Müxalifət yeni birlik yaradır?

Milli Şura buraxılmasa, qurum Müsavat ətrafında formalaşacaq

Müxalifət daxilində yeni bir qurumun yaranması prosesi başlanıb. Bunu Müsavat Partiyasına yaxın mətbuat yazır.  Xəbər verilir ki, bu istiqamətdə danışıqlar gedir və nəticədə müxalifətin əhəmiyyətli güclərini bir araya gətirə biləcək hərəkat xarakterində bir qurum ortaya çıxa bilər. İddia olunur ki, bu təşkilatlanma xalq hərəkatının üstqurumu şəklində  düşünülsə də, mətbuata onun adı hələlik başqa cür təqdim olunacaq. Məlumat verilir ki, danışıqlarda müxalifətin önəmli isimləri rol alıb, görüşlər keçirilir,  hədəflər müəyyənləşdirilir, üzvlər seçilir. Siyasi təşkilat və qurum rəhbərləri ilə yanaşı, ölkədə tanınan fərdlərin də siyasətə cəlb olunması istiqamətində iş getdiyi bildirlir. "Hədəf ondan ibarətdir ki, "bir fərd, bir partiya" prinsipi ilə ölkənin tanınmış simaları da yeni təşkilatlanmaya cəlb olunsun. Təxminən 2014-cü ilin sonları, 2015-ci ilin əvvəllərində böyük bir güc olaraq, narazı elektoratı və bütövlükdə müxalifətin elektoratını bir araya gətirmək mümkünləşsin"-deyə, qeyd olunur. Hesab edilir ki, danışıqlar prosesində həm köhnə qvardiya müxalifətçiləri, həm də yeni nəsil siyasətçilər olacaq. Müsavatyönlü qəzet prosesə AXCP-nin qatılıb-qatılmayacağını yazmır.  Amma bəribaşdan aydındır ki, AXCP Milli Şuraya önəm verir və belə tezliklə qurum buraxılmayacaq. Düzdür, son zamanlar MŞ sədri Cəmil Həsənliyə qarşı piar aparılsa da, AXCP Milli Şuranı tez bir zamanda xərcləyə bilməz. Əli Kərimli Milli Şuranı müxalifət daxilində yeni yaranan qurumla danışıqlarda alver predmetinə çevirməyə çalışacaq. Yeni qurumda daha üstün mövqelərə sahib olmağa çalışacaq. AXCP ilə Müsavat arasında münasibətlər gərgin olduğu üçün aydın məsələdir ki, hazırkı mərhələdə bu iki partiya bir yerdə olmayacaq. Deməli, yeni birlik Müsavatın ətrafında formalaşa bilər. Müsavat mətbuatı yeni qurum ətrafında mübhəmlik, mötəbərlik yaratmağa çalışsa da, köhnə müxalifətin yaratdığı birlikdə yeni heç nə olmayacaq. Yeni qurumda kimlərin, hansı partiyaların təmsil olunacağını da indidən söyləmək mümkündür. Qurumun nüvəsində Müsavat elektoratı olacaq. KXCP, VABMP, Böyük Azərbaycan, Sülhəddin Əkbərin partiyası yeni siyasi birlikdə olacaqlar. Müsavatyönlü qəzetin "siyasətdə olmayan kəsim" adlandırdığı şəxslər isə yəqin ki, bu günə qədər partiya üzvü olmamış, ancaq ənənəvi müxalifətə simpatiya bəsləyən ziyalılardan söhbət gedir. Müsavat onlarla danışıqlar aparır və 2015-ci ilin "Xaliq Əlimirzəyevi" yəqin ki, artıq bəllidir. İctimai fəallardan, müstəqillərdən isə Ərəstun Oruclu, Zəfər Quliyev, Mehriban Vəzir, Ədalət Tahirzadə kimi şəxslər olacaq ki, onlar da ictimai rəyə o qədər də yabançı deyillər. Bir sözlə, Müsavat təkbaşına güclü qurum yarada bilməyəcək. AXCP prosesdə iştirak etməsə, müxalifətdəki hazırkı dağınıqlıq qütbləşməyə çevriləcək. Əli Kərimli bütün gücü ilə Milli Şuranı seçki blokuna çevirməyə çalışacaq.  Bu halda müxalifət 2015-ci il seçkilərinə də vahid komanda ilə gedə bilməyəcək.

Zaur Sultanbud
 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00