“Qərb və Rusiya qarşıdurması Azərbaycana da təsirsiz ötüşmür”
Taleh Əliyev: “Ölkənin müstəqilliyi və suverenliyi naminə bütün siyasi qüvvələr diqqətli olmalıdır”
11 İyun 2014 13:38 SiyasətBu il ölkədə keçiriləcək bələdiyyə seçkilərində Ümid Partiyası da iştirak etməyi qərarlaşdırıb. Artıq seçkilərə hazırlıq istiqamətində partiyada bir sıra tədbirlər həyata keçirilir. Partiyanın seçkilərə hazırlığı və qarşıda duran vəzifələrlə bağlı Ümid Partiyası İcra Aparatının rəhbəri Taleh Əliyev danışıb.
-Taleh bəy, Ümid Partiyasında bələdiyyə seçkilərinə hazırlıqları hansı mərhələdədir?
-Ümid Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə hələ keçən ilin noyabr ayından başlayıb. Bu il fevralın 8-də Ali Məclisin müvafiq qərarı olub. Martın 29-da isə respublika müşavirəsi keçirilib. Ümid Partiyası qarşıdan gələn bələdiyyə seçkilərinə 2009-cu il seçkilərinə nisbətən daha çox bələdiyyə subyektləri üzrə daha çox namizədlə qatılmağı hədəfləyib. Biz Ümid Partiyası olaraq bu seçkilərə çox yüksək səviyyədə hazırlaşırıq.
-Bir neçə gün əvvəl partiya sədri İqbal Ağazadə sərəncam verərək müavinlərini işdən azad etdi. Bu cəmiyyətdə ciddi rezonans doğurdu. Baş verənlərlə bağlı siz nə deyə bilərsiniz?
-Bu sədrin sərəncamında olan bir məsələdir. Məncə artıq partiya sədri məsələyə aydınlıq gətirib. Mən də hesab edirəm ki, zərurət olduğu üçün bu addım atılıb. Qarşıdan bələdiyyə seçkisi gəlir və partiyanın fəaliyyətini daha effektli təşkil etmək lazımdır. Partiya strukturunda müəyyən islahatların aparılması təbiidir. Ümid Partiyası Azərbaycanda kifayət qədər tanınan, öz sözünü deyə bilən və özünəməxsus siyasi xətt yürüdən bir partiyadır. İnkişafda olan bir partiyada struktur dəyişiklikləri, bəzi şöbə və bölmələrin birləşdirilməsi, həmçinin yenisinin yaradılmasına həmişə zərurət yaranır. Bu baxımdan nizamnaməyə uyğun olaraq sədrin sərəncamına hörmətlə yanaşılmalıdır və təbii qəbul edilməlidir. Bu cür addımlar həm də cəmiyyətdə bir nümunə olmalıdır. Düşünürəm ki, yeni strukturların yaranması, islahatların aparılması və yeni təyinatlardan sonra partiyanın işi daha effektiv şəkildə qurulacaq.
-Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu bu yaxınlarda mətbuata bələdiyyə seçkilərinə Ümid Partiyası ilə birlikdə qatılacaqlarını açıqlayıb. Sərdar bəyin açıqlaması ilə bağlı nə deyə bilərsiniz?
-Ümid Partiyası ilə Azərbaycan Demokrat Partiyasının əməkdaşlığı hələ 2010-cu il parlament seçkiləri öncəsi baş tutub və blok şəklində seçkilərdə iştirak etmişik. Seçkilərdən dərhal sonra isə hər iki partiya Qarabağ Bloku çərçivəsində əməkdaşlığı davam etdirməklə bağlı müvafiq saziş imzalayıb. Qarabağ Bloku hələ də öz fəaliyyətini davam etdirir və mütəmadi olaraq öz toplantılarını keçirir. Birlikdə ölkədə və dünyada baş verən ictimai-siyasi hadisələri müzakirə edlir və münasibət bildirilir. Həm Ümid Partiyasının, həm də ADP-nin böyük seçki təcrübəsi var. Bu baxımdan hesab edirəm ki, hər iki partiyanın qarşıdan gələn bələdiyyə seçkilərinə birlikdə iştirakı daha uğurlu olar.
-Son dövrlər Azərbaycan siyasi arenasında sanki bir durğunluq yaşanır. Bu nə ilə bağlıdır?
-Azərbaycan qloballaşan dünyanın kiçik də olsa bir parçasıdır. Ona görə də qlobal miqyasda baş verən hadisələrin bizim ölkəyə də təsir etməsi bir qanunauyğunluqdur. Azərbaycandakı bugünkü siyasi durğunluq əsasən qlobal böhranın nəticəsidir. Narahat olmağa da ciddi səbəblər var. Ukraynada baş verənlər, Qərb və Rusiya qarşıdurması region dövlətlərinə , o cümlədən də Azərbaycana da təsirsiz ötüşmür. Ölkənin müstəqilliyi və suverenliyi naminə ölkədə olan bütün siyasi qüvvələr- həm iqtidar, həm də müxalifət çox diqqətli olmalı və bu həssas dönəmdə ehtiyatlı siyasət yürütməlidir. Hesab edirəm ki, səbəblərdən biri budur. Gələcəkdə ölkə üçün yarana biləcək təhlükələrin qarşısını almaq üçün isə mütləq barış və dialoq olmalıdır. Bu istiqamətdə bütün qüvvələr vahid mövqedən çıxış etməlidir.
S.İsmayılbəyli