Azərbaycan prezidenti Qırğızıstan parlamentinin sədrini qəbul edib
13 İyun 2014 18:15 SiyasətAzərbaycan prezidenti İlham Əliyev Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. APA-nın məlumatına görə, görüş zamanı A.Jeenbekov Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının əhəmiyyətini vurğulayıb. A.Jeenbekov Qırğızıstanda Heydər Əliyevin xatirəsinə parkın salınması ilə bağlı işlərin getdiyini bildirib, habelə Qırğızıstan prezidenti Almazbek Atambayevin salamlarını Azərbaycan dövlət başçısına çatdırıb. Görüşdə Azərbaycanla Qırğızıstan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğu vurğulanıb, ölkələrimizin BMT, İslam Əməkdaşlıq Təşkilatı, Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası və digər beynəlxalq təşkilatlarda uğurla əməkdaşlıq etdiyi qeyd olunub, ikitərəfli münasibətlərimizin iqtisadi, humanitar və digər sahələrdə genişləndirilməsi üçün yaxşı imkanların olduğu bildirilib. Söhbət zamanı Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Bodrumda keçirilən Zirvə toplantısının əhəmiyyəti vurğulanaraq Türkdilli Ölkələrin Parlament Assambleyası Şurasının Bakıda keçirilən növbəti iclasının da əlaqələrimizin daha da möhkəmləndirilməsi işinə xidmət edəcəyinə əminlik ifadə olunub. Prezident İlham Əliyev A. Atambayevin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Qırğızıstan dövlətinin başçısına çatdırmağı xahiş edib.