“Rusiya KTMT və Avrasiya İttifaqından bir qurum yaratmaq istəyir” - AÇIQLAMA
Rasim Musabəyov: “Qazaxıstan prezidenti Nursultan Nazarbayev ittifaqın siyasiləşməsinin əleyhinə çıxış edib”
6 İyun 2014 14:25 Siyasət"Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı yaxın gələcəkdə Avrasiya İttifaqının hərbi qurumu olacaq" - bu sensasiyalı bəyanatla Belorus prezidenti Aleksandr Lukaşenko çıxış edib. Məsələyə münasibət bildirən millət vəkili Rasim Musabəyov "olaylar.az"a açıqlamasında bildirib ki, KTMT-nin gələcəkdə Avrasiya İttifaqının hərbi qurumu olacağını istisna etmək olmaz. R.Musabəyovun sözlərinə görə, Qazaxıstan prezidenti Nursultan Nazarbayev ittifaqın siyasiləşməsinin əleyhinə çıxış edib. Millət vəkili qeyd edib ki, qurumun yaradılmasına dair müqavilə imzalananda bu məsələ nəzərdə tutulmayıb: "KTMT və Avrasiya İttifaqının tərkiblərinin eyni olmasına baxmayaraq, hərbi birləşmə Aİ-yə qəbul ediləndən sonra kənarda bir Tacikistan qalacaq. Tacikistan da Avrasiya İttifaqına üzv ediləndən sonra tərkib tamamilə eyniləşəcək. Hərhalda Nazarbayev qurumun siyasiləşməsinin əleyhinə çıxış edib". Rasim Musabəyov KTMT-NİN Avrasiya İttifaqına birləşdirilməsinin mahiyyət etibarilə heç nə ifadə etmədiyi qənaətindədir. R.Musabəyovun sözlərinə görə, Rusiya iki qurumdan bir ittifaq yaratmaq niyyətindədir. "Moskvanı daha çox Avrasiya İttifaqının siyasi birlik olması maraqlandırır" - deyə Rasim Musabəyov bildirib. Politoloq Vəfa Quluzadə də birləşmənin baş tutmayacağını deyir. V.Quluzadənin sözlərinə görə, birləşmə baş tutsa belə bu heç bir məna verməyəcək. ("OLAYLAR İA")