Azərbaycanın Ukraynadakı səfirliyindən təkzib
6 İyun 2014 14:29 SiyasətAzərbaycanın Ukraynadakı səfirliyi təkzib açıqlaması yayıb. "OLAYLAR"-ın səfirliyə istinadən verdiyi xəbərdə bildirilir ki, Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədovun iyunun 5-də Moskvada rusiyalı həmkarı ilə görüşündə ATƏT Parlament Assambleyasının cari ilin 28 iyun - 2 iyul tarixlərində Bakıda keçiriləcək 23-cü illik sessiyasında Azərbaycanın Ukrayna məsələsi ilə əlaqədar Rusiyanın mövqeyini dəstəkləyəcəyini bəyan etdiyi barədə İTAR-TASS agentliyinin yaydığı məlumatın həqiqətlə heç bir əlaqəsi yoxdur. Azərbaycan Milli Məclisinin sədri belə bir mövqe bildirməyib. Çünki, Azərbaycan Respublikasının mövqeyi məlumdur və birmənalıdır. Bu cari ilin mart ayında BMT Baş Assambleyasında Krımla əlaqədar səsvermədə Azərbaycanın Ukraynanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləməsində açıq ifadə olunub. Azərbaycanın Ukraynadakı səfirliyi belə hesab edir ki, adıçəkilən agentliyin yaydığı xəbər qərəzli xarakter daşıyır və Azərbaycan-Ukrayna münasibətlərinə kölgə salmağa yönəlib.