Azərbaycana qarşı daha bir təxribat
6 İyun 2014 16:06 SiyasətXəbər verildiyi kimi, Rusiya Dövlət Dumasının dəvəti ilə Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti iyunun 4-5-də Rusiyanın paytaxtı Moskva şəhərində rəsmi səfərdə olub. Səfər çərçivəsində Milli Məclis Sədrinin ölkənin Federal Məclisinin Federasiya Şurasının və Dövlət Dumasının rəhbərliyi ilə görüşləri keçirilib. MM-dən verilən məlumata görə, Parlament Sədrinin Rusiya Dövlət Dumasının spikeri Sergey Narışkinlə görüşü barədə İTAR-TASS agentliyinin yaydığı məlumatda yanlışlığa yol verilərək bildirilib ki, guya ATƏT Parlament Assambleyasının Bakıda keçiriləcək iyun sessiyasında Azərbaycan tərəfi Ukrayna məsələsində Rusiyanın mövqeyini müdafiə edəcək. Bildiririk ki, adı çəkilən görüşdə parlamentlərarası əlaqələrin gələcək inkişaf perspektivləri, ikitərəfli əməkdaşlığın daha da dərinləşdirilməsi ilə yanaşı, regional məsələlər müzakirə olunsa da Milli Məclisin sədri tərəfindən belə bir fikir səsləndirilməyib. Azərbaycan Ukraynanın və bütün ölkələrin ərazi bütövlüyünü dəstəklədiyini müxtəlif səviyyələrdə, o cümlədən nüfuzlu beynəlxalq qurumlarda aydın şəkildə ifadə edib, ancaq bu məsələ ilə əlaqədar Rusiyaya qarşı sanksiyaların tətbiq edilməsinin əleyhinə olduğunu vurğulayıb. Ölkəmiz bu cür problemlərin beynəlxalq hüquq müstəvisində, danışıqlar yolu ilə həllinə tərəfdardır. Bir daha bildiririk ki, müstəqil Azərbaycanın parlament diplomatiyası milli maraqlara, beynəlxalq hüququn norma və prinsiplərinə söykənir.