AXCP Müsavata qarşı hücuma start verdi

Əli Kərimlinin “Pravda”sı Müsavatı dağınıq, qeyri-monolit partiya kimi təqdim etdi

AXCP ilə Müsavat arasında bir neçə aydır ki, davam edən "atəşkəs" pozulub. AXCP-nin əsas təbliğat ruporu Müsavata hücum edib. Əli Kərimlinin "Pravda"sında yazan köşə yazarlarından biri Müsavat Partiyasını hədəfə alıb. Məsələnin maraqlı tərəfi budur ki, bu yazar həm də Müsavat Partiyasının üzvüdür. Müəllif Müsavat Partiyasını sərt müxalifət mövqeyindən çəkilməkdə,  qurultay problemini həll edə bilməməkdə suçlandırır: "Partiyanın funksionerlərinin açıqlama və müsahibələri sadəcə, qurultay mövzusundadır. Ara-sıra rastlanan gündəm olaylarına reaksiyalar isə gerçək bir müxalifət partiyası funksionerinin üslubu ilə müqayisədə hədsiz yumşaq, mücərrəd təsir bağışlayır.  Hətta həbsdəki partiya funksionerləri - Tofiq Yaqublu, Yadigar Sadıqlı ölkə gündəminə daha çevik, prinsipial reaksiyalar verirlər, nəinki partiya qərargahındakılar".  Müəllif Müsavatın qurultay məsələsinin də müxalifət üçün problemə çevrildiyini yazır: "Baş verən olaylara daha operativ, kəskin reaksiyalar verilməsi gərəkdiyi bir dövrdə Müsavatın qurultayından başqa dərdi, qayğısı yox imiş kimi bir təəssürat var ortada. Demokratik mücadilənin bu günü və gələcəyi ilə bağlı çox ağır, ağrılı günlərdən keçdiyimiz bir vaxtda Müsavatın sadəcə, öz iç problemi ilə uğraşan partiya görüntüsü ona yaraşmır. Bəli, qurultayın keçirilməsinə süni əngəlləri heç kim inkar etmir. Amma bu, partiyanı sadəcə, qurultay mövzusuna kökləməyə də əsas vermir. Üstəlik, qurultay müzakirələrinin artıq partiyanı içindən qurd kimi gəmirdiyi açıq ortadadır. Qurultayın gecikdiyi hər gün Müsavata ciddi ziyan vurmaqdadır". Müəllif Müsavatda partiyaiçi qruplaşmaların olduğunu bildirir və qeyd edir ki, qrup mübarizəsi Müsavatı daha da zəif salacaq. Yazar qeyd edir ki, Müsavat tezliklə qurultay problemini həll etməli, ən pis şərtlərdə belə qurultay keçirməli, bütün diqqətini, enerjisini ən qısa vaxtda tamamən "müqavimət cəbhəsinin gücləndirilməsinə" yönəltməlidir.
Müsavatçı yazarın (əslində bu adam AXCP-yə daha çox bağlıdır və bir dəfə Müsavatdan çıxdığını bəyan edib. İndi onun yenidən "müsavatçı yazar" kimi təqdim olunması özü də müəmmalıdır-müəl.) partiyaya canıyananlıq etməsinin arxasında AXCP-nin niyyəti dayanır. AXCP sədri Əli Kərimli Müsavatı "qurultay problemini həll edə bilməyən", "ciddi müxalifət işlərindən uzaq düşmüş", "qruplaşmalar arasında mübarizə gedən partiya" kimi təqdim etmək istəyir. Müsavatın qurultayı bilərəkdən ləngitdiyi faktdır. İsa Qəmbər başqanlıqdan getməlidir, hamını qane edəcək yeni başqan adayı isə yoxdur. Arif Hacılı qurultayda başqan seçilə bilər, bunu isə Müsavatın elitasında əksəriyyət istəmir. Buna görə də yeni uğurlu başqan adayı tapılana qədər qurultay ertələnir. Müsavat qurultayın ertələnməsi ətrafında ajiotaj yaranmamasına çalışır. Müsavatçı yazarın qəfildən problemi qabartması AXCP-nin marağındadır. Əli Kərimli cəmiyyətə mesaj verir, belə bir fikir formalaşdırmağa çalışır ki, AXCP güclüdür, sabitdir, monolitdir. Müsavat isə bütöv deyil, partiyada qrup savaşı gedir, İsa Qəmbər birliyi təmin edə bilmir. AXCP-nin məqsədi aydındır: 2015-ci ildə ana müxalifət kimi çıxış etmək, Müsavatı mümkün qədər kənarda saxlamaq. Müsavat yaxın vaxtlarda qurultay keçirə bilməsə, yeni başqanla seçki hazırlıqlarına start verməsə AXCP gələn ilki seçkinin müxalifətdən əsas favoriti olacaq.

 

Zaur Sultanbud

 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00