Cəmil Həsənliyə qarşı aşağılama kampaniyası kimin marağındadır?
Əli Kərimli Milli Şuranın sədri olmaq istəyir
10 İyun 2014 14:45 SiyasətBir neçə gündür ki, müxalifət mətbuatında, müxalif fəallarının sosial şəbəkələrdəki səhifələrində Milli Şuranın sədri Cəmil Həsənliyə qarşı hücumlar başlanıb. Buna səbəb Həsənlinin saytların birinə müsahibəsində səsləndirdiyi "Ədəbiyyat adamlarından vətəndaş mövqeyi gözləmək doğru olmazdı" fikri olub. Müxalifət yazarları hesab edir ki, MŞ sədri bununla yazarları aşağılayıb, müxalifətin yanında olmayan ədəbiyyat adamlarına haqq qazandırıb. Maraqlıdır ki, Cəmil müəllimə hücumlar AXCP yanlı mətbuatda və cəbhə yönlü şəxslər tərəfindən başlanıb. Prosesə müsavatçı yazarlar da qoşulub. Bir neçə gündür ki, sosial şəbəkələrdə Milli Şuranın sədrinə qarşı qara piar aparılır. Lakin dünəndən etibarən AXCP fəalları əks prosesə start veriblər. Bu yaxınlarda həbsdən çıxmış Kəmalə Bənənyarlı Cəmil Həsənliyə hücum edənləri şiddətlə qınayıb. Qeyd edək ki, Cəmil Həsənlini aşağılama kampaniyasına satirik şair Mirzə Sakit də qoşulub. AXCP fəalları Mirzə Sakiti bu hərəkətinə görə qınayıblar, onu müxalifətə arxa çevirməkdə suçlandırıblar. Müşahidə olunan odur ki, AXCP Cəmil Həsənliyə qarşı qara piarın arxasından çəkilir. Ya bu proses bilərəkdən başlanmışdı ki, MŞ sədrinə yeri göstərilsin, ya da qara piar sonda Müsavatın üzərində qalsın. Xatırladaq ki, Cəmil Həsənlinin məlum fikrini ilk tənqid edən müsavatçı yazarlar (AXCP mətbuatında çalışan müsavatçı) olmuş, sonra proses sosial şəbəkələrə keçmişdi. AXCP fəalları prosesi başlatdılar, sonra arxasından çəkildilər. İndi cəmiyyətdə elə bir görüntü var ki, Cəmil Həsənlini Müsavat sıradan çıxarmaq istəyir. Amma əslində belə deyil. Milli Şura sədri Müsavat üçün heç bir təhlükə və narahatçılıq yaratmır. Cəmil Həsənlinin ikinci plana keçirilməsi AXCP-nin planıdır. AXCP sədri Milli Şuranın sədri olmaq istəyir. AXCP-də hesab edirlər ki, Cəmil Həsənli aralıq dövrü üçün MŞ-a sədr seçilmişdi, artıq missiyasını bitirib və getməlidir. Əslində C.Həsənli faktiki olaraq müxalifət lideri deyil. Seçki dövründə keçirilən bütün kütləvi aksiyalarda əsas təşkilatçı iki partiya-AXCP və Müsavat olurdu. Həsənli AXCP-Müsavat komandasının kənardan gətirilmiş legioner oyunçusu statusunda idi. Seçki bitdi, Həsənlinin liderliyi də bitdi. AXCP-nin Milli Şura və Cəmil Həsənlidən Müsavata qarşı dəyənək kimi istifadə etməsi mərhələsi də bitdi. İndi Həsənli AXCP sədrinin qarşısında əngəldi. Həsənli ya MŞ-da yerini Əli Kərimliyə verməli, ya AXCP-nin yan qurumu kimi fəalliyyət göstərməyə razı olmalı, ya da Milli Şura buraxılmalıdır. Cəmil Həsənliyə qarşı başlanmış kampaniya AXCP-nin xəbərdarlığıdır: ya dediyimizlə razı olacaqsan, ya da səni müxalifətdən dışlayacağıq. Artıq qara piar effektini verib. Cəmil Həsənli protest elektoratı üçün "müqəddəs şəxs" deyil. Onu tənqid etməyə başlayıblar, özü də radikal müxalifətin öz mətbuatında. Baş verən proseslər birilərinin AXCP-Müsavat yaxınlaşmasına göstəridiyi cəhdin təzahürüdür. İndidən bəllidir ki, AXCP və Müsavat ortaq rəqib tapıbsa, deməli üfüqdə yeni siyasi birliyin konturları görünür. 2015-ci il parlament seçkilərində AXCP ilə Müsavat birgə blok yaradacaq. Bu təlimatın Qərbdən gəldiyi sirr deyil. Yəqin ki, hər seçkidən sonra dalaşan və növbəti seçki vaxtı barışan bu iki partiya yenidən bir araya gələ biləcək. Ancaq bir iş var ki, Cəmil Həsənliyə qarşı başlanmış kampaniya ziyalıları müxalifətdən bir az da uzaqlaşdıracaq.
Zaur Sultanbud