Rus jurnalistlərdən Azərbaycana hörmətsizlik
Bir neçə idman jurnalisti Qarabağa qanunsuz səfər edib
4 İyun 2014 17:52 SiyasətRusiyanın bir neçə tanınmış idman jurnalisti Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə qanunsuz səfər ediblər. Səfər Moskvada yaşayan "Avineks" şirkətinin rəhbəri, FİFA tərəfindən tanınmayan Beynəlxalq Həvəskar Futbol Assosiasiyasının təsisçisi və Qarabağ müharibəsinin iştirakçısı Armen Barxudaryanın təşəbbüsü ilə baş tutub. Onlar mayın 31-də Xankəndidə 8 yerli, 2 Moskva komandasının yarışdığı futbol turnirində iştirak edib. Moskva komandasının tərkibində Rusiyanın "NTV Plyus" telekanalının əməkdaşı, əslən Bakı ermənisi olan Nobel Arustamyan, "R-Sport" idman agentliyinin müxbiri Maksim Allanazarov, "Perest" telekanalının idman müxbiri İqor Kıtmanov, "NTV Plyus"un şərhçisi Filipp Kudryavtsev də var. Onlar Xankəndidə çəkdirdikləri şəkli sosial şəbəkələrdə yayımlayıb.
Azərbaycan Xarici İşlər Nazirliyinin icazəsi olmadan Dağlıq Qarabağa istənilən səfər qeyri-qanuni hesab edilir. Bu səfərə gedən şəxslər rəsmi Bakı tərəfindən "persona-non-qrata" (arzuolunmaz şəxs) elan olunur. Bu halda onların Azərbaycan ərazisinə girişinə qadağa qoyulur. Nazirliyin mətbuat katibi Elman Abdullayevin sözlərinə görə, məsələ araşdırılır və təsdiqlənəcəyi təqdirdə lazımi tədbirlər görüləcək. ans