Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı başa çatdı

 İyunun 5-də Türkiyənin Bodrum şəhərində Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işə başlayıb. Toplantıdan əvvəl Abdulla Gül prezidentlərlə təkbətək görüş keçirib. Toplantıda Türkiyə prezidenti Abdullah Gül, Azərbaycan prezidenti İlham Əliyev, Qazaxıstan prezidenti Nursultan Nazarbayev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Türkmənistan prezidenti Qurbanqulu Berdımuhəmmədov, eləcə də adı çəkilən ölkələrin xarici işlər, mədəniyyət və turizm nazirləri iştirak ediblər. Sammiti açıq elan edən Türkiyə prezidenti Abdullah Gül Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yaradılmasının zərurətdən doğduğunu bildirib. Abdulla Gül türkdilli dövlətlərlə əlaqələrin genişlənməsində bu təşkilatın böyük rolu olduğunu bildirib. O qeyd edib ki, təşkilat çərçivəsində dövlət başçıları arasında əlaqələr də səmərəlidir və bu da öz növbəsində ikitərəfli münasibətlərin inkişafına xidmət edir. 2009-cu ildə Naxçıvan zirvə toplantısında təsis olunan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının ötən dövrdə böyük inkişaf yolu keçdiyini deyən Abdulla Gül bu ilki zirvə toplantısının mövzusunun turizmə həsr olunduğunu diqqətə çatdırıb, bu istiqamətin ölkələr arasında işbirliyinin genişlənməsində mühüm rol oynayacağını vurğulayıb. Sonra prezidenti İlham Əliyev və digər dövlət başçıları da çıxış ediblər. Zirvə toplantısının birgə bəyannaməsi, Türk Şurası baş katibinin və müavinlərinin təyin olunması, eləcə də Türk Akademiyasının prezidentinin seçilməsi ilə bağlı qərar imzalanıb. Qərara əsasən, Ramil Həsənov Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının yeni baş katibi seçilib. Türk Akademiyasının prezidenti vəzifəsinə isə Darxan Kıdırəli təyin olunub. Bununla da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı işini başa çatdırıb. Qeyd edək ki, Türkmənistan prezidenti bu il dördüncü dəfə keçirilən zirvə toplantısına ilk dəfə qatılır. Zirvə toplantısı başa çatdıqdan sonra Azərbaycan, Türkiyə və Türkmənistan prezidentlərinin birgə görüşü olub. Görüşdə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV Zirvə toplantısının xalqlarımız və ölkələrimiz arasında əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət etdiyi bildirilib. İlham Əliyev, Abdulla Gül və Qurbanqulu Berdiməhəmmədov ölkələrimiz arasında müxtəlif səviyyəli görüşlərin əhəmiyyəti vurğulayıblar, qarşılıqlı əlaqələrin regional əməkdaşlığın daha da möhkəmləndirilməsi baxımından önəmini qeyd ediblər. ("OLAYLAR" İA)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00