Moskvanın “Yeni SSRİ” planına qarşı Türk Birliyi

IV Türk Zirvəsi Turan Birliyi yolunda mühüm addım sayıla bilər

Türkiyənin Bodrum şəhərində keçirilmiş Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) IV Zirvə toplantısı tarixə döndü. Bu dəfəki toplantı bölgədə baş verən  mühüm geopolitik hadisələrlə eyni vaxtda reallaşdığından böyük əhəmiyyət kəsb edirdi. Türk zirvəsi bir sıra önəmli nüansları ilə yadda qaldı. Bu dəfəki toplantıda Türkiyə Cümhuriyyəti, Azərbaycan, Qazaxıstan,  Türkmənistan və Qırğızıstan respublikaları dövlət başçıları səviyyəsində təmsil olunurdu.

***  ***  ***

Türk zirvəsi Azərbaycan dövlət başçısı İlham Əliyevin mesajları ilə yadda qaldı. Prezident türk birliyinin önəmini bir daha vurğuladı: "Bizim birliyimizin təməlində əlbəttə ki, ortaq köklər, ortaq mədəniyyət, tarix dayanır və bu gün biz bu möhkəm təməl üzərində gözəl əməkdaşlıq yaradırıq. Buna görə, TÜRKSOY-un gələcəkdə də fəaliyyətini gücləndirmək üçün əlimizdən gələni edəcəyik. Siyasi məsələlərin həllinə gəldikdə, beynəlxalq təşkilatlarda qarşılıqlı dəstəyə böyük ehtiyac vardır. Mən çox şadam ki, biz üzv olduğumuz təşkilatlarda bir-birimizi dəstəkləyirik, xüsusilə BMT-də, İslam Əməkdaşlıq Təşkilatı, ECO təşkilatı çərçivəsində bir-birimizin dəstəyini hiss edirik, görürük". Azərbaycan Prezidenti bildirdi ki,  ölkələrimizin üzv olmadığı bəzi təşkilatlarda Əməkdaşlıq Şurasına üzv ölkələrin fəaliyyəti də böyük önəm daşıyır: "Mən bu gün xüsusilə hörmətli Nursultan Nazarbayevin addımını qeyd etmək istəyirəm. O, bu yaxınlarda Astanada Avrasiya İqtisadi İttifaqının təsis toplantısında Ermənistanın bu təşkilata üzvlüyü ilə bağlı Azərbaycan tərəfinin narahatlığını ifadə etmişdir. Biz buna görə hörmətli Nursultan Abişeviçə minnətdarlığımızı bildirmək istəyirik. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir. Bu, əsl dostluq, qardaşlıq addımı idi. Eyni zamanda, bu addım ədalətə və beynəlxalq hüquqa söykənir. Çünki ölkələrin beynəlxalq birlik, BMT tərəfindən tanınan sərhədləri toxunulmazdır. Ölkələrin ərazi bütövlüyü toxunulmazdır". Dövlət başçısı qeyd etdi ki, ərazi bütövlüyü hər bir ölkənin suverenliyini əks etdirən əsas məsələdir: "Bildiyiniz kimi, Azərbaycanın ərazi bütövlüyü uzun illərdir ki, pozulub. Ermənistan Azərbaycana qarşı işğalçılıq siyasəti aparır. Bu siyasət nəticəsində 20 faiz torpağımız işğal altındadır, bir milyondan artıq qaçqın-köçkün vardır. Bizə qarşı etnik təmizləmə siyasəti aparılmışdır, Xocalı soyqırımı törədilmişdir. Bu gün dünyanın 10 ölkəsi Xocalı soyqırımını rəsmən soyqırımı kimi tanıyır. Beynəlxalq təşkilatların bu məsələ ilə bağlı mövqeyi bəllidir. BMT Təhlükəsizlik Şurası Ermənistan işğalçı qüvvələrinin Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxarılmasına dair dörd qətnamə qəbul etmişdir. Əfsuslar olsun ki, bu qətnamələr bu günə qədər icra edilməyib". Prezident bildirdi ki,  Azərbaycan iqtisadiyyatı son illərdə uğurlu inkişaf dövrünü yaşayır: "Hesab edirəm ki, biz Şura çərçivəsində iqtisadi əməkdaşlığı daha da dərinləşdirməliyik. Bu sahədə investisiya layihələrinin icrası xüsusi önəm daşıyır. Deyə bilərəm ki, Azərbaycan hazırda Türkiyəyə böyük həcmdə investisiya qoymağa başlamışdır. Növbəti 5-6 il ərzində bu investisiyaların həcmi ən azı 20 milyard dollar olacaqdır. Hesab edirəm ki, qarşılıqlı investisiyaların qoyuluşu həm bizim maraqlarımızı təmin edəcək, eyni zamanda, birliyimizi daha da möhkəmləndirəcəkdir".
Dövlət başçısı vurğuladı ki, Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisi tarixi hadisədir: "Əminəm ki, gələn ildən başlayaraq bu yol açıq olacaqdır. Beləliklə, yeni dəmir ipək yolu bərpa ediləcəkdir. Bu layihənin həyata keçirilməsi Şuranın bütün üzvləri üçün əlavə fayda gətirəcəkdir". İlham Əliyev qeyd edib ki, enerji sahəsində əməkdaşlıq uğurludur. Bu gün Azərbaycan Xəzərin şərq sahilindən Qərb istiqamətinə neft məhsullarının, neftin nəqlini təmin edir, yəni tranzit rolunu oynayır. Bakı-Tbilisi-Qars dəmir yolu işə düşəndən sonra bu rol daha da artacaqdır: "Biz enerji sahəsində əməkdaşlığı daha da dərinləşdirmək əzmindəyik. Buna nail olmaq üçün bütün imkanlar vardır. Bizi birləşdirən coğrafiya geniş coğrafiyadır. Bizim ölkələrimizin bir neçəsi təbii resurslarla zəngindir. Bu resurslar artıq müxtəlif yollarla dünya bazarlarına çıxarılır. Yəni, həm Türkmənistanın, həm Qazaxıstanın, həm Azərbaycanın müstəqil və çoxşaxəli ixrac yolları vardır".

***  ***  ***

Bodrum zirvəsinin Ukrayna böhranı ilə eyni vaxta təsadüf etməsi bu toplantıya olan marağı artırırdı. Məlumdur ki, hazırkı Rusiya rəhbərlərinin imperiya təfəkkürlü siyasəti MDB məkanında siyasi böhranlara və etnik münaqişələrə yol açıb. Rusiyanı idarə edən "velikorus" zehniyyətli  çevrələrin yanlış siyasəti üzündən 4 keçmiş sovet respublikası etnik münaqişədən əziyyət çəkirdi. Mart ayından bu sıraya Ukrayna da əlavə olundu. Ukrayna xalqının ikinci Maydan inqilabı mühüm geopolitik dəyişmələrə səbəb oldu, Kiyevdə ruspərəst Yanukoviç iqtidarı devrildi. Bundan sui-istifadə edən Rusiya Krım yarımadasını ilhaq etdi, Şərqi Ukraynada separatçı hərəkata rəvac verdi. Mayın 25-də Ukrayna öz yeni prezidentini seçib. Kiyevdə yeni hökumət formalaşmaqdadır. Yeni iqtidar ölkənin ərazi bütövlüyünü təmin etmək çabaları göstərir. Ukraynada seçkinin sakit keçməsinə şərait yaratsa da, Rusiyanın Ukraynadan vaz keçdiyini söyləmək tezdir. Rusiya imperiya maraqlarını sürdürməkdədir. Bunun isbatı Astanada üç dövlətin (Rusiya, Qazaxıstan və Belarus) iştirakı ilə Ukraynadakı seçkidən həmən sonra yeni qurumun-Avrasiya İqtisadi Birliyinin yaradılmasıdır. Qərbdə bu qurumu "Yeni SSRİ"-nin yaradılmasına cəhd kimi qiymətləndirirlər. AİB Avropa dövlətlərini birləşdirən əsas qurum-Avropa Birliyi tipdə bir birlik olmalıdır. Bu günlərdə Rusiya prezidenti Vladimir Putin AİB dövlətlərinin eyni zamanda hərbi blok yaradacağını bildirib. Göründüyü kimi Moskvanın niyyəti ciddidir. Putin "Yeni SSRİ" yaratmaqda israrlıdır. AİB-in məhz Ukrayna seçkilərindən az sonra elan edilməsi Putinin axına qarşı getdiyini, Qərbin demokratiyanın sərhədlərini genişləndirmək siyasətinə qarşı olduğunu bir daha  sübut etdi. Moskva bazar iqtisadiyyatı çağında sosial güzəranından narazı qalmış keçmiş sovet xalqlarının səsini almaq üçün bütün piar vasitələrinə baş vurur. Moskvanın MDB dövlətlərindəki "beşinci kolon"una aid təbliğat ruporları  "Şanlı Sovet keçmişini", "Qüdrətli SSRİ" ni xatırlayır, Avrasiya İqtisadi Birliyinin yeni SSRİ-yə çevrilə biləcəyini əsaslandırmağa çalışırlar. Maraqlıdır ki, AİB-dəki dövlətlərin öz fərdi maraqları var və heç də hamı Putinin istəyincə hərəkət etmir. Putinin niyyəti bəllidir: o, imperiyanı başqa adla bərpa etmək, Moskvanın keçmiş sovet respublikaları üzərində təsirini gücləndirmək, müstəqil dövlətləri öz asılılığına salmaq istəyir. Aleksandr Lukaşenko Putinin imperiya xəyallarına bel bağlamır, yeni SSRİ-nin yaranacağına da inanmır. Onun tək məqsədi demokratiya tələb edən Avropanın təzyiqlərinə sipəri möhkəmləndirmək, müttəfiqlər qazanmaqdır. Lukaşenko AİB-ə Belarusdakı hazırkı iqtisadi və siyasi sistemi qorumaq üçün daxil olub. Türk dünyasının ikinci böyük dövləti olan Qazaxıstanın da öz maraqları var. Qazaxıstan prezidenti Nursultan Nazarbayev olduqca təcrübəli siyasətçidir və zamanı qabaqlamaq istəmir. Ukraynanın aqibətini yaşamaq istəməyən Nazarbayev ölkəsinin bütövlüyünü (əhalisinin 3/1-i rus olan Qazaxıstanda Rusiyanın təxribatları üçün münbit şərait var-müəll.) bu mərhələdə Moskva ilə xoş davranmalı, təklif olunan layihələrdə iştirak etməlidir. AİB-in qurulması prosesinin ən maraqlı tərəfi isə Qazaxıstanın qurumun perspektivi ilə bağlı planlarıdır. Rusiyada türk-müsəlman xalqlarının tədricən  aparıcı etnosa çevrildiyi faktdır. Şəhərlərdə yaşamağa üstünlük verən ruslar ölkənin şərqindən qərbinə axın edirlər. İri şəhərlərdə belə türk-müsəlmanların sayı artır. Ölkə Silahlı Qüvvələrinin orta və yüksək zabit heyəti, ağır atletika üzrə idman yığma komandalarının tərkibi əsasən müsəlmanlardan ibarətdir. Rusiya müsəlmanlarının nüvəsini isə türk xalqları təşkil edir. Bu baxımdan yaxın 40 ildə Rusiyada türklərin aparıcı etnosa çevrilməsi realdır. Bütün bunları hesablayan Nazarbayev görünür, Avrasiya İqtisadi Birliyinin türk birliyinə çevrilməsinə çalışır. Onun Türkiyəni də AİB-ə dəvət etməsi də elə bu məqsədə xidmət edir. Ancaq hazırkı vəzyyətdə AİB Rusiyanın maraqlarına xidmət etdiyindən türk dövlətləri Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının güclənməsinə, gələcəkdə daha sıx və möhkəm birliyin yaradılmasına çalışmalıdırlar.

***  ***  ***

Növbəti toplantılarda Özbəkistanın da Türk Zirvəsinə qatılması lazımdır. Daşkənd yönətimi 90-cı illərdə yaşanmış xoşagəlməz olaylar üzündən Türkiyə Cümhuriyyəti ilə yaranmış narazılığa son qoymalıdır. Xırda umu-küsülərə görə böyük perspektivi olan birlikdən Özbəkistanı kənarda qoymaq tarixi yanlışlıq olardı. Yəqin ki, böyük bir bölgədə-Avrasiyada rus nüfuzunun get-gedə zəiflədiyini, türk təsirinin get-gedə artdığını anlayan Daşkənd doğru qərarlar qəbul edəcək.  Yeri gəlmişkən, son zirvə toplantısı son 20 ildə müstəqil türk dövlətlərinin  milli soy-kökə qayıdışı, mənəvi yaxınlaşması istiqamətində xeyli məsafə qət etdiyini göstərdi. Zirvədə çıxış edən dövlət başçıları ingilis, rus dillərində deyil, öz dillərində-türk dilində danışdılar. Ümid edək ki, gələcəkdə Türk Zirvəsi iştirakçıları tərcüməçisiz- ortaq türkçədə danışacaqlar.


***  ***  ***

Rus şovinizminin  türk dövlətlərinə qarşı təsir rıçaqı rolunu oynamış, lakin realda heç nə qazanmamış, əksinə iqtisadi uçurumun, dövlət kimi məhv olmanın astanasına gəlib çıxmış Ermənistan da ciddi seçim qarşısındadır. MDB və Kollektiv Müdaifə Təşkilatını ciddi quruma çevirə bilməmiş Rusiyanın "Yeni SSRİ" planı da Ermənistana quru vəddən başqa heç nə vermir. Azərbaycanla, Türkiyə ilə qərəzli düşmənçilik (Ermənistan Azərbaycanın ərazilərini işğal edib, Türkiyənin 7 vilayətinə isə iddialıdır-müəll.) üzündən böyük layihələrdən  kənarda qalmış Ermənistanın da türk birliyi ilə əməkdaşlıqdan başqa çarəsi yoxdur. Tarixin təkərini geri döndərmək mümkün deyil. Tarixi proses yeni enerji ilə ortaya çıxmış türklərin xeyrinə, passionarlığın enmə mərhələsinin yaşayan slayyanların ziyanınadır. Ukrayna hadisələri panslavyanizmin sonunu gətirdi. Moskvanın yeganə tutalaqası Avrasiya Birliyi modelidir. Bu məkan isə tarixən türklərə məxsus olub və biz tarixin təkrarlandığı dövrdə yaşayır, yeni bir səhifənin açıldığına şahid oluruq.

 

Elman Cəfərli

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00