Milli Şuranın sonu çatdı

Cəmil Həsənli AXCP üçün əhəmiyyətsiz fiqura çevrilib, ona qarşı təbliğata başlanılıb

AXCP-nin Milli Şura və Cəmil Həsənli ilə bağlı ümidlərinin öləzidiyi çoxdan məlumdur. Milli Şura layihəsi AXCP-yə Müsavatı sıxışdırmaq, ana müxalifətə çevrilmək, qurumdakı ziyalılardan İsa Qəmbər düşərgəsinə qarşı dəyənək kimi istifadə etmək üçün lazım idi.  Ötən ilin mayından Milli Şurada Müsavata qarşı mənəvi terror davam etdi. Milli Şura iki dəfə vahid namizədini dəyişdi, hər ikisində "Əli Kərimli olmursa, heç İsa Qəmbər də olmasın" prinsipi ilə başqa adamlar, siyasətdən uzaq şəxslər namizəd oldu. Müsavat-Milli Şura böhranı bu ilin yanvarında birincinin qəti qərarı ilə sona yetdi. Partiya Şuradan çıxdı. AXCP bu faktdan maksimum istifadə edərək Müsavatı müxalifətdən dışlamağa çalışdı. Lakin Müsavat susdu, baş verənlərə əsəbi reaksiya vermədi, savaşı AXCP-"Yeni Müsavat" müstəvisinə çıxarmağa nail oldu. AXCP funksionerlərinə qəzetin əməkdaşları cavab verdilər. Bununla da AXCP-nin proqnozları alt-üst oldu, tamam əksinə proseslər getməyə başladı. Müxalif qüvvələr Müsavatdan aralanıb Milli Şura ətrafında təmərküzləşmək əvəzinə, Şuradan uzaqlaşdılar. Müsavatın ardınca El Hərəkatı, tanınmış politoloqlar qurumu tərk etdilər. Son olaraq KXCP də Şuranı tərk edincə ortaya başqa mənzərə çıxdı. Məlum oldu ki, cəmiyyət Milli Şuranı ana müxalifət kimi deyil, AXCP-nin yan qurumu kimi qəbul edir. Cəmil Həsənli isə ciddi siyasi lider kimi qəbul olunmur. Sonuncunun və Əli Kərimlinin Müsavat əleyhinə qurduğu piarın iflası bir daha özünü Fransa prezidenti Fransua Ollandın Bakıya səfəri zamanı göstərdi. Fransa prezidentinin müxalifətlə görüşünə AXCP-nin ana müxalifət lideri kimi sırıdığı Cəmil Həsənli çağrılmamışdı. Bu bir daha Müsavatın Qərbdə "Rusiya layihəsi" kimi tanınan Milli Şuradan uzaqlaşmaqda doğru etdiyini göstərdi. Milli Şura layihəsi və "Cəmil Həsənli vahid lider" təbliğatı tam iflasa uğrayıb. Artıq AXCP-də anlayırlar ki, bu formatla parlament seçkilərinə getmək mümkün olmayacaq. Ona görə də müxalifətdə ikitirəlik yaratmış bu layihəyə son vermək qərarına gəliblər. Son günlər MŞ sədri Cəmil Həsənliyə qarşı xoş olmayan münasibət formalaşıb. Nədənsə AXCP-yə yaxın mətbuat və aktivlər professorun siyasi səhvlərini qabartmağa meyllidirlər. MŞ sədrinin son müsahibəsində səsləndirdiyi "Söz, sənət, ədəbiyyat adamından vətəndaş mövqeyi gözləmək düzgün deyil" fikri müxalifət düşərgəsində ciddi narazılıq yaradıb. Müsavatçı yazarlardan biri buna "Sən elə yaxşı ki, seçilmədin" reaksiyasını verib. "Azadlıq" qəzetində isə köşə yazarlarından birinin yazısında Cəmil müəllimin bu fikri təftiş olunub. Yazar bütün bir neçə arqumentlə Milli Şura sədrinin fikirlərini tənqid edib və yanlış olduğunu yazıb. Əslində Cəmil Həsənli düzgün ifadələr seçməyib və özünün siyasətçi olaraq naşı olduğunu göstərib. Siyasi lider bu cür fikirlərə səsləndirməməlidir. Onun fikri ədəbiyyat adamları haqqında formalaşmış "sərxoş", "içməsə yaza bilmir", "istedadlıdır, amma nə danışdığını bilmir", "şairin siyasi mövqeyi olmaz" kimi yanlış rəyə söykənir. C.Həsənli səhv edib. Maraqlısı budur ki, bu xətanı daha çox AXCP mətbuatı qabardır. Hər halda C.Həsənli əhəmiyyətli fiqur olsaydı. AXCP təbliğat maşını onun bu xətasını ört-basdır edərdi. Etmirsə, deməli, Cəmil Həsənlidən uzaqlaşmaq istəyirlər. "Azadlıq"da dalbadal dərc olunmuş iki yazıda əslində buna işarə var. Yazılardan birində Müsavatın daxilindəki dağınıqlıqdan "narahatlıq ifadə olunur", "Müsavat kimi bir partiyanın belə həssas məqamda toparlanmasının vacib olduğu" qeyd olunur. Görünür, AXCP iflasa uğramış Milli Şura layihəsinə və "Cəmil Həsənli liderdir" təbliğatına son vermək qərarına gəlib. Bu barədə Qərb dairələrindən təlimat da olmamış deyil. Görünür, AXCP-də qarşıdakı seçkidə Müsavatsız heç nəyə nail ola bilməyəcəklərini anlayıblar. Ancaq AXCP güclü Müsavat istəmir. AXCP-yə zəif, dağınıq, güclü lideri olmayan Müsavat lazımdır.

Ərhun Abbas

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00