“Cəmil Həsənli yaratdığı obrazını alt-üst elədi”

Elçin Mirzəbəyli: “Bu onlara xas olan xüsusiyyətdir: axşam birlikdə olurlar, səhər bir-birlərini söyürlər”

 "Cəmil Həsənlini liderə çevirən də onlardır, indi onu təhqir edən də" - BAXCP sədrinin beynəlxalq məsələlər üzrə müavini Elçin Mirzəbəyli bəzi müxalifət mətbu orqanları və sosial şəbəkələrdə müxaliflərin Milli Şura sədri Cəmil Həsənliyə qarşı başlatdıqları "qara piar kampaniyası"na münasibət bildirərkən belə deyib. E.Mirzəbəyli hesab edir ki, indiki halda başqa proses baş versəydi, bəlkə də fərqli olardı. Müxalifətin üz tutduğu bu yolu ənənəvi hal adlandıran BAXCP rəsmisi qeyd edib ki, onlar əvvəlcə bir yerə gəlirlər, müəyyən zaman keçdikdən sonra onların maraqları təmin edilmədikdə isə həmin şəxsə qarşı "qara piar kampaniyası"na başlayırlar: "Cəmil Həsənli öz fikirlərini təkzib edir. Daha əvvəllər də belə fikir səsləndirmişdik ki, sənət, ədəbiyyat adamlarından siyasi mövqe gözləmək lazım deyil. Bu adamların öz düşüncələri var. Əgər hansısa fərqli şəkildə düşünürsə, ona qarşı təqib yoluna üz tutmaq yolverilməzdir. Məsələn, Vaqif Səmədoğlunun siyasi proseslərə baxışı fərqli ola bilər. Əslində bu, normal yanaşma tərzi idi. Amma Cəmil Həsənli onu inkar edir, demədiyini söyləyir. Burada iki yol var: ya bu kampaniyanın qarşısından geri çəkilib, bir daha öz cəsarətsizliyini sübuta yetirib, ya da o bu fikirləri həqiqətən deməyib. Amma Cəmil Həsənli elə bir mövqe sərgilədi ki, özünün qısa müddət yaratdığı obrazı alt-üst elədi. Özünün də vaxtilə istinad etdiyi dəyərləri alt-üst elədi. Ona görə də bu tip proseslərə o qədər əhəmiyyət verməmək lazımdır. Bu onlara xas olan xüsusiyyətdir: axşam birlikdə olurlar, səhər bir-birlərini söyürlər". ("OLAYLAR"İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00