TürkPA-da sədrlik Azərbaycana keçdi

Bakıda qurumun plenar iclası keçirilir

İyunun 12-də Bakıda TürkPA-nın beşinci plenar iclası öz işinə başlayıb. TürkPA sessiyasında iştirak edəcək nümayəndə heyətləri Azərbaycan Milli Məclisi sədrinin birinci müavini Ziyafət Əsgərovun müşayiəti ilə Fəxri Xiyabanda Heydər Əliyevin məzarını, Şəhidlər Xiyabanını və Türk şəhidliyini ziyarət edib. Sonra plenar iclas Azərbaycanın parlament binasında öz işinə başlayıb. Assambleya Şurasının iclasının açılış mərasimində TürkPA-nın fəaliyyətdə olan sədri, Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək giriş nitq söyləyib. C.Çiçək həmçinin Mosulda baş verən hadisələrə toxunub: "Son günlər baş verən hadisələrdən dərin narahatlıq duyuruq və yaranmış problemlərin sülh yolu ilə çözülməsini, türk diplomatları və türk vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılmasını istəyirik". C.Çiçək deyib ki, Türkiyə dövləti İraqın Mosul şəhəri və digər bölgələrində son günlər baş verən hadisələrdən dərin narahatlığını bildirir və yaranmış problemlərin sülh yolu ilə çözülməsini , türk diplomatları və türk vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılmasını istəyir. TBMM sədri İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizə çağırıb. Lakin terrora qarşı mübarizə məsələsində dünya birliyinin gözlənilən reaksiya vermədiyini və narahatlıq doğuran hadisələrə etinasız qaldığını ifadə edib. Ardınca C.Çiçək Türkiyə tərəfi sədrliyinin fəaliyyətinə dair məruzə ilə çıxış edib. Bildirib ki, artıq TürkPA nüfuzlu bir təşkilata çevrilib. İndi bunun daha da möhkəmləndirilməsi istiqamətində bir sıra addımların atılmasına ehtiyac var. Artıq katiblik bu məqsədlə xüsusi fəaliyyət planı hazırlayıb. Hesab edirəm ki, belə planların sayı artırılmalıdır". Onun sözlərinə görə, TürkPA-nın fəaliyyətinin daha da səmərəli olması məqsədilə türk dillərini yaxşı bilən, peşəkar tərcüməçilərin hazırlanmasına ehtiyac duyulur.

***
Sonra TürkPA sədrliyinin Azərbaycana təhvil verilməsi mərasimi baş tutub. Azərbaycan Milli Məclisinnin sədri Oktay Əsədov qeyd edib ki, Mosulda baş vermiş vəziyyət qətiyyətlə pislənilməlidir: "Ona görə də oradakı türk vətəndaşlarının dərhal azadlığa buraxılması ilə bağlı bəyanat yazılmalıdır". Azərbaycanın quruma sədrliyi dövründə görüləcək işlər barədə məlumat verən O.Əsədov bildirib ki, TürkPA-nın məqsədlərinin həyata keçirilməsi üçün bütün imkanlardan istifadə ediləcək: "Hesab edirəm ki, Assambleyanın işçi qurumu olan komissiyaların daha da gücləndirilməsinə ehtiyac var. Komissiyaların yenidən formalaşması bu təşkilatı daha da güclü edə bilər. Bundan başqa, TürkPA-nın hüquqi bazasının təkmilləşdirilməsı, ekspertlər səviyyəsində görüşlərin təşkil edilməsi vacib şərtlərdəndir. Yüksək ixtisaslı tərcüməçilərin hazırlanması TürkPA-nın diqqətində saxlanılmalıdır. Peşəkar tərcüməçilər olmadan türkdilli ölkələr arasında qarşılıqlı informasiyanın tam axınının olması mümkün deyil. Bu məsələnin həllinə kömək göstərilməsi TürkPA-nın əsas hədəflərindən biri olmalıdır". O, qeyd edib ki, Türkdilli Ölkələrin Parlament Assambleyası çərçivəsində əməkdaşlıq dövlətlərimiz arasında iqtisadi, siyasi və digər əlaqələrin dərinləşməsinə şərait yaradır. "Artıq TürkPA böyük siyasi çəkiyə malik olan təşkilata çevrilib. Türkdilli dövlətlərin ortaq parlamentlərinin fəaliyyətlərinin xalqlarımız və dövlətlərimiz  arasında qardaşlıq münasibətlərinə dərinləşməsinə kömək edib. Hesab edirəm ki, Komissiyanın yenidən təşkil olunması, təşkilatın səmərəliliyini daha da artıra bilər. Biz TürkPA-nın ekspertlər potensialının inkişaf etdirilməsinə diqqət yetirəcəyik. Sədrliyimiz dövründə Assambleyada ekspertlər səviyyəsində görüşlərin keçirilməsində ilk dəfə Türkiyə tərəfi təşəbbüs göstərib. Bu ənənəni davam etdirəcəyik. Azərbaycan parlamenti TürkPA-nın fəaliyyətinin hüquqi bazasının təkmilləşdirilməsini diqqət mərkəzinə çəkəcək. Plenar iclas bu məsələnin tədqiqi ilə bağlı katibliyə təlimat verəcək. Ümid edirəm ki, payızın əvvəllərinə qədər katiblik bu məsələyə hesabat təqdim edəcək və biz bu hesabatda sizinlə birlik lazımi addımlar atacağıq". Qeyd edək ki, iclasda Qazaxıstan parlamenti Məclisinin sədri Kabibulla Cakupov və Qırğızıstan parlamentinin sədri Asilbek Jeenbekovun başçılıq etdikləri nümayəndə heyətləri də iştirak edib. Beşinci plenar iclasın gündəliyinə daimi komissiyaların sədr və sədr müavinlərinin seçilməsi Azərbaycanda keçirilən prezident seçkilərinə dair TürkPA beynəlxalq müşahidəçilər missiyasının hesabatı və TürkPA-nın 2015-ci il üçün büdcəsinin qəbulu daxil edilib. Plenar iclasda Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ), TÜRKSOY, Türk Akademiyası, Qaradəniz Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası, GUAM və mərmərə Qrupup Fondunun nümayəndələri iştirak edir. Macarıstan Parlamentinin sədr müavini Sandor Lezsak başçılıq etdiyi nümayəndə heyəti də TÜRKPA-nın beşinci iclasında iştirak edən və Assambleya Şurasının toplantısı zamanı Macarıstan parlamentinin TÜRKPA-da müşahidəçi statusunun alınması nəzərdə tutulur. PürkPA-nın plenar iclası iyunun 13-də də öz işini davam etdirəcək. İclas Bakı Bəyannaməsinin qəbul edilməsi ilə başa çatacaq.

Alim

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00