Ukraynada Qurtuluş Günü qeyd edilib

Kiyevdə Azərbaycanın Ukraynadakı Səfirliyinin Naxçıvan salonunda Azərbaycanın Milli Qurtuluş Gününə həsr olunmuş tədbir keçirilib. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərə görə, tədbirdə Ukrayna Təhsil və Elm Nazirliyinin, Elmlər Akademiyasının və kütləvi informasiya vasitələrinin nümayəndələri, yüksək vəzifəli rəsmilər iştirak ediblər. Səfir Eynulla Mədətli Azərbaycan xalqının və dövlətinin tarixində bu taleyüklü hadisənin tarixindən, Azərbaycan dövlətçiliyinin memarı, zəmanəmizin görkəmli dövlət və siyasi xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin həyat fəaliyyətindən ətraflı söhbət açıb. O, cənab Pyotr Poroşenkonun Ukraynanın beşinci prezidenti seçilməsi münasibətilə Ukrayna tərəfini təbrik edib və əmin olduğunu bildirib ki, bu seçim Azərbaycan-Ukrayna əlaqələrinin inkişafına yeni təkan verəcək. Bayram tədbirinin iştirakçılarına tanınmış Azərbaycan alimi, Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktoru Yaqub Mahmudovun Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən Ukrayna dilində nəşr olunmuş "Heydər Əliyev ideyalarının zəfər yürüşü" kitabının nüsxələri təqdim edilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00