Türkdilli dövlətlər vahid mövqedən çıxış etməyə maraqlıdırlar
5 İyun 2014 18:08 SiyasətTürkiyənin Bodrum şəhərində keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının IV zirvə toplantısı Türk dünyasının inteqrasiyası istiqamətində olan mühüm tədbirlərdən biridir. Belə bir açıqlama ilə çıxış edən politoloq Ramiz Alıyev "OLAYLAR"-a deyib ki, 2009-cu ildən bəri keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının zirvə toplantısı türk xalqları arasında birlik və bərabərliyin simvoluna çevrilib: "Artıq hər bir türk respublikası bu zirvə görüşündə ən yüksək səviyyədə təmsil olunmağa maraq göstərir. Əgər əvvəllər Azərbaycan və Türkiyə istisna olmaqla digər türk respublikaları zirvə görüşündə baş nazir və ya digər rəsmilər səviyyəsində təmsil olunurdusa, indi artıq bütün ölkələr zirvə görüşünə prezidentlər səviyyəsində qatılır. Bu da onun göstəricisidir ki, müasir dövrümüzdə, qlobal təhdidlərin artdığı bir zamanda türkdilli dövlətlər vahid mövqedən çıxış etməyə, hansısa təhlükələlərə qarşı ortaq bir mövqe ortaya qoymağa maraqlıdırlar". Politoloqun sözlərinə görə, bu da öz-özlüyündə Türk Birliyinin yaranması prosesini sürətləndirmiş olur.