 1980-ci ildən etibarən Akropolda mütəmadi bərpa işləri həyata keçirilir.
Akropol öz möhtəşəmliyi ilə onu görməyə gələn hər bir turistin qəlbində unudulmaz hisslər yaradır.
---------
16:40
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 15-də Yunanıstana dövlət səfərinə gəlmişdir.
Azərbaycanın və Yunanıstanın dövlət bayraqlarının dalğalandığı Afinanın Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.
Prezident İlham Əliyevi Yunanıstanın yüksək vəzifəli dövlət və hökumət nümayəndələri qarşıladılar.