Litvada Dağlıq Qarabağla bağlı konfrans keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının xarici QHT-lər üçün qrant proqramına uyğun olaraq maliyyələşdirdiyi Litvanın "Geosiyasi Araşdırmalar Mərkəzi"nin layihəsi çərçivəsində Vilnüs Universtetində "Dağlıq Qarabağ probleminə geosiyasi perspektivlər prizmasından baxış" mövzusunda konfrans keçirilib. Toplantıda çıxış edənlər Litva ictimaiyyətində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə və Xocalı soyqırımına münasibətin beynəlxalq hüququn prinsiplərinə uyğun şəkildə dəyişməsi tendensiyasını müşahidə etdiklərini qeyd ediblər. Konfrans iştirakçıları son illərdə iki ölkənin vətəndaş cəmiyyətləri arasında əlaqələrin inkişafı nəticəsində Litva ictimaiyyətinin artıq Ermənistanın Azərbaycana qarşı işğalçılıq siyasəti yeritməsi və Xocalı soyqırımı haqqında məlumatının artdığını qeyd ediblər. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ probleminin meydana çıxma səbəblərinə tarixi ekskursiya edən məruzəçilər münaqişənin sülh yolu ilə və beynəlxalq hüququn tələblərinə uyğun olaraq həll edilməsinin vacibliyini vurğulayaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiklərini bildiriblər. Konfransda "Konfliktin həllinə mane olan səbəblər", "Xocalı soyqırımının dünyada baş verən kütləvi qətliamlarla müqayisəsi", "Ərazi bütövlüyünün mərkəzi hakimiyyətin razılığı olmadan keçirilən lokal referendumlarla pozulmasının yolverilməzliyi", "Etnik prinsiplər əsasında ölkələrin parçalanması: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi timsalında", "Kənardan Qarabağ probleminə baxış" və digər mövzularda məruzələr dinlənilib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 050 333 88 00